Azərbaycan Dövlət Akademik Musiqili Teatrı 114-cü mövsümü başa vurmaq üzrədir. Hər il olduğu kimi, sənət ocağı bu mövsümdə də fərqli dəst-xətti ilə seçilə bilib, bir çox uğurlu layihələrə imza atıb. Teatr bir sıra beynəlxalq müsabiqə və festivallarda da ölkəmizi layiqincə təmsil edib.
Teatrın direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev mövsüm ərzində burada 6 səhnə əsərinin hazırlandığını bildirdi:
–Üzeyir Hacıbəylinin “Leyli və Məcnun”, Tuncər Cücənoğlunun “Qadınım", Zinoviy Saqalovun “Aysedora” və Anarın “Adamın adamı” əsərlərini tamaşaları tamaşaçı marağına səbəb olub. Sənət cameəsində böyük əks-səda doğuran bu tamaşalarla yanaşı, kollektiv balaca teatrsevərləri də diqqətdə saxlayıb, onlar üçün maraqlı, macəra dolu nağıl-tamaşalar göstərib. Bu il onların sırasına həm ana dilimizdə, həm də rus dilində hazırlanan “İki küpəgirən qarı” tamaşası da əlavə edilib. Həmçinin ötən mövsümdə yaradıcılıq fəaliyyətləri ilə Musiqili Teatr tarixinə töhfələr bəxş edən korifey sənətkarların yubileylərinin qeyd olunması ənənəsi uğurla davam etdirilib.
Əliqismət Lalayev əlavə etdi ki, teatr ötən mövsümdə ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr həsr olunmuş “Sən elə bir zirvəsən” musiqili-tarixi essesi ilə Gəncə Şəki, Mingəçevir və Lənkəranda qastrol səfərlərində olub, aparıcı solistlər, xor və balet artistlərinin çıxışları böyük rəğbətlə qarşılanıb. Əsərin ssenari müəllifi Mübariz Həmidova, quruluşu isə Cavid İmamverdiyevə aid idi. Həmçinin tanınmış rejissor və ictimai xadim, Xalq artisti Yuli Qusmanın 80 illiyi şərəfinə “Qorxma, biz səninləyik” yubiley tamaşasının premyerası keçirilib. 42 il öncə çəkilmiş “Qorxma, mən səninləyəm” filminin yaradıcı heyətinin xatirələri əsasında hazırlanan bu səhnə əsərini də teatr ictimaiyyəti maraqla qarşılayıb.
Müsahibimiz teatrın yaradıcılıq əlaqələrindən də söz açdı:
– Ötən mövsümdə Kalininqradda keçirilən ənənəvi “Rus teatrı – xaricdə rus mədəniyyəti institutu kimi” adlı V Beynəlxalq konfransda, “Rusdilli teatrların problemləri və inkişaf perspektivləri” mövzusununda peşəkar diskussiyalarda iştirak etdik, məşhur teatr xadimləri ilə görüşlərimiz oldu. May ayında Moskvanın "Pyotr Fomenkonun emalatxanası” teatrı səhnəmizin qonağı oldu. Onlar dünya şöhrətli yazıçı-dramaturq Aleksandr Ostrovskinin eyniadlı pyesi əsasında hazırladıqları “Qurdlar və qoyunlar” adlı ikihissəli komediyasını uğurla təqdim etdilər.
Özbəkistan teatrları ilə imzalanan əməkdaşlıq memorandumları da qarşılıqlı mədəni əlaqələrin inkişafına öz töhfəsini verməkdədir. Özbəkistanın Kattakurqon Şəhər Dram Teatrı və Muqimi adına Özbəkistan Dövlət Akademik Teatrlarının yaradıcı heyətlərinin ötən mövsümdəki qastrol səfərlərindən sonra bu mövsümdə də Özbəkistanın Namanqan Vilayət Musiqili Dram və Komediya Teatrı Bakıda qonaq olub və onlar “Ah, bu qocalar – qəribə qocalar” komediyasını nümayiş etdiriblər. Bundan başqa, TÜRKSOY-un 30 illik yubileyi, həmçinin Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi şərəfinə ölkəmizdə keçirilən I Beynəlxalq TÜRKSOY Teatr Festivalı günlərində şəhərimizin qonağı olan Səmərqənd Vilayət Musiqili Dram Teatrı ilə də əməkdaşlıq memorandumu imzalanıb.
Teatrın əməkdaşları ilə birgə Daşkənddə keçirilən Özbəkistan Dövlət Musiqili Komediya Teatrının 50 illik yubileyi ilə əlaqədar “Operetta.uz” Musiqili Teatrların II Beynəlxalq Forumunda yaddaqalan olub. Təmsilçilərimiz bu festivaldan öncə Qazaxıstanın Karaqanda şəhərində keçirilən “DosStar” XII Açıq Operetta və Müzikl Festivalının qala konsertində çıxışı da rəğbətlə qarşılanıb.
Ceyhun ALIŞLI