Bu gün Azərbaycan opera müğənnisi, mahir təsnif ifaçısı, musiqi folkloru tədqiqatçısı, Azərbaycan professional vokal sənətinin banisi, SSRİ xalq artisti Bülbülün – Murtuza Məmmədovun 127 yaşı tamam olur.
Şuşa, Qarabağ...Nəğmələr gülüstanı, bülbüllər diyarı! Az adam tapılar ki, bu yurdun dumduru bulaqlarının suyunu içib, təmiz dağ havasını udub, cəh-cəhlə ötən bülbüllərini dinləyib oxumağı bacarmasın. Əbəs yerə bu bölgəni musiqi beşiyi, şeir-sənət ocağı, dahilər diyarı adlandırmırlar. Murtuza Məmmədov kimi fitri-istedadı məhz bu torpaq yetişdirə bilərdi.
Qeyri-adi, valehedici, ecazkar səsi Murtuzanı öz adı, soyadı ilə deyil, Bülbül kimi tanıtmışdı xalqa, çünki o, doğrudan da, sənət aləminin bülbülü idi.
Bir gün Azərbaycan tarzəni, bəstəkar Məşədi Cəmil Əmirov 13 yaşlı Murtuzanı özü ilə Şuşanın Çuxurməhəlləsindəki toya aparır. Burada onun müşayiəti ilə Bülbül “Mahur” muğamını oxuyur. Məclisdəkilər onun ifasını çox bəyənir, alqışlayır və ona “Qarabağ şikəstəsi”ni də oxutdururlar. Beləcə, Bülbül musiqi ilə böyüməyə, tanınmağa və sevilməyə başlayır. Sonra o, bir müddət Gəncədə yaşamalı olur. Gəncədə el məclislərinin birində onun səsinə məftun olan Cabbar Qaryağdıoğlu Bülbülə Bakıda təhsil almağı məsləhət görür. Gənc ifaçı Bakıya tələsmir, Gəncədə qalaraq Məşədi Cəmilin yazdığı opera və operettalarda çıxış edir. 1921–1927-ci illərdə Bakı Konservatoriyasında təhsil alır. Buranı bitirib, dünyagörüşünü inkişaf etdirmək məqsədi ilə İtaliya şəhərinə gedir və 1927–1931-ci illərdə burada təhsilini davam etdirir.
Bülbül İtaliyada musiqi təhsili alanda hamı onun səsinin geniş diapazonuna heyran qalır. 1-ci oktavanın “Do” notundan başlayaraq, 3-cü oktavanın “Fa-Sol” notuna qədər gələ bildiyi üçün ona: “Əlavə təhsil sənin nəyinə lazımdır” – sualını verənlər də olurdu. Bülbül isə “Mənim gəlişimin məqsədi səsim üzərində ciddi işləməkdir. Öz musiqimizlə yanaşı, dünya xalqlarının musiqisini ifa edəndə də istəyirəm ki, bütün ifalarım peşəkar səslənsin. Nitqimdə şivə hiss olunmasın”, – deyərdi.
Bülbül İtaliyadan döndükdən sonra Azərbaycan Dövlət Konservatoriyasında dərs deməyə başlayır, tələbələri mütərəqqi fikirlərlə dolu olan müəllimin nitqini maraqla dinləyər, onu çox sevərdilər. 1932-ci ildə konservatoriyada onun təşəbbüsü ilə Azərbaycan xalq musiqisini öyrənən elmi-tədqiqat kabineti fəaliyyət göstərir.
Bülbül tezliklə vokal sənətinin sirlərini dərindən mənimsəyərək milli vokal məktəbinin banisi olur. Onun Azərbaycan musiqisinə, kino-teatrına verdiyi töhfələr əvəzsizdir. O, Üzeyir Hacıbəyovun “Koroğlu” əsərində Koroğlunu, “Arşın mal alan”da Əsgəri, R.M.Qlierin Azərbaycan musiqi folkloru və “Aşıq Qərib” dastanı əsasında yazdığı “Şahsənəm” də Qəribi, Müslüm Maqomayevin Azərbaycanda Avropa stilində yazdığı ilk opera olan “Nərgiz”də Əliyarı və digər baş rolları oynayaraq mükəmməl, yaddaqalan obrazlar yaradır. O, həm də xalq mahnılarının və təsniflərin mahir ifaçısı olmuşdur.
