Azərbaycan Yazıçılar Birliyi – 90
Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Yazıçılar Birliyinin 90 illik yubileyi münasibətilə ədəbi-bədii gecə keçirildi. Təntənəli mərasimdə Azərbaycanın görkəmli qələm sahibləri, eyni zamanda Turan ellərindən, Türk dünyasından dəvət olunmuş şair və yazıçılar, söz sahibləri iştirak edirdilər.
Ədəbi-bədii gecəni Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu açaraq sözü Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anara verdi. AYB-i ruh etibarı ilə 90 yaşlı bir gənc adlandıran Anar ötən onilliklərdə yaradıcılıq qurumunun şərəfli, eyni zamanda mürəkkəb bir yol keçdiyini söylədi:
– 30-cu illərin repressiyalarında bir çox yazıçılarımız haqsız olaraq qurban getdi. Biz, Yazıçılar Birliyi olaraq onların xatirəsini əbədiləşdirmək üçün memorial lövhə asmışıq. Keçmiş SSRİ respublikalarının heç birində belə bir iş görülməyib. Müstəqillik dövrümüzün əvvəlləri də bizim üçün ağır oldu. Çünki düşmənlərimiz Qarabağ məsələsini ortaya atdılar, torpaqlarımız işğal olundu. Bu dövrdə də Yazıçılar Birliyi mübarizənin önündə gedirdi. Məhz həmin illərdə Azərbaycan yazıçıları öz əsərləri ilə çıxışlar edirdi. İlk etirazlar da Yazıçılar Birliyi tərəfindən gəldi. Xalq Kommunist Partiyasına inamını itirəndə, etiraz edəndə Yazıçılar Birliyi onun səsinə səs verdi. Hətta torpaqlarından qovulmuş həmvətənlərimizin bir hissəsini Yazıçılar İttifaqının Yaradıcılıq Evlərində yerləşdirdik. Ən ağır günlərdə xalqımız üçün əlimizdən gələni edirdik. Biz özümüzə borc bilirdik ki, xalqımızla birgə olaq. Həmin ağır günlərdə Yazıçılar İttifaqı parçalanmadı, hamımız bir olduq. Sözümüzü birgə dedik.
Ulu öndər Heydər Əliyev 2-ci dəfə siyasi hakimiyyətə gələndən sonra Yazıçılar Birliyinə də 2-ci nəfəs verildi. O bizimlə bütün problemlərin həlli ilə bağlı öz sözünü deyirdi. Ədəbiyyatımıza, şeirə, sənətə Ulu öndərin qayğısı sayəsində Azərbaycan Yazıçılar Birliyinin işində yeni bir mərhələ başlandı. Biz həmin qayğını bu gün görkəmli dövlət xadimi İlham Əliyevdən görürük. Azərbaycanın söz, qələm əhli dövlətin tam qayğısı ilə əhatə olunub, ona görə də bu bayram günündə mən öz adımdan və Azərbaycan Yazıçılar Birliyinin çoxminli üzvləri adından cənab İlham Əliyevə təşəkkürümü bildirirəm.
AYB sədri Anar yubiley tədbirinə qatılan Türk Cümhuriyyətləri ilə birlikdə Şuşaya səfər edildiyini bildirdi:
– Bilirsiniz ki, bir neçə gün əvvəl Şuşada Türk dövlətlərinin qeyri-rəsmi zirvə toplantısı keçirildi. Ardınca isə həmin tədbirin davamı olaraq, özbək, qırğız, qazax, türk qardaşlarımız – şair və yazıçılar Şuşada gedən quruculuq işləri ilə tanış oldular. Bu qədim Azərbaycan torpağının ab-havası ilə nəfəs aldılar. Və bir də gördülər ki, bu 30 ildə biz nələr çəkmişik. Qonaqlarımıza bizimlə birgə olduqlarına və bayramımızda iştirak etdiklərinə görə minnətdarlıq edirəm.
AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli yubiley münasibətilə təbriklərini çatdırdı, Azərbaycan Yazıçılar Birliyinin 90 illik tarixinin bəzi səhifələrini vərəqlədi:
– Azərbaycan Yazıçılar İttifaqı 1934-cü il iyunun 13-də yaradıldığı gündən xalqın səsi, yazan əli olmuşdur. Bir zamanlar ədəbi birliklər və məclislər tərkibində formalaşan bu İttifaqın üzvləri Azərbaycanın ictimai fikir tarixində, milli məfkurənin formalaşmasında böyük rol oynamışlar. Bu gün hörmətlə bu təşkilata rəhbərlik edən mərhum söz ustadlarının adlarını çəkməklə onların misilsiz zəhmətini bir daha hər birinizin xatirinə salmaq istəyirəm. AYB-nin ilk rəhbəri Məmmədkazım Ələkbərlinin, Seyfulla Şamilovun, Rəsul Rzanın, Səməd Vurğunun, Süleyman Rəhimovun, Mehdi Hüseynin, Mirzə İbrahimovun, İsmayıl Şıxlının və Sizin – Anar müəllimin adlarını qürurla çəkirəm. Bu insanların hər biri Azərbaycan mədəniyyətinə, ədəbiyyatına böyük xidmətlər göstərmişlər. Azərbaycan dilinin formalaşmasında, inkişaf etdirilməsində bu təşkilatın xidmətləri əvəzsizdir. Onu da qeyd edim ki, AMEA Azərbaycan Yazıçılar Birliyi ilə birgə bir çox layihələri həyata keçirir, əməkdaşlıq edir.
14 iyul 1969-cu ildə görkəmli dövlət xadimi Heydər Əliyev siyasi hakimiyyətə gəlmişdir. 55 il əvvəl Azərbaycana rəhbərlik etməyə başlayan Heydər Əliyev cəmiyyətin bütün sahələrinə qayğı göstərərkən qələm, söz əhlinin fəaliyyətini ön plana çəkmiş, Azərbaycan Yazıçılar Birliyinin inkişafı üçün diqqətini əsirgəməmişdir. Sizin bayramınızın məhz belə bir tarixi gündə keçirilməsində də sanki bir bağlılıq vardır. Çünki Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə ədəbiyyata, söz, qələm sahiblərinə ən yüksək səviyyədə diqqət göstərmişdir. Bu gün sevindirici haldır ki, Ümummilli liderin siyasi ideyaları dövlət rəhbərimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün də AYB Prezidentin diqqət və qayğısı ilə əhatə olunmuşdur.
Ədəbiyyat və mədəniyyət hər bir xalqın inkişafında müstəsna rol oynayır. Bu mənada Anar müəllimin rəhbərlik etdiyi təşkilatın uğurları müstəqilliyimiz dövründə öz bəhrəsini verməkdədir. AYB sanki bu yolda bir açar rolunu oynayır. Çünki sizin fəaliyyətiniz ictimai fikrin, milli mənsubiyyətin inkişaf etdirilməsində əvəzsiz rola malikdir. 90 illik tarix Azərbaycan ədəbiyyatına böyük, nadir simalar bəxş etmişdir. Müstəqillik dövründə qazanılan uğurlarımızda sizin də xidmətləriniz danılmazdır. AYB, başlıca olaraq, Azərbaycançılıq ideyalarına xidmət etmişdir. Bundan sonrakı fəaliyyətinizə uğurlar diləyirəm.
Mədəniyyət nazirinin müavini Fərid Cəfərov nazir Adil Kərimlinin təbriklərini ədəbi-bədii gecənin iştirakçılarına çatdıraraq dedi:
– Bugünkü tədbirdə qardaş ölkələrin yazıçı və şairləri iştirak edir. Onlara da xoş gəlmisiniz, deyirəm. Daha doğrusu, onlar öz vətənlərinə gəliblər. Azərbaycan Yazıçılar Birliyi 90 illik tarixi ərzində keşməkeşli bir həyat yaşamışdır. Azərbaycan mənəviyyatının, dilimizin qorunmasında və gənc nəslə aşılanmasında şair və yazıçılarımızın yazdıqları əsərlərin rolu böyükdür. Müstəqillik illərimizdə, 30 ilə yaxın davam edən işğal illərində AYB elə bir fəaliyyət göstərmişdir ki, gənclərimiz milli-mənəvi ruhda böyümüşlər. Bu illərdə yazılan əsərlərin rolu böyükdür. 44 günlük müharibədə qələbəmizin qazanılmasında, böyük Zəfərə imza atmağımızda, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşməyimizdə şair və yazıçılarımızın xidmətləri böyükdür.
