Ana Vətən ona oğul deyib

post-img

Mirvarid Dilbazinin belə misraları var:  

Elə qadınlar da böyüdüb vətən,

Günahdır onlara kişi deməsəm.

Mənə elə gəlir ki, bu poetik qiymət Birinci Qarabağ müharibəsinin iştirakçısı, Müdafiə Nazairliyinin Bərdə özünümüdafiə batalyonunda sosial müdafiə üzrə ilk qadın komandir müavini kimi şərəfli vəzifə daşımış təqaüdçü polis mayoru Aidə  Şirinova haqqındadır.  

Sağlığında əfsanəyə, nağıla çevrilən, dastanlaşan, qeyrət və hünərləri ilə tomrislərin, nüşabələrin, burlaxatunların çağdaş varislərindəndir Aidə Şirinova. O, qanlı-qadalı döyüş meydanında Vətən oğullarının, igid dostlarının “qız qardaşı”, həm də saçlarını oğlansayağı kəsdirdiyinə görə “Qaqa”sı olub. Bu gün onun günüdür, müdriklik yaşını haqlayıb. 65  illiyini şan-şöhrətlə qarşılayıb.    

Bərdə şəhərində doğulub,  orada orta məktəbi bitirib. 1976–1981-ci illərdə Bədən Tərbiyəsi İnstitutunda (indiki İdman Akademiyası) ali təhsil alıb. Bərdə Uşaq-Gənclər İdman məktəbində metodist və 2 saylı məktəbdə idman müəllimi işləyib. Qanlı yanvar hadisələrindən, Ermənistanın torpaqlarımıza xaincəsinə təcavüzündən, Xocalı soyqırımından sonra heç kimin, hətta onu yolundan döndərməyə cəhd göstərən anasının sözünə məhəl qoymadan yolunu qətiləşdirib, döyüş meydanına atılıb. Quduz düşmən Qarabağa və ətraf ərazilərə göz dikdiyi    illərdə ən qaynar nöqtələrdə olub. Şuşada, Ağdərədə polis şöbələrində çalışıb. Sonra Çaylı əməliyyatından başlanan döyüş yolu Tərtər, Ağdərə, Marquşevan, Marağa, Aşağı və Yuxarı Çaylı, Həsənqaya, Gülüstan, Dəmirçilər, Ortakənd, Vaqauz, Talış, Qasapet, Drambon, Çıldıran kəndlərindən keçib.    

“Aslanın erkəyi, dişisi olmaz” deyib qədirbilən babalarımız. O da Azərbaycanın hərb tarixində izi qalan qəhrəman qadınlarımız Salatın Əsgərova, Qaratel Hacımahmudova, Gültəkin Əsgərova kimi Vətəni mərdliklə qoruyub. Aidə Şirinova müsahibələrinin birində deyib: “O vaxt Uzundərədə olan hərbi hospitalda 40 tibb bacısı və həkim çalışırdı. Onlar cəbhədə yaralanan əsgərlərə yardım etməyə getmişdi. Bəzən onlar yaralı əsgərlərə öz qanından qan çəkib vururdular. Qadınların mübarizədə fəallığını görən əsgərlərin ruh yüksəkliyi artırdı və son damla qanlarına kimi döyüşürdülər”.

Döyüşçü Aidə xanımın qəlbi həm də ilahi sözlə qoşa vurur, könül duyğularını vətənpərvərlik şeirləri ilə oxucularına çatdırır. “Ey Türk oğlu, qalx ayağa” adlı kitabı da var. Əsas mövzusu Vətəndir, anadır, qəhrəmanlıqdır, düşmənə nifrətdir. Həm silahı, həm də qələmi ilə xalqına xidmət edən xanım döyüşçünün şeirləri hərbi marşlar kimi qanımızı coşdurur. Bu döyüş nəğmələri onun kimliyinin  göstəricisidir. Şeirləri həm də  öz avtoportretidir:

Vətən mənə doğul dedi,

Anam mənə oğul dedi.

Düşmənlərin başı üstə,

Şimşək kimi çaxıl, dedi.

Onu Vətən yetişdirib, sevib-seçib hünər, qəhrəmanlıq meydanına göndərib. Ana Vətənin səsinə səs, harayına hay verən Vətən qızı millətinin üzünü ağ, başını uca edib. Bayrağımızın Qarabağın bütün zirvələrində ucaldılmasını istəyib:  

Bu xalq üçün alışıb ürəyindən yananlar,

İstəyi qəlbdə qalıb, qəlbi bərbad olanlar,

Bəsdir tapdaq altında inlədi torpağımız,

Bütöv Azərbaycanda ucalsın bayrağımız!

Böyük Zəfərlə bitən 44 günlük savaşımıza Ali Baş Komandan və Azərbaycan Ordusu “Qarabağ Azərbaycandır!” hayqırtısı ilə nida işarəsi qoydu. Buna ən çox sevinən və öyünməyə haqqı olanlardan biri də gəncliyinin 6 ildən çoxunu ön cəbhədə, soyuq və nəmli səngərlərdə keçirən Aidə Şirinovadır:

Bütövlükdür Türk davası,

Bu savaş yox, qana-qandır,

Qarabağ Azərbaycandır!..

Son nöqtəmiz İrəvandır,

Qarabağ Azərbaycandır!

Ədəbiyyatımızda Aidə xanımın mənalı ömür, cəsur döyüş yoluna həsr olunmuş əsərlər də var. Ramiz Təmkinin “Bir qız tanıyıram”, Məhbubə Ömərin   “Qəhrəmanlar döyüşür yurdu yaşatmaq üçün” poemaları, Canalı Mirzəliyevin “Müqəddəs hissin təzahürü” sənədli hekayəsi belə uğurlu nümunələrdir. Məhbubə Ömər poemasında Aidə Şirinovanı “ölümü gözüylə görən şahid, Vətən yolunda canlı şəhid” kimi təqdim edir.

Qəhrəmanımız atəşkəs dövründə neçə il Qaradağ, Nəsimi Rayon Polis İdarələrinin uçot-qeydiyyat, yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölmələrinin inspektoru olub.

Beş il əvvəl Aidə Şirinovanın 60 illiyini Mirbvarid Dilbazi Poeziya Məclisi İB olaraq  Atatürk Mərkəzində qeyd etdik. Gördük ki, onunla görüşdən hamı sevinc duyur, fərəhlənir. Ondan da əvvəl Tahir Bağırov adına 59 saylı məktəbdə təşkil edilən mərasim yaddaqalan oldu. O zamanlar hələ əzəli torpaqlarımız işğal altında idi, amma Aidə xanım böyük inamla deyirdi ki, azad Qarabağa mütləq qovuşacağıq. Ömrü bir məktəb olan, Vətənə ömründən ömür xərcləyən Aidə xanıma bu sevinci  yaşamaq qismət oldu. Prezident, Ali Baş Komandan İlham  Əliyevin, şanlı Ordumuzun, xalqımızın birliyinin sayəsində.

Gününüz mübarək, Aidə Şirin!

Güllü Eldar TOMARLI,
Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri

 

Mədəniyyət