Teatrlar da “yay tətili”nə gedir

post-img

İnsanların hər zaman estetik zövq aldığı teatrlar bu mövsümdə də rən­garəng repertuarları ilə yadda qaldı­lar. Mövzu seçimi baxımından çağdaş tələblərə cavab verən tamaşaların ha­zırlanması ənənəsi özünü sənət ocaq­larının təqdimatında hər zamankından daha fərqli göstərdi. Bakı teatrlarının bir-birindən fərqli ovqatyaradıcı səhnə əsərləri salonlarında əks-səda verdi, tamaşaçı rəğbəti qazandı. 

Yola salınan mövsüm Azərbaycan Dövlət Akdamik Musiqili Teatrı üçün ta­maşaçı rəğbəti və bir-birindən maraqlı premyeralarla yadda qalıb. Bu barədə danışan sənət ocağının mətbuat xidmə­tinin rəhbəri Fəridə Rüstəmova dedi ki, Musiqili Teatrın hazırladığı tamaşalara bu mövsümdə izləyici sevgisi daha da artıb. 

– Teatrımız həmişəki kimi, yeniliklərə üstünlük verdi, peşəkarlıq və tamaşaçı məmnuniyyətini düşündü. Buna görə də, teatrın rəhbərliyi və yaradıcı heyət çox mükəmməl səhnə əsərləri ortaya qoya bildilər. Düşünürəm ki, yola salmağa ha­zırlaşdığımız 114-cü mövsüm həm bizim üçün, həm də tamaşaçılar üçün maraqlı oldu. Teatr iyulun 19-da Üzeyir Hacıbəy­linin “O olmasın, bu olsun” musiqili ko­mediyası ilə mövsümə yekun vuracaq.

Azərbaycan Milli Dram Teatrının mət­buat xidmətinin rəhbəri Cavid Zeynallı bu mövsümün təmsil etdiyi sənət ocağı üçün unudulmaz olduğunu qeyd etdi. O bildirdi ki, mövsümdə Milli Dram Teatrının reper­tuarına əlavə olunan yeni tamaşalar ma­raqla qarşılandı, baxımlı oldu. 

– Tamaşaçı sevgisi qazanan və günün tələbləri ilə səsləşən səhnə əsərlərinin re­pertuara salınması rəhbərlik və yaradıcı heyətimiz üçün başlıca məqsəddir. İnam­la deyə bilərəm ki, bu ənənəmizi yenə də qoruyub saxlamışıq. Artıq biz mövsümə Cəlil Məmmədquluzadənin pyesi əsa­sında hazırlanmış “Ölülər” tamaşası ilə yekun vurmuşuq. Qarşıdakı mövsümdə daha maraqlı səhnə əsərləri ilə teatr­sevərlərin görüşünə gələcəyik.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının əməkdaşı İrada Kara­ceyava mövsüm ərzində hazırlanan səh­nə əsərləri barədə danışdı. Teatrda təmir işləri getdiyi üçün balet və operaların fərqli məkanlarda təqdim edildiyini bildir­di. Opera və Balet Teatrının da mövsümə yekun vurduğunu deyən müsahibimiz, yeni mövsümdə də yüksək səviyyəli səh­nə əsərləri ilə tamaşaçıların zövqünü ox­şayacaqlarına ümidvar olduğunu söylədi. 

Azərbaycan Dövlət Kukla Teatrının da bu mövsümdə təqdim etdiyi səhnə əsərlərində fərqli texniki həll üsullarına, təbii təsir bağışlayan bədii tərtibata üs­tünlük verilib. Balacaların sevimli məka­nının mətbuat xidmətinin rəhbəri Həmidə Rüstəmova bildirdi:

– Bu il fərqli kukla estetikasında səh­nəyə qoyulan tamaşalar azyaşlı seyrçilər üçün daha əyləncəli və yaddaqalan oldu. Hər tamaşadan sonra uşaqların üzündə təbəssüm görmək bizdə xoş ovqat yara­dır. Qeyd edim ki, mövsümün sonuncu səhnə əsəri iyulun 14-də oynanılacaq “Dovşanın ad günü” nağıl-poemasının ta­maşası olacaq. Görkəmli yazıçı Xanıma­na Əlibəylinin bu əsərinə Saida Haqver­diyeva maraqlı quruluş verib. Tamaşanın rəssamı Rəna Abasova, bəstəkarı Əmək­dar artist Vüqar Camalzadə, mahnıların mətn müəllifi Sevinc Nuruqızıdır.

Fərqli və dərin məna yozumlu tama­şaların nümayişinə üstünlük verən Azər­baycan Dövlət Pantomim Teatrı da “yay tətili”nə hazırlaşır. Bədii ideyanın, mətlə­bin sözsüz, mimika və musiqilərin köməyi ilə təqdim edildiyi sənət ocağı mövsümün son akkordunu iyulun 14-də Uilyam Şeks­prin məşhur “Romeo və Cülyetta”əsəri­nin tamaşası ilə vuracaq. Bu tamaşanın premyerası martın 30-da olub. Səhnə əsərinin quruluşçu rejissoru və musiqi tər­tibatçısı Ceyhun Dadaşov, rəqslərin quru­luşçusu Əməkdar artist Nargilə Qəribova, rəssamı Xəyyam Səmədovdur.

Bu il 35 illik yubileyi olan Azərbaycan Dövlət “Yuğ” Teatrında isə “Asılqan” ta­maşası ilə mövsümə yekun vurulacaq. Xalq yazıçısı Anarın “Asılqanda işləyən qadının hekayəti” əsəri əsasında rejis­soru Əbdülqəni Əliyevin quruluş verdiyi tamaşa həyatlarının hər bir dönəmində sınaqlarla üzləşən iki gəncin sevgi he­kayəsindən bəhs edir.

Qeyd edək ki, paytaxtın digər teatrları və bölgələrdəki sənət ocaqları da möv­sümə yaddaqalan tədbirlərlə yekun vur­maq əzmindədirlər. 

Ceyhun ALIŞLI



Mədəniyyət