Azərbaycan Yazıçılar Birliyinin bundan sonrakı fəaliyyəti özündə Zəfər tariximizi yazıb-yaratmağı, mədəni irsimizi mühafizə etməyi, dilimizin saflığını qoruyub saxlamaq kimi dövlət əhəmiyyətli məsələlərin həyata keçirilməsində yaxından iştirakı ehtiva edəcək. Bu müqəddəs işdə qələm sahiblərinə uğurlar diləyirəm. Növbəti həftədə AYB ilə birgə Vaqif Poeziya Günlərində iştirak edəcəyik. İnanıram ki, AYB ilə Mədəniyyət Nazirliyinin birgə layihələri, tədbirləri dövlətimizin uğurlarının ictimaiyyətə çatdırılmasında mühüm rol oynayacaq.
Türkiyənin görkəmli şairi Ataol Bəhramoğlu çıxış edərək, Azərbaycan Yazıçılar Birliyini 90 illik yubileyi münasibətilə həmkarları adından təbrik etdi və bildirdi ki, bu gün türk dünyasında Azərbaycanın 44 günlük Zəfər yolundan qürurla danışılır. Və qəhrəmanlıq göstərən Azərbaycan oğulları haqqında əsərlər yazılmağa başlayıb. Qədim Şuşa torpağında bir daha xalqınızın ulu köklərinin sarsılmaz olduğunu yəqin etdik. Qarabağa səfərlərimiz bizi çox düşündürür, yeni-yeni əsərlər yazmaq üçün ruhumuz bizə deyir ki, bu möhtəşəm türk xalqının qəhrəmanlığı bütün dünyaya bəyan edilməlidir. Azərbaycan Yazıçılar Birliyi ilə bundan sonra da birgə işləyəcəyik.
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, İLESAM-ın rəhbəri, şair Mehmet Nuri Parmaksız, “Türk Ədəbiyyatı” dərgisinin baş redaktoru İmdat Avşar, qırğızıstanlı şair, tərcüməçi Joldokbek Monoldorov, Özbəkistan Yazıçılar Birliyinin sədr müavini Minhaciddin Mirzo da öz çıxışlarında AYB-nin türk dünyasındakı fəaliyyətini yüksək qiymətləndirdilər və səmimi təbriklərini çatdırdılar.
AYB-nin Ağsaqqallar Şurasının sədri, Xalq şairi Nəriman Həsənzadə, Xalq şairi Sabir Rüstəmxanlı, AYB-nin 1-ci katibi, Xalq yazıçısı Çingiz Abdullayev, AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov, AYB-nin katibi, Əməkdar incəsənət xadimi, tanınmış yazıçı Elçin Hüseynbəyli, AYB-nin katibi İlqar Fəhmi, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs, 6-cı çağırış Milli Məclisin Mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalı, AYB Güney Azərbaycan şöbəsinin rəhbəri, şair Sayman Aruz öz çıxışlarında 90 illik ömür yolu keçmiş Azərbaycan Yazıçılar Birliyinin onların hər birinin həyatında mühüm rol oynamasından, bu təşkilatın tarixi köklərinin milli-mənəvi körpülərin qurulmasında əvəzsiz xidmətlərindən, XX əsr Azərbaycan ədəbiyyatının korifey sənətkarlarının ədəbi mühitimizin formalaşmasında, inkişaf etdirilməsində, xüsusilə klassik irsə köklənən nəzm, nəsr yaradıcılığının yeni bir mərhələdə, milli ruhda təşəkkül tapmasından və nəhayət, müstəqillik dövründə Azərbaycan Yazıçılar Birliyinin səmərəli fəaliyyətindən söhbət açdılar, birliyin işinə uğurlar arzuladılar.
