Böyük Britaniyada parlament seçkilərinə start verilib. Səsvermə prosesi yerli vaxtla saat 07.00-da başlayıb və 22.00-a qədər davam edəcək. Ümumilikdə ölkədə 50 milyona yaxın seçici var. Məlumatı “Anadolu” verib.
Səsvermənin nəticələrinə əsasən, parlamentin aşağı palatası olan İcmalar Palatasında 650 yer bölüşdürüləcək. Britaniya parlamentindəki bu yerlər uğrunda 4515 namizəd mübarizə aparacaq.
İlk səsvermənin nəticələri seçki məntəqələri bağlandıqdan dərhal sonra gəlməyə başlayacaq. Lakin yeni parlamentin formalaşması ilə bağlı ümumi mənzərə iyulun 5-i səhər saatlarında bəlli olacaq.
Sorğu göstərir ki, müxalifətdəki Leyboristlər Partiyası böyük fərqlə qalib gələ bilər. Eyni zamanda, hakim Mühafizəkarlar Partiyasının məğlubiyyəti proqnozlaşdırılır. Əvvəlki seçkilərdə 365 mandat qazana bilmiş Mühafizəkarlar Partiyasının bu rəqəminin 100-ə enəcəyi, leyboristlərin isə 400-dən çox mandat qazana biləcəyi gözlənilir.
P.ƏMİRCANOV
XQ