Uşaqların çağdaş əyləncə mərkəzi

post-img

Böyük türk şairi Nazim Hikmət uşaqlara yazdığı  şeirlərindən birində belə deyib: “Dünyayı verelim çocuklara”. O səbəbdən ki,  usaq dunyası  pak bir aləmdir və bizi səmimiyyətə, unsiyyətə səsləyir. Elə bu  ovqatla Bakıdakı “Dəniz mall”ın 5-ci qatında qərarlaşan “Sky park”a daxil olduq və uşaqlar üçün yaradılan şərait bizdə xoş ovqat  oyatdı.

Bu məqamda sevimli şairimiz Abdulla Şaiqin də misralarını xatırladım:

Doğdu günəş qırmızı,

Can gülüm, can-can.

Topladı oğlan qızı,

Can gülüm, can-can...

 Elə bil, bu gün, bu an üçün qələmə alınmış misralardır. Balacalar günəşli, xoş gündə burada əylənir, yeni dostları ilə ünsiyyətə girirdilər. Qurucusu Ulu öndər Heydər Əliyev olan, dünyaya günəş kimi doğan müstəqil Azərbaycanımızın gələcəyi olan bu uşaqlarla bir arada olmaq, eyni ovqatı paylaşmaq çox xoş idi.

Fürsətdən istifadə edib  “Sky zone” şirkətinin direktoru Kamran Əliyevlə söhbətləşdik. Onun sözlərinə görə, bu əyləncə mərkəzi 2021-ci ildən fəaliyyət göstərir və yaş məhdudiyyəti yoxdur. Balacalarla yanaşı, böyüklərin də üz tutdugu əyləncə mərkəzində 5 yaşa qədər uşaqlar valideyn nəzarəti ilə yuxarı yaşlılar isə sərbəst şəkildə oyun meydançalarına daxil ola bilərlər.

Ümumu sahəsi 1000 kvadratmetr olan “Sky park”da qonaqlar multi idman arenası, dırmaşma divarı, maili trambolinlər və döyüş şüası olan köpük çuxuru, ip çuxuru, zipline kimi attraksionlardan istifadə edə bilərlər. Oyun zalına daxil olmaq üçünsə bəzi qaydalara əməl etmək lazımdır: oyun zonasına aksesuarla daxil olmaq olmaz, 1 batutda 1 nəfər tullana bilər və s.

Kamran Əliyev onu da bildirdi ki, “Sky park”da məktəblər, siniflərarası  turnirlər, ad günləri həyata keçirilir. Eləcə də turnirlər, kampaniyalar, qiymətlər “Sky park”ın instagram və facebook hesablarında öz əksini tapır.

Söhbət edə-edə  uşaqların oyun meydançasında necə həvəslə əyləndiklərini görməmək mümkün deyildi. Əyləncə mərkəzinin ərazisinə aid olan kafedə istirahət edə-edə onların oyunlarını izləyib fərəhlənən valideynlərlə də söhbətləşdik. Onlardan biri – Qazaxıstandan ailəlikcə qonaq gəlmiş Zaur Soltanov qeyd etdi ki, “Sky park” çox yaxşı xidmət, uşaqların zamanı şən  keçirməsi və əylənməsi üçün mükəmməl məkan təqdim edir.

Bundan əlavə, “Dəniz mall”da uşaqlar üçün yaradılmış şəhər – Kinderland də fəaliyyət göstərir. 4–14 yaşarası uşaqlar burada 60-dan çox məşğuliyyəti təcrübədən keçirə bilərlər.

Aynur Hilali

 



Mədəniyyət