TÜRKSOY himninin azərbaycanlı bəstəçisi

post-img

Həyatın gedişini müəyyən edəcək elə bacarıqlar var ki, insanın özü ilə birgə doğulur.   Elə götürək musiqi istedadını. Ola bilər ki, kimsə bu qabiliyyətinin mövcudluğundan nisbətən gec xəbər tutsun, amma, hər halda, istedad varsa, nə vaxtsa bulaq kimi qaynayıb üzə çıxacaq. 

– Nəslimizdə musiqiçi olmayıb. Amma hərbi dənizçi olan atam gözəl tar, piano çalardı. Mən də musiqini nə zamandan sevmişəm, yadıma gəlmir… Musiqi məktəbində, sonralar kollecdə, konservatoriyada çox gözəl müəllimlərim olub.

Bu etirafı edən müsahibimiz sənətşünaslıq üzrə fəlsəfə doktoru, Bakı Musiqi Akademiyasının və Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin müəllimi, Azərbaycan Dövlət Xor Kapellasınının  xormeysteri, “Vestnik” beynəlxalq elmi jurnalının redaksiya heyətinin üzvü, “QS İntelligence Unit” təşkilatının eksperti, Əməkdar artist Yulizana Kuxmazovadır. Əslində, niyyətimiz onunla TÜRKSOY təşkilatının 30 illiyi münasibətilə bəstələnmiş himnlə baglı söhbət etmək idi. Lakin Yulizana xanımla yaxından tanış olunca söz-sözü çəkdi, onun yaradıcılığı bizə maraqlı gəldi deyə, söhbətin məcrası genişləndi. 

– Yulizana xanım, ötən ilin sonlarında Ankarada TÜRKSOY təşkilatının 30 illiyinin sonuncu konsertində sizin bəstələdiyiniz himn ilk dəfə səsləndi. 

–  Mən heç yerdə özümü bəstəkar kimi təqdim etmirəm, çünki müvafiq təhsil almamışam. Lakin musiqi təhsilim, duyumum, yazmaq bacarığım var deyə, arada nələrsə bəstələyirəm. TÜRKSOY himninə gəlincə, təşkilat himn, daha doğrüsü, marş barədə müsabiqə elan etmişdi. Mən həmin yarışa qoşuldum və qalib oldum. Həqiqətən də, böyük bir səhnədə, Bilkənd və CSO (Cümhuriyyət Simfonik Orkestrinin) birləşmiş orkestrlərinin, TRT və Özbəkistan Dövlət Xor Kapellasının ifasında öz bəstəsini eşitmək adamı çox qürurlandırır. Üstəlik, dirijor da öz tələbəm – Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artist Əyyub Quliyev idi. 

– Bəs himnin sözləri kimindir?

– Mətni TÜRKSOY özü təklif etmişdi. Türk şairi Kənan Çarboğanın şeiri idi. Əslində, mənim TÜRKSOY ilə yaradıcılıq əlaqəm bir qədər əvvəl başlanmışdı. 2019-cu il Aşıq Veysəl ili elan edilmişdi. Düzü, o vaxtadək Aşıq Veysəlin yaradıcılığına, demək olar ki, bələd deyildim. Lakin axtarışlarım uğurlu oldu.  “Qara torpaq” əsərim qəbul olundu. Bunun ardınca da “Gəlməz yola gediyorum” mahnısını qurumun sifarişi ilə işlədim. Beləcə, TÜRKSOY-la əməkdaşlığım başlandı.   

– Bu yaxınlarda isə beynəlxalq ­müsabiqədə münsif kimi iştirak etmisiniz…

– Aprel ayında Qazaxıstanın Aktube şəhərində “Altın Kamerton – 2024” müsabiqəsi keçirildi. Gənc dirijorların Bazarqali Jamanbayev adına I beynəlxalq müsabiqəsi ilk dəfə baş tuturdu. Münsiflər heyətində ev sahiblərindən başqa, Belarus, Latviya, Rusiya, Ukrayna və digər ölkələrdən mütəxəssislər var idi. Azərbaycanı da mən təmsil edirdim. Bakı Musiqi Akademiyasının və Azərbaycan Milli Konservatoriyasının tələbələri də müsabiqəyə qatılmışdılar. Çox sevindirici haldır ki, bizim uşaqlar qalib gəldilər. BMA-nın magistri Nəzrin Talıbova müsabiqənin diplomantı, AMK-nın  tələbəsi Həzimə Məmmədova III yeri tutdu. Hər iki qalibimiz Əməkdar incəsənət xadimi Sevil Hacıyevanın tələbəsidir.  

– Nə gözəl!

– Elədir. Müsabiqə ilə yanaşı, gənc dirijorlar üçün seminarlar təşkil edilmişdi. