“Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyi “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların psixoloji reabilitasiyası” adlı layihənin icrasına başlayıb. Donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi olan 3 aylıq layihəni “Sağlam ruh, sağlam cəmiyyət naminə uşaqların psixoloji reabilitasiyası” adlı şüarla Gəncə Uşaq Evinə (sığınacaq) yerləşdirilən uşaqlarla ixtisaslı psixoloq reabilitasiya seansları aparmaqla həyata keçirir.
Psixoloji reabilitasiyaya cəlb olunan uşaqlara 12 mövzu ətrafında psixoloji yardım göstərilməsi nəzərdə tutulub. Birinci mövzu “Uşaqlarda davranış pozuntularının müəyyən edilməsi və aradan qaldırılması”dır.
Layihənin rəhbəri və icraçısı, “Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyinin sədri Lamiyə İsazadə XQ-yə müsahibəsində mövzu ilə bağlı öncə uşaqlardakı davranış pozuntularından söz açdı:
– Bildiyimiz kimi, davranış pozuntusu uşaq psixiatriyasında ən çox rast gəlinən diaqnozlardan biridir. Davranış pozuntuları müxtəlif psixi və fiziki səbəblər ucbatından uşağın daxilində baş verənləri davranışlarında nümayiş etdirməsi nəticəsində aşkarlanır. Ən çox oğlan uşaqlarında rast gəlinən bu pozuntuların inkişafı həm bioloji, həm yaşadığı ailədaxili problemlərin, həm də ətraf mühitin təsirindən asılıdır.
İnkişafın özü ilə gətirdiyi çətinliklərlə yanaşı, uşağın həyatında baş verən dəyişikliklərin və neqativ hadisələrin də davranışlara böyük təsiri var. Davranış pozuntularının fizioloji proseslərdən və psixoloji xüsusiyyətlərdən asılı səbəbləri çoxdur. Bunlara yaşayış yerini, yaxud təhsil aldığı məktəbi dəyişdirmək, ailədə yeni bacı və ya qardaşın doğulması, ailə üzvlərinin itirilməsi, ata – ananın ayrılığı, valideynlər tərəfindən atılmaq qorxusu kimi hadisələr aiddir.
Tədqiqatçıların fikrincə, davranış pozuntusunun inkişafında əsas yeri tərbiyə tutur. Ailə və sosial mühit tərəfindən sevilən, dəstək görən, özgüvəni formalaşdırılmış uşaqlar belə hallara asanlıqla uyğunlaşa bilirlər. Valideyn dəstəyi görməyən, həyat təcrübəsi olmayan, iradəsi zəif uşaqlar isə belə hadisələrlə qarşılaşanda dözümsüzlük nümayiş etdirir, uyğunlaşmağa çətinlik çəkib uğursuzluqla üzləşirlər.
– Reabilitasiya məqsədli ilk seansınız necə keçdi?
– Davranış pozuntularının diaqnostikası və aradan qaldırılması üçün Gəncə Uşaq Evində təşkil olunan ilk seansda ixtisaslı uşaq psixoloqu iki nəfər uşaqla məşğul oldu və onlarla ilkin müayinə apardı. Bu seansda 9 yaşlı qız və 6 yaşlı oğlan ilə (bacı - qardaş) ilkin tanışlıq və psixoloji konsultasiya baş tutdu. Mövzuya uyğun olaraq həmin iki uşaqda davranış pozuntularının müəyyən edilməsi və aradan qaldırılması ilə bağlı müayinə və müşahidə aparıldı.
İlkin müayinə və müşahidəyə əsasən 9 yaşlı qızda psixoloji və fiziki olaraq dərin duyğu zədələnməsi, qorxu, stress, ailə fərdlərindən olan yaşlı atanın (70 yaşlı), gənc ananın itirilməsi duyğusu, natamamlıq hissi müşahidə olundu. 6 yaşlı qardaşında isə söhbət əsnasında onun üçün yeni düşdüyü şəraitə və yeni dostlara uyğunlaşmaq və adaptasiya olmaq çətinliyini, ailə üzvlərindən olan böyük qardaşı ilə mübahisəsini aşkarladıq.
Uşaqlarla söhbətlər edildi, onların hərəkətləri və davranışları izlənildi. Daha sonra sığınacaqda onların qayğısına qalan tərbiyəçi və müəllimlərlə, müəssisədə çalışan psixoloqla uşaqların emosional vəziyyəti müzakirə edildi.
– Yəqin, sonrakı seans xəstəlik səviyyəsində problemlərə həsr olunduğuna görə fərqli keçdi.
– 2-ci seans “Uşaqlarda nitq problemlərini yaradan səbəblərin aşkar edilməsi və aradan qaldırılması” mövzusunu əhatə edirdi. Təəssüf ki, dövrümüzün ən aktual məsələlərindən biri, uşaqlarda nitq ləngimələridir. Təbii ki, bunlar uşağın gələcək inkişafına, həyatına, təlim fəaliyyətinə, eləcə də psixi inkişafına birmənalı şəkildə mənfi təsir göstərir. Bəzən valideynlərin övladları ilə qeyri-düzgün davranışları da uşaqlarda nitq problemlərinə yol açır. Uşaq danışarkən onun sözünü kəsmək, fikrini çatdırmağa imkan verməmək, sözlərini qulaqardına vurmaq nitqdə ləngimələrin yaranmasına səbəb olur.
