Anddan göyərən əməl

post-img

Bu il 105 yaşını qeyd edəcəyimiz “Xalq qəzeti” istər sovet dönəmində – “Kommunist” adı ilə nəşr olunanda, istərsə də 1991-ci ilin yayından – indiki adla tanınandan sonra, ictimai-siyasi formasiyaların fərqinə baxmayaraq, daim Azərbaycan xalqına xidmət edib. Yubiley ərəfəsində “Xalq qəzeti”nin kitabxanası” seriyasından redaksiyanın yaradıcı kollektivinin zəhmətinin məhsulu olan nəşrlərin çapına Əməkdar jurnalist İttifaq Mirzəbəylinin “And və əməl” kitabı ilə başlanılıb.

Qəzetin baş redaktoru Əflatun Amaşovun “Ön söz”də yazdığı kimi, “And və əməl” kitabında toplanmış 100-ə qədər məqalə kollektivin dövlətçiliyə xidmətinin bariz nümunəsidir. Otuz ilə yaxın müddətdə “Xalq qəzeti” ictimai-si­yasi məsələlər şöbəsində xüsusi müxbir, operativ müxbir, analitik qrupun rəhbə­ri və nəhayət, şöbə müdiri vəzifələrində çalışmış İttifaq Mirzəbəylinin tərtib etdiyi bu kitabda əsasən müəllifin öz yazıları toplanıb. Qocaman jurnalist həmkarımız qürurla xatırlayır ki, jurnalist kimi fəaliyyət göstərdiyi illərdə SSRİ-nin süqutu, Azər­baycanın öz dövlət müstəqilliyini bərpa etməsi, Ulu öndər Heydər Əliyevin ölkədə siyasi hakimiyyətə qayıtması, 2003-cü ilin prezident seçkiləri, həmin seçkilər ərəfə­sində Ümummilli liderin xalqa müraciəti, seçkilərdən sonra xalqın Prezident İlham Əliyevin ətrafında sıx birləşməsi kimi ta­rixi faktlara həm şahidlik edib, həm də ək­sər proseslərin iştirakçısı olaraq minlərlə radio və qəzet materialı hazırlayıb.

Kitablarının sayı 10-a çatan, redak­toru və tərtibçisi olduğu nəşrlər daha çox olan İttifaq Mirzəbəyli qələmi heç zaman əlindən düşməyən jurnalistlərdəndir. Müasir siyasi publisistikaya özünəməx­sus töhfələr verib. Hazırda təqaüddə olsa da, yenə qəzetimizin, az qala, hər nöm­rəsində onun maraqlı yazıları dərc edilir. İttifaq müəllim sözün qədrini bilən, məna çalarlarını yerli-yerində işlədən, daim dövlətçilik mövqeyindən cəsarətli çıxışlar edən təcrübəli qələm sahibidir. 

Onun “And və əməl” kitabının an­notasiyasında qeyd edilir ki, Azərbaycan Prezidenti İlham Əliyevin son 20 ildə yü­rütdüyü qətiyyətli və ardıcıl siyasət nəti­cəsində yaranmış yeni reallıqlar təkcə müasir günlərimizin deyil, ümumiyyətlə, son əsrlərdəki tariximizin ən şərəfli sə­hifələridir: “Xüsusilə vurğulanmalıdır ki, müstəqilliyimizin bərpasından keçən 30 ildən bir az çox müddətdəki uğur, nai­liyyət və nəhayət, möhtəşəm Zəfər sal­naməmizin qələmə alınmasında bu il 105 yaşı tamam olan "Xalq qəzeti" kollektivi­nin də özünəməxsus rolu olub. Oxuculara təqdim edilən bu kitab da həmin xidmətin bir parçasından ibarədir. Belə ki, “And və əməl”də toplanmış materiallar məxsusi olaraq kitab tərtib etmək üçün yazılma­mış, qəzetin gündəlik fəaliyyəti prosesin­də qələmə alınmışdır”.

Kitab müasir tariximizin ən aktu­al məsələləri, keçmiş Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilmə­si üçün aparılan danışıqların nəticələri və Azərbaycan Ordusunun qazandığı Zəfərə gedən yol, İkinci Qarabağ müha­ribəsi, eləcə də Zəfərdən sonrakı proses­lərlə maraqlananlar üçün dəyərli vəsait kimi qiymətləndirilir.

Qeyd edilir ki, müəllif bu kitabı “44 gün­də qələmə aldığım 46 yazı” adıyla nəşrə göndərmək istəyirdi. Redaksiya rəhbərliyi isə məsləhət gördü ki, kitaba İkinci Qara­bağ müharibəsinə aparan yollar haqqın­da qələmə alınmış bəzi məqalələr də, iş­ğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işlərini əks etdirən ma­teriallar da, Azərbaycanla Türkiyə Cüm­huriyyəti arasındakı sarsılmaz dostluq və qardaşlıq münasibətlərini əks etdirən sətirlər də əlavə edilsin. “Müəllif bu təkli­fimizlə ona görə dərhal razılaşdı ki, yada saldığımız istiqamətlərdə onun sayını bil­mədiyi qədər yazıları var”.

Kitabdakı bəzi məqalələrin təkcə sərlövhəsi, adı onların hansı məram və mətləblərdən söz açdığını göstərir. “And və əməl” (44 günlük müharibədən əvvəl qələmə alınmış yazılardandır), “Azər­baycan Ordusu işğala son qoyacaqdır”, “Bu, Azərbaycan xalqının azadlıq müha­ribəsidir”, “Salam Bayraq, salam Torpaq”, “Haqqın sözü və haqqın özü”, “Bayraqla­rın paradı” və digər yazılar müəllifin sözə inamından, orduya, dövlətə və Ali Baş Komandana sədaqətindən xəbər verir.

“Biz bu zəfərə inanırdıq”, “44 gündə yazdıqlarım” və “Zəfərdən sonra şahid olduq ki...” adlı 3 bölməyə ayrılmış bu yeni kitabın redaktoru Əməkdar mədəniy­yət işçisi Hacı Qüdrət Piriyev, nəşriyyat redaktoru filologiya elmləri doktoru, pro­fessor Telman Cəfərov, korrektoru Aida Şükürlü, dizayneri isə Rövşən Toğruldur.

Ə.DOSTƏLİ
XQ

Mədəniyyət