Müasir texnologiyanın inkişaf etdiyi və ətraf mühitin mühafizəsinin daha da aktuallaşdığı bir dövrdə alternativ yanacaqla işləyən nəqliyyat vasitələrinin əhəmiyyəti getdikcə artır. Artıq bu cür avtomobillər müasir nəqliyyatın əsas tərkib hissələrindən birinə çevrilir.
Təsadüfi deyildir ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına üzv ölkələrin 2015-ci ildə keçirilən 21-ci konfransında qəbul olunan Paris Razılaşmasında elektrobusların istifadəsinin genişləndirilməsi ən mühüm məsələlərdən biri kimi qarşıya qoyulub. Bundan başqa, elektrobusların genişmiqyaslı tətbiqini təşviq etmək üçün Təmiz Avtobus Bəyannaməsi (BUS2025) imzalanıb. Belə ki, dünyada mövcud avtobusların təqribən yarısının növbəti 5 il ərzində tamamilə elektrobuslara keçidi planlaşdırılıb.
Ölkəmizdə də bu istiqamətdə böyük işlər görülür. Ekoloji təhlükəsizlik, ictimai nəqliyyatın atmosferə zərərli tullantılarının azaldılması əsas prioritet kimi nəzərdən keçirilir. Nazirlər Kabinetinin 2019-cu il 4 mart tarixli Qərarına əsasən, paytaxtda müntəzəm marşrut xətləri üzrə istismarda olan avtobuslar elektrik mühərrikli nəqliyyat vasitələri ilə əvəz edilməlidir. Hazırda ölkəmizdə 2 milyonadək avtomobil var. Bunların yarısı Bakı şəhərinin payına düşür. Son vaxtlar bu rəqəm bir qədər azalıb. Buna səbəb ölkə rəhbərliyinin ətraf mühitin qorunması ilə bağlı apardığı önəmli siyasətdir. Qarşıda isə COP29 kimi beynəlxalq tədbir var. COP29-a qədər Bakıya 160 yeni elektrikli avtobus gətirilərək istifadəyə veriləcək. Eyni zamanda 2024–2026-cı illərdə sərnişindaşımada “Brutto müqavilə” modelinə keçidin təmin edilməsi də planlaşdırılır. Bununla da dizellə istismarda olan avtobusların tamamilə dövriyyədən çıxarılaraq elektrobuslarla əvəzlənməsi gözlənilir. Artıq 2026-cı ildə 1100 ədəd elektrobusun istismara daxil olması planlaşdırılır.
Göründüyü kimi, elektrobusların ölkəyə gətirilməsi ilə bağlı ciddi işlər görülür. Bununla əlaqədar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayev bildirib ki, cari ilin əvvəlində paytaxtda 200 yeni avtobus xəttə buraxılıb və yaxın vaxtlarda daha bu qədər sözügedən nəqliyyat vasitəsinin ölkəyə gətiriləcəyi nəzərdə tutulur: “COP29 tədbirinə qədər Bakıya 160 yeni elektrobus gətirilərək istifadəyə veriləcək. Ümumilikdə, paytaxtda 360 avtobusun istifadəyə verilməsi nəzərdə tutulub. Bakının avtobus nəqliyyatı ilə bağlı AYNA yeni şəbəkə hazırlayıb. Hazırda şəbəkənin tətbiqinə başlanılıb”.
AYNA-nın sədri qeyd edib ki, şəbəkə üzrə ilk 5 marşrut artıq istifadəyə verilib. Bunlar şəhərin uzaq məntəqələrini – Hövsan və Mərdəkanı mərkəzlə əlaqələndirən marşrutlardır.
Nəqliyyat eksperti Elməddin Muradlı isə qeyd edib ki, elektrobusların müsbət tərəfləri kifayət qədər çoxdur: “Noyabrda ölkəmiz ən böyük beynəlxalq tədbirə –BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) evsahibliyi edəcək. İqlim dəyişikliyi artıq bütün dövlətlər qarşısında danılmaz reallıq kimi dayanır. Mineral yanacaq növlərindən istifadənin geniş yayılması və bunun nəticəsində atmosferə atılan istixana qazlarının həcminin artması dünyada temperaturun yüksəlməsinə səbəb olur. Temperaturun qlobal səviyyədə artması səbəbindən isə hava şəraiti dəyişir – ekstremal təbiət hadisələri tez-tez baş verir. Sürətlə dəyişən iqlim insanlar üçün sağlamlıq problemləri də yaradır”.
E.Muradlının sözlərinə görə, iqlim dəyişikliyi məsələsində beynəlxalq ictimaiyyətin üzərinə böyük məsuliyyət düşür. Azərbaycanda da bu istiqamətdə müxtəlif tədbirlər həyata keçirilir. Onlardan biri də ekologiyanın çirklənməsinin qarşısını almaq üçün elektrobusların marşrut xətlərinə buraxılmasıdır. Bu, çox müsbət addımdır. Düşünürəm ki, belə avtobusların sayını çoxaltmaq lazımdır. Ona görə ki, birincisi, elektrobuslar ekoloji təmiz nəqliyyat vasitələridir. Havanı karbon qazı ilə çirkləndirmir. Bu yolla paytaxt tüstüdən, zəhərli maddələrdən xilas olur. Şəhər sakinlərinin ağciyərlərinə tüstünün tərkibində olan bəzi metallar çökmür. Biz paytaxtda nəqliyyat vasitəsi kimi elektrobuslardan istifadə etməklə təmiz hava alırıq. Bu məqamda o da vurğulanmalıdır ki, Bakıda ətraf mühitin çirklənməsinin 80 faizi nəqliyyat vasitələrinin ixrac etdiyi zəhərli qazların payına düşür.
İkincisi, elektrobuslardan istifadə etməklə küçələrdə nəqliyyatın səs-küyü minimuma enir. Çünki elektrik avtobusları hər hansı bir nəqliyyat vasitəsi kimi səs-küy yaratmır. Onda təkərlərdən başqa, səs-küy yaradan hissələr yoxdur. Təkərlərin səsi də dizel və benzinlə işləyən avtomobillərin yaratdığı səs-küylə müqayisədə kifayət qədər azdır.
E. Muradlı sonda bildirdi ki, elektrobuslar benzin və ya dizellə işləyən avtobuslardan qat-qat az hissələrə malikdir. Təmiri də asandır. Eyni zamanda istənilən marşrut üzrə digər nəqliyyat vasitələri ilə müqayisədə manevr imkanı genişdir. Sürücülər üçün rahatlıq da var. Amma elektrobuslar sifariş verilərkən Bakının bəzi küçə və yollarının eni, manevr imkanları və tutumu nəzərə alınmalıdır.
Pünhan ƏFƏNDİYEV
XQ