14 yaşlı qız və 13 yaşlı oğlan ilə keçirdiyimiz seansda müəyyən qədər fərqli situasiyalarla üzləşdik. Seansda 14 yaşlı qızın həm fiziki həm də psixi inkişafında ləngimə olduğu müşahidə olundu. Zəka testi və diqqət dağınıqlığı ilə bağlı oyunlar keçirildi. Lakin bununla bərabər nitqində “k” və “ç” hərflərinin tələffüzündə problem olduğu aşkar olundu. Oğlanda isə psixi inkişafın ləngiməsi müşahidə olunaraq nitqindəki problemin loqopedlə aradan qaldırılması məsləhət görüldü.
3-cü seans “Uşaqlarda düzgün ünsiyyət bacarığının formalaşdırılması” mövzusuna həsr edildi. 14 və 16 yaşlı Cavadov qardaşları ilə görüşdük.
Nəticədə 16 yaşlı oğlanda təlim fəaliyyətinə gecikmənin fəsadları, özünə-inamın olmaması, ünsiyyətdən qaçmaq, verilən suallara qısa cavablar vermək, ən əsası isə özünü başqalarından aşağı sanmaq və natamamlıq hissi müşahidə edildi. Digərində isə onun ailə bağlarına daha çox önəm verməsi, ailə istiliyi və qayğısı hisslərini saxlayaraq duyğu dəyişimi yaşaması, söz ehtiyatının az olması ilə fikirlərini və düşüncələrini yetəri qədər ifadə edə bilməməsi aşkar olundu.
Uşaqlarla söhbət zamanı gördük ki, onlar, istər yaşıdları, istərsə də özlərindən böyük, yaxud kiçiklərlə ünsiyyət qurmaqda çətinlik çəkirlər.
– Uşaqlarda nitq probleminin olduğu nə zaman aşkarlanır? Bəzən ailədəki böyüklər gec danışan uşaqların “düzələcək”– deyib həkimə, yaxud psixoloqa aparılmasına razı olmurlar.
– Nitqdə yaranmış problem və ya gecikmə, uşaq böyüdükcə təfəkkürün inkişafına da mane olur. Nitqin inkişafına anadangəlmə zehni və nevroloji xəstəliklərin olması ciddi təsir edən amillərdən biridir. Diaqnoz, adətən, daha çox 5 yaşdan yuxarı uşaqlarda qoyulur. Lakin uşağın nitq ləngiməsinin müalicəsinə başlamaq üçün 5 yaş gecdir. Valideynlər nə qədər tez həmin əlamətləri aşkar etsələr, müalicənin təsiri o qədər yaxşı olar. Təcrübələrə əsasən, deyə bilərik ki, ideal olaraq 2 yaşa qədər aşkarlanan nitq geriləməsinin tam sağalma şansı var. Bəzi hallarda bu problemlər 5 yaşına kimi biruzə vermədiyi halda, məktəb dövründə daha qabarıq şəkildə özünü bildirir.
– Nitq probleminin əsas yaranma səbəbləri nədir? İrsiyyət amili varmı?
– Nitq inkişafının ləngiməsi sağlam uşaqlarda da müşahidə oluna bilər. İrsiyyətin bu problemə təsirinin olması hələ öyrənilməyib. Nitq problemlərinin yaranma səbəbləri müxtəlifdir. Lakin əgər vaxtında aşkar edilib aradan qaldırılarsa, o qədər də ciddi problemə çevrilməz. Çox vaxt valideynlər özləri də bilmədən uşağın nitqində çətinliklər yaranmasına səbəb olurlar. Düzgün danışıq və zehni inkişaf üçün fizioloji normalar mövcuddur.
Qeyri-düzgün tərbiyə, uşağın ifrat dərəcədə valideyn qayğısında olması, yaxud, əksinə, qayğıdan məhrum olması, onların assosial ailələrdə böyüməsi, psixoloji travmalar, sağlam ailə mühitinin olmaması, uşaq danışmaq istəyəndə imkan verməmək, sözünü kəsmək də nitq inkişafını ləngidir. Uşağın davamlı şəkildə televizora baxması, kompyuter qarşısında çox vaxt keçirməsi, telefondan, planşetdən müntəzəm istifadə etməsi də nitq problemlərinə yol açır. Nəticə etibarilə belə uşaqlarda özünəqapanma da müşahidə olunur.
Qeyd edim ki, psixoloji reabilitasiyanın dördüncü seansı “Yeniyetmələrdə stress və onun idarə edilməsi” mövzusuna həsr edildi. Həmin seansı da uğurla tamamladıq. Problemi olanlar müəyyən edildi və onlara məsləhətlər verildi.
“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların psixoloji reabilitasiyası” adlı layihə çərçivəsində yuxarıda göstərilən mövzularla bağlı təşkil olunan seansları uşaqların nitqində və psixikasında geriləmənin qarşısını almaq, davranış pozuntularını aradan qaldırmaq, yaşıdları ilə ünsiyyət qurmalarını asanlaşdırmaq məqsədilə həyata keçirdik. Onlarda daha müsbət nəticələr əldə etmək üçün layihə bitdikdən sonra da təşkilat tərəfindən seansların davamlılığı təmin olunacaqdır.
Söhbəti qələmə aldı:
Zərifə BƏŞİRQIZI
XQ