Türkiyə–Azərbaycan qardaşlığı mahnı qanadlarında

post-img

Türkiyə müxbirimiz xəbər verir ki, bu adda konserti qardaş ölkədə fəaliyyət göstərən azərbaycanlı musiqi müəllimləri, “Xarıbülbül” Azərbaycan Vizyon Teatr Birliyinin üzvləri təşkil ediblər. Öncə Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib, iki qardaş ölkənin şəhidlərinin xatirəsi yad edilib.

“Tək Hədəfimiz Təhsil” Birliyinin rəhbəri Cem Yıldırımer ölkələrimiz ara­sındakı dostluq və qardaşlığın dünya üçün əsl örnək olduğunu bildirərək deyib ki, bu münasibətlər hər sahədə oldu­ğu kimi, mədəniyyət sahəsində də sağ­lam təməllər üzərində inşa edilib və bu dəyərləri qoruyub-saxlamaq bizim ən ali vəzifəmizdir.

Tədbirlə bağlı jurnalistlərə müsahibə verən “Xarıbülbül” Azərbaycan Vizyon Te­atr Birliyinin rəhbəri Kamalə Kamal Cab­barova deyib: “Belə tədbirlərin keçirilmə­si gənclərimizin ortaq mədəniyyətimizə marağının artırılması baxımından olduq­ca vacibdir. Proqramda fiziki baxımdan qüsurlu övladlarımız da iştirak edirdilər. Bu baxımdan bu üç xanımın hazırladığı konsert proqramı bütün qonaqlarda xoş duyğular oyatdı. Çünki belə tədbirlər həm də bu gənclərin cəmiyyətə inteqrasiyası­na kömək edir”. 

Konsertdə Azərbaycan və Türkiyə gənclərinin ifasında xalq və bəstəkar mahnıları ilə yanaşı, Avropanın klassik musiqiləri də səsləndirilib. Çıxışlar alqış­larla qarşılanıb.

Qafar ÇAXMAQLI,
XQ-nin xüsusi müxbiri 

İstanbul

Mədəniyyət