Dərmana çevriləndə isə həyat bəxş edir
İlan zəhəri kəskinliyinə görə ən öldürücü zəhər kimi tanınır. Tarix boyu insanlar bu əlsiz-ayaqsız sürünənlərə həyatlarının qənimi, onun zəhərinə isə “ölüm iksiri” kimi baxıblar. Bu da ilanların kütləvi surətdə məhv edilməsi ilə nəticələnib. Yaxşı ki, bu “zəhər dağarcığı” insanlardan gizlənməyi, qorunmağı və nəslini artırmağı bacarıb.
Zaman gəlib ki, alimlər ilan zəhərinin həm də ən şəfaverici vasitə olduğunu, bir çox dərdlərə əlac etdiyini öyrəniblər. İlan təsvirinin təbabətin embleminə çevrilməsi də bununla bağlıdır. Lakin ilanların öz zəhərləri ilə məlhəm mənbəyi olmasından hələ də çoxları xəbərsizdir. İlanlara qədimdən qalma “İlanı görüb öldürməyənə lənət” məsəlinin nəzəri ilə baxanlar isə, onların bir çoxunun zəhərsiz və ehtiyatla davrananda təhlükəsiz olduğundan xəbərsizlik nəticəsində, bu faydalı canlının başını əzirlər. Elə isə gəlin bir daha ilanları olduğu kimi tanıyaq.
Təbii halda ətraf mühitlə tarazlıqda yaşayan bu sürünənlər çevik hərəkətləri və dişlərinin dibindəki zəhərlə öz düşmənlərindən qorunurlar. Zəhər ilanın tüpürcək vəzinin ifrazatıdır. Rəngsiz, sarımtıl, yaxud yaşılaçalan duru maye olan ilan zəhərindən təbabətdə ən nadir, bahalı və təsirli preperatların hazırlanmasında xammal kimi istifadə edilir.
Ən zəhərli ilan sayılan gürzənin 1 qram qurudulmuş zəhəri 80, zınqırovlu ilanda isə bu doza 125 nəfəri öldürməyə bəs edir. İlan zəhərinin tərkibi albumin, qlobilin, ferment, su, duz və s. maddələrdən ibarətdir. Lakin ilan zəhərinin hamısı eyni tərkibdə olmur. Məsələn, gürzə zəhərinin tərkibində qansızmaya səbəb olan toksin, gözlüklü ilanda sinir sistemini zəhərləyən neyrotoksin var. İlan sancmasının əlamətləri də müxtəlifdir. Gürzə sancması ödemə, gözlüklü ilan sancması ürəkdöyünmə, başgicəllənmə, ürəkbulanma və qusmaya səbəb olur, bəzən ölümlə nəticələnir.
Qızıldan qiymətli olan ilan zəhəri müxtəlif xəstəliklərin müalicəsində işlədilir. Zınqırovlu və gözlüklü ilanların zəhəri epilepsiya, bronxial astma, əzələ, xroniki oynaq ağrıları və nevrologiyada istifadə edilir. Vərəm, qaraciyərin qan dövranının pozulması və böyrək xəstəliklərinin ağır formalarında ondan istifadə etmək olmaz.
Vaxtilə zəhər istehsal etmək üçün ölkəmizdə herpetoloji kombinat yaradılmışdı. 1969-cu ildə Zirədə yaradılan həmin müəssisədə 3 minədək zəhərli ilan bəslənilir və onlardan alınan məhsul məlhəm istehsalı üçün Baltikyanı ölkələrə satılırdı. O vaxt hər il ölkəmizdə 20 kiloqram gürzə zəhəri istehsal edilirdi. Tallinndə ondan “Viproslav” mazı hazırlanırdı. Xatırladaq ki, vaxtilə dünyada kristallaşdırılmış zəhər istehsalının yarısı kombinatda saxlanılan ilanlardan əldə edilirdi və ölkəmiz zəhər istehsalına görə dünyada Braziliya və Vyetnamdan sonra üçüncü yeri tuturdu.
Lakin o vaxtdan sonra çox küləklər əsib, çox sellər axıb. Ötən illər ərzində bu qiymətli və əvəzsiz istehsal sahəsi tamamilə unudulub və başlı-başına buraxılıb. Həmin münasibətin nəticəsi olaraq kombinat 1996-cı ildə öz fəaliyyətini dayandırıb, burada bəslənən 300-ə qədər zəhərli ilan isə təbiətin qoynuna buraxılıb. İndi Zirədəki kombinatın yerində yel vurub yengələr oynayır. Uçulub-sökülməkdə olan bina, taybatay açılmış qapılar yeni sahibini gözləyir.
Dünyada 3,5 minə yaxın ilan növünün yalnız 600-ü zəhərlidir. Ümumdünya Səhiyyə Təşkilatı onlardan 200-nün insan üçün təhlükəli olduğunu qeyd edir. Ölkəmizdə yayılmış 28 növ ilandan 22-si zəhərsiz, 6-sı isə zəhərlidir. Ən zəhərli ilan növləri Qafqaz gürzəsi və iri levantin gürzəsi hesab edilir. Qafqaz gürzəsinin bir sancması zamanı 55–60 milliqram zəhər əldə olunur. İlan zəhəri həm də çox baha qiymətə satılır. Qablaşdırılmış halda 1 qram ilan zəhəri 1000, adi halda 250–300 ABŞ dollarına satılır. Qurudulmuş ilan zəhərini 23 il saxlamaq mümkündür.
Kobra və ya “kral eynəkli ilan”ın zəhəri insanın sinir sistemini sıradan çıxarsa da, ən bahalı zəhər hesab edilir. Herpentoloqlar insan qanında maddələr mübadiləsini dayandıraraq ölümə səbəb olan gürzə zəhərini kobra zəhəri ilə bərabər tuturlar.
İlan zəhəri əczaçılıq sənayesi üçün qiymətli tibbi xammal hesab olunur. Ondan müxtəlif xəstəliklərə arşı müalicəvi və profilaktik dərman preparatlarının, qan zərdablarının, heabelə müxtəlif profilaktik kosmetika məhsullarıın istehsalı üçün istifadə edilir. İlan zəhəri və onun tərkibindəki ayrı-ayrı bioloji aktiv komponentlər tibbi-bioloji və diaqnostik tədqiqatlarda geniş tətbiq edilir.
Hazırda ilan zəhərinin yeni tətbiq sahələrinin axtarışı davam etdirilir, o cümlədən xərçəng və QİÇS xəstəliklərinin müalicəsində istifadə perspektivləri öyrənilir.
Süleyman QARADAĞLI