4 min 133 qaziyə əlillik təyin edilib
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi indiyədək 4 min 133 nəfər Vətən müharibəsi iştirakçısına əlillik təyin edib. Əlilliyi təsdiqlənənlərin hər birinə proaktiv qaydada sosial ödənişlər təyin olunub.
Əlilliyin qiymətləndirilməsində obyektivliyin və şəffaflığın, ədalətli yanaşmanın təmin olunması daim diqqətdə saxlanılır. Agentlik bu kateqoriyadan olanların operativ və əyani müayinə olunmaları üçün müasir diaqnostik, instrumental, laborator avadanlıqlarla təchiz edilib. Qiymətləndirmə prosesində şəffaflığın təmin olunması məqsədilə müayinələrin foto və videoçəkilişləri də aparılır.
Hərbi səbəblə əlaqədar əlilliyin təyin edilməsi üçün vətəndaşa Hərbi Həkim Komissiyası şəhadətnamə təqdim etdikdən və qeydiyyatda olduğu səhiyyə müəssisəsi elektron göndərişi (forma 88) rəsmiləşdirdikdən sonra agentlikdə müvafiq dövlət qurumlarının nümayəndələrindən ibarət komissiya əyani müayinə həyata keçirir.
203 mindən çox işsiz məşğulluq tədbirləri ilə əhatə olunub
Dövlət Məşğulluq Agentliyi yanvar–iyun aylarında 203 min 100 şəxsi aktiv məşğulluq tədbirləri ilə əhatə edib.
Onlardan 84 min 400 nəfərin münasib işlərlə təminatı həyata keçirilib. 1,9 min şəxs isə özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatlarını yaratmaları üçün aktivlərlə təmin olunub. Qeyd olunan dövrdə agentlik 8 min 500 işsiz və işaxtaran üçün peşə hazırlığı kursları təşkil edib, 108 min 300 şəxsə peşəyönümü xidmətlər göstərib.
22 əlil uşaq övladlığa verilə bilər
Sosial Xidmətlər Agentliyinin valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün sosial xidmət müəssisələrində, uşaq evi və internat müəssisələrində və Uşaq Psixonevroloji Mərkəzində 22 əlil uşağın övladlığa verilə bilməsi müəyyən olunub. Onlar barədə məlumatlar nazirliyin “Valideyn himayəsindən məhrum olmuş uşaqlar, himayədar ailə və övladlığagötürmə” altsisteminə daxil edilib.
Övladlığa veriləcək həmin uşaqlar üçün fərdi inkişaf planı hazırlanıb. Bu zaman uşaqların yaşı, sağlamlığı, istəkləri, bacarıq və digər xüsusiyyətləri nəzərə alınıb. Qeyd edək ki, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün sosial xidmət müəssisələrindən övladlığa götürülən əlil uşağa görə, onu övladlığa götürən şəxs üçün aylıq 600 manat müavinət nəzərdə tutulub. Bu müavinətin üzərinə uşağın orqanizmin funksiyalarının pozulması dərəcəsinə uyğun məbləğ də əlavə edilir.
Beləliklə, sosial xidmət müəssisələrindəki əlil uşağın övladlığa götürülməsinə görə aylıq sosial ödənişin ümumi məbləği uşağın əlillik göstəricisi 81–100 faiz olduqda, 1170 manat (gözdən əlilliyə görə olduqda, 1270 manat), 61–80 faiz olduqda, 920 manat, 31–60 faiz olduqda, 850 manat təşkil edir.
128 min şəxsə 350 min xidmət
Vətən müharibəsindən sonra həyata keçirilən genişmiqyaslı sosial dəstək paketi çərçivəsində şəhid ailələri üzvləri və müharibə veteranları olan 105 min nəfərə 118 min aylıq sosial ödəniş, 23 min 200 şəxsə birdəfəlik ödəmə təyin olunub.
Şəhid ailələri, müharibə ilə əlaqədar əlil olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib, onlara 6 min 72 mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlil olan şəxslərə 528 avtomobil təqdim edilib. Şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 11 min şəxsə 65 min 600 sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib. Bundan başqa, müharibə ilə əlaqədar əlilliyi olan 2 min 173 şəxs 58 min 700 reabilitasiya vasitəsi, o cümlədən 476 şəxs 572 ədəd yüksək texnologiyalı müasir protezlə təmin olunub. Şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 22 min şəxs işə düzəlib, 10 min 600 şəxs özünüməşğulluq proqramına cəlb olunub.
Postmüharibə dövründə qeyd olunan sosial dəstək paketi 128 min şəxsi əhatə edərək, onlara dəstək yönümlü 350 min xidmət göstərilib.
476 hərbçiyə müasir protez verilib
Prezident İlham Əliyevin tapşırığına əsasən, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial dəstəklə əhatə olunması və reabilitasiyası üçün aparılan işlərin bir istiqaməti də həmin şəxslərin yüksək texnologiyalı, son nəsil protezlərlə təmin edilməsidir.
Vətən müharibəsindən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi I və II Qarabağ müharibəsi ilə əlaqədar əlil olan 476 hərbçini 572 ədəd yüksək texnologiyalı, son nəsil protezlə təmin edib. Ötən ildən Vətən müharibəsi iştirakçılarının müasir idman protezləri ilə təminatına da başlanılıb.
Aktivlik və funksionallığı ilə seçilən yüksək texnologiyalı protezlərlə istifadəçi sərbəst hərəkət imkanına malik olur. Bu protezlərlə sosial həyata daha tez və rahat inteqrasiya edir, hətta idmanla məşğul olaraq idman yarışlarında da iştirak edə bilir.
Çağırışçıların yekun tibbi müayinəsi
Bir sıra kateqoriyalar üzrə rəy verilmiş müddətli həqiqi hərbi xidmətə çağırılanların tibbi şəhadətləndirilməsi zamanı yekun tibbi müayinələr Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nəzdində yaradılmış Tibbi Qiymətləndirmə Mərkəzində aparılır.
Mərkəzdə ixtisaslaşmış peşəkar həkim-mütəxəssislər 4 kateqoriya üzrə – sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında (B kateqoriyası); sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında (Ç kateqoriyası); dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında (C kateqoriyası); həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında (D kateqoriyası) rəy verilmiş çağırışçıların yekun tibbi müayinəsinə başlayıblar.
Sonda müayinəyə dair qərar elektron sistemə daxil ediləcək və bu barədə çağırışçıya elektron qaydada məlumat veriləcək.
Zərifə HÜSEYNOVA
XQ