Azərbaycan incəsənəti sahəsindəki böyük xidmətlərinə görə Bülbül SSRİ Xalq artisti, SSRİ Dövlət Mükafatı laureatı adı alır, həmçinin İtaliyanın Qaribaldi ordeninə və medallara layiq görülür. O, səhnədə sevimli aktyor, evdə isə sevimli ailə başçısı idi. Nə sənəti ailəsinə, nə də ailəsini sənətinə qurban verənlərdən idi.
Bülbülün ömür-gün yoldaşı Adilə xanım həyat yollarında 23 il onunla qoşa addımladığı üçün özünü xoşbəxt qadın hesab etmişdi: “23 il biz bir yerdə yaşamışıq. Onun üçün ailəsi də sənəti qədər əziz idi. Elə sənətkarlar var ki, sənəti ailədən üstün tutur. Amma Bülbül hər ikisinə eyni məhəbbət bəsləyirdi. Çox dəqiq və ciddi insan idi. Bu cəhətləri o, övladlarına da aşılayardı. Həmişə onlara deyərdi ki, hansı sənəti seçsəniz, onu sevin və o sənətə ciddi, hərtərəfli yanaşın. Bülbül yalnız ailəsinə, övladlarına deyil, bütün insanlara qarşı çox qayğıkeş idi. Xüsusən tələbələrindən diqqətini ayırmazdı. Onlara maddi köməklik edər, problemləri ilə məşğul olardı. Hər həftənin bazar günü uşaq evlərinə gedər, körpələrə çoxlu hədiyyələr aparardı. Mən çox xoşbəxt bir qadınam ki, belə bir insanla ömür sürmüşəm. Özüm də ondan əsl həyat dərsi almışam".
Bu ailədə böyümüşdü atasına çox bənzəyən, onun adını və sənətini özündə yaşadan Polad Bülbüloğlu. Ailədəki musiqi ab-havası Polad kimi musiqiçinin formalaşmasında mühüm rol oynamışdı.
Adilə xanım söyləyirdi ki, 1957-ci ildə Bakıda Opera və Balet Teatrında Bülbülün konserti gedirdi. Bu konsertdə gözlənilmədən 12 yaşlı oğlu Polad səhnəyə çıxıb zərif səslə “Evləri var xanə-xanə” xalq mahnısını ifa edib. Bu mahnı Bülbülün çox sevdiyi mahnılardan biri idi. Mahnı bitən kimi tamaşaçılar istedadlı yeniyetmənin ifasını gurultulu alqışlarla qarşılayıblar. Sevincindən gözləri yaşarmış, qəhərlənmiş ata deməyə söz tapmayıb.
Adilə xanım onu da xatırladıb ki, 14 yaşlı Polad ilk dəfə 1959-cu ildə Dram Teatrında atasını pianoda müşayiət edirmiş. Alqışlarla başa çatan konsertdə Bülbül ona təqdim edilən gül dəstələrini pianonun üzərinə qoyub, Poladın əlindən tutaraq tamaşaçılara baş əymiş və demişdir ki, bu gün onun həyatında ən yaddaqalan gündür. Artıq o, tam əmindir ki, oğlu onun sənətinin layiqli davamçısı olacaq, musiqimizin inkişafına xidmət edəcək.
Yanılmadı ata qəlbi. Oğlu – musiqi mülkünun varisi Azərbaycanın Xalq artisti Polad Bülbüloğlu Azərbaycan milli musiqi xəzinəsini yaratdığı incilər – musiqi əsərləri ilə zənginləşdirərək, ata vəsiyyətinə sadiq qaldı.
Bülbül 26 sentyabr 1961-ci ildə Bakı şəhərində vəfat edib. Məzarı Birinci Fəxri Xiyabandadır. Susmayıb Bülbül. Adını daşıyan nəvəsi – gənc dirijor Murtuza Bülbül atasının və babasının musiqi sahəsindəki yolunu layiqlə, uğurla davam etdirəcəyini deyib.
Zülfiyyə Ziya
XQ