Rasim Əliyev – 90
Müasir Azərbaycan memarlıq məktəbinin tanınmış nümayəndəsi Rasim Əliyev Azərbaycandan kənarda da yaxşı tanınıb. Beynəlxalq Memarlıq Akademiyasının, Rusiya Memarlıq və İnşaat Akademiyasının, Şərq Ölkələri Memarlıq Akademiyasının həqiqi üzvü olub. 88 illik ömrünü doğma yurdumuzun memarlıq simasının gözəlləşdirilməsinə sərf edib.
Rasim Əliyev 1934-cü il iyulun 16-da Gəncədə görkəmli ziyalı alim, akademik Həsən Əliyevin ailəsində anadan olub, 50-ci illərin ortalarında Azərbaycan Politexnik İnstitutunun memarlıq fakültəsində təhsil alıb. Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun aspirantı olub. Azərbaycan Dövlət Layihə İnstitutunda əmək fəaliyyətinə başlayıb. Respublikamızda şəhərsalma və memarlıq sahəsində müxtəlif vəzifələrdə çalışıb. O, uzun illər Bakının baş memarı olub. “İstiqlal”, “Şərəf” və “Şöhrət” ordenləri ilə təltif olunub.
Xatırlayıram ki, 1999-cu ildə Ulu öndər Heydər Əliyev yenidən qurulan Bakı Beynəlxalq Hava Limanında işlərin gedişi ilə maraqlanmaq üçün ora getmişdi. Hələ 18 il əvvəl yeni limanın tikintisi barədə qərar qəbul edildiyini, layihəni o vaxt Bakının baş memarı olmuş Rasim Əliyevə tapşırdığını yada saldı (Rasim Əliyev də orada idi və deyilənləri başı ilə təsdiqlədi). Ümummilli lider sonradan müəyyən səbəblərdən işlərin yarımçıq qaldığını söylədi: “Belə çıxır ki, bunun əsasını da biz qoyduq, tikib başa çatdırmağı da tale bizim üzərimizə qoyubdur”. Sonra yenidənqurmanın qənaətbəxş olduğunu bildirdi. Birdən foyenin döşəməsindəki plitələrin naxışlarına baxaraq üzünü Rasim Əliyevə tutdu və dedi: “Nəsə xaç işarəsinə bənzəyir, bunları da təcili dəyişdirin”. Memar “Baş üstə, cənab Prezident!” – deyə cavab verdi. Heydər Əliyev yekun olaraq tövsiyə verdi: “İşlərinizi elə qurun ki, verdiyiniz söz yerinə yetsin və mənim bugünkü təəssüratım daha da artsın”. Bir neçə ay sonra dahi rəhbərin göstərişlərinə tam əməl edilməklə Binə Beynəlxalq Aerovağzalının yeni kompleksinin açılışı oldu. Buna ən çox sevinənlərdən biri də Rasim Əliyev idi. Artıq 25 ildir ki, Heydər Əliyev adına Beynəlxalq Hava Limanı “Azal”ın xidmətlərindən istifadə edənlərin, xarici qonaqların gözünü-könlünü oxşayır.
Ünlü sənətkarın memarlıq əsərləri, eləcə də yağlı və sulu boya ilə çəkdiyi rəsm əsərləri daim diqqət cəlb edib. O, Naxçıvanda Hüseyn Cavidin qəbri üzərində memarlıq-xatirə kompleksinin, Bakının bir neçə metro stansiyalarının, şəhərin əsas parklarının, Azərbaycanın Türkiyədəki Səfirliyinin binasının və digər bənzərsiz layihələrin müəllifi və həmmüəllifidir. Paytaxtda mikrorayonların, Əhmədli qəsəbəsinin salınması onun adı ilə bağlıdır.
Əməkdar memar, Dövlət mükafatı laureatı Rasim Əliyevdən özəl kitablar da yadigar qalıb. Atası Həsən Əliyev, anası Zərqələm Əliyeva və əmisi Heydər Əliyevin ruhlarına böyük ehtiramla yazdığı “Xatirələr” kitabı bir çox maraqlı məqamlarla zəngindir. Kitabın “Ön söz” müəllifi, Xalq yazıçısı Anar həmin nəşrin böyük bir ömrün salnaməsi olduğunu vurğulayıb və bildirib ki, kamil bir Azərbaycan ziyalısı olan Rasim Əliyevin əsərləri onun zəngin sənət həyatını əks etdirir. Akademik Ömər Eldarov, memarlıq doktoru, professor Gülçöhrə Məmmədova və başqaları daim onun haqqında yüksək fikirlər söyləyiblər. Yeri gəlmişkən, Rasim Əliyevin müəllifi olduğu “Keçmişdən gələcəyə” kitabını da sənətsevərlər maraqla oxuyurlar.
Azərbaycan Memarlar İttifaqı idarə heyətinin sədri Elbəy Qasımzadə memarlıq sənətinin inkişafındakı, Bakının gözəlləşməsindəki xidmətlərini dəyərləndirərək deyib ki, Rasim Əliyev onlarla gözəl memarlıq əsərinin, əsl abidə statusuna layiq olan unikal binaların müəllifidir. “Onun əsərlərinin əksəriyyətində Vətənə olan məhəbbətinin təzahürləri hiss olunur. O həm də gözəl rəssamdır. Çəkdiyi portretlərdə insan xarakteri, onun gözəlliyi ön plandadır. Rasim Əliyevin rəng seçimi, rəssamlıq texnikası, tablolarında əks etdirilən lirika onun öz xarakterindən irəli gəlir”.
Monumental sənət nümunələri dünəndən sabaha bir körpü olan Əməkdar memar Rasim Əliyev 2021-ci ilin bir payız günü dünyasını dəyişib və Birinci Fəxri Xiyabanda dəfn edilib. Amma onun istedad və zəkasının məhsulu olan əsərləri, pozulmaz dəst-xətti daim göz önündədir.
Ə.DOSTƏLİ
XQ