Ədəbi-bədii gecədə Opera və Balet teatrının solisti Mütəllim Dəmirovun, cənublu ifaçı Aref Mehmandustun ifasında muğamlar səsləndirildi.
TÜRKSOY-un sabiq Baş katibi Düsenbay Kasseinov tədbirdən sonra “XQ”-yə müsahibə verərək dedi:
– Azərbaycanda çox olmuşam. Ümummilli lider Heydər Əliyevlə bir görüşümün tarixçəsindən danışmaq istəyirəm. Dünya siyasətində öz dəst-xətti olan bu dahi insanla yanaşı dayanmaq, onunla təmasda olmaq özü bir xoşbəxtlikdir. Hələ 1997-ci ildə Bakıda bu böyük şəxsiyyətlə görüşən zaman dediklərini bu gün bir daha xatırlamaq istəyirəm: “Biz Qarabağımızı, Şuşamızı mütləq qaytaracağıq”. İnanın, Şuşada bərpa olunmuş 1 nömrəli məktəbin önündə dayanarkən Heydər Əliyevin həmin sözlərini yada saldım və Ulu öndərə bu inamına, uzaqgörənliyinə, İlham Əliyev kimi bir siyasətçini Azərbaycan xalqına bəxş etdiyinə heyran qaldım.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə 2004-cü ildə Qazaxıstanın mədəniyyət naziri olduğum dövrdə Astanada görüşmüşdük. O zaman İlham Əliyev çox gənc idi. Amma məndə ümidverici bir dövlət xadimi təəssuratı yaratmışdı. Hələ illər əvvəl Heydər Əliyev demişdir ki, biz iki dövlət, bir millətik. O, bu frazanı Azərbaycanla Türkiyə arasındakı münasibətlərə istinadən desə də, Prezident İlham Əliyev bu fikrin miqyasını daha da genişləndirərək: “Biz altı dövlət, bir millətik” birliyinin əsasını qoymuşdur. Qarabağa bu səfərimizdə işğaldan azad olunmuş bölgələrdə aparılan quruculuq işlərini görəndə cənab Prezidentin böyük yenidənqurma fəaliyyətinin şahidi oldum və ona ən xoş arzularımı bildirdim.
Mən yubiley tədbirindəki çıxışımda Azərbaycan yazıçılarına davamlı yaradıcılıq uğurları dilədim və Türkiyənin Bolu şəhərində – İstanbulla Ankaranın arasındakı yolun kənarında ucaldılan, Azərbaycan xalqının, eləcə də Türk dünyasının qəhrəmanlıq rəmzi olan Koroğlunun abidəsinin surətini əbədiyyət timsalı olaraq Anar müəllimə təqdim etdim. Çıxışımı isə Türk dünyasının ulu Dədə Qorqudunun duaları ilə belə tamamladım:
Qarlı uca dağlarımız yıxılmasın,
Kölgə salan qoca ağaclarımız kəsilməsin.
Qarpışanda ağ boz atımız büdrəməsin!
Vuruşanda qara polad üz qılıncımız kütləşməsin!
Ümidimiz üzülməsin, qanadlarımız qırılmasın!
Bulaqlarımız qurumasın!
Çıraqlarımız daima yanar dursun – Xalqım heeey!
Vətənimiz, yurdumuz var olsun!
Yubiley gecəsinin sonunda iştirakçılara bu görüşün xoş təəssüratını ifadə edən qızılgüllər paylanıldı. Qoy hər bir qələm sahibinin yaradıcılığı bu güllər kimi daim təzə-tər və ətirli olsun!
Kəmalə ABDİNOVA,
Əli NƏCƏFXANLI,
Elşən AĞALAR (foto)
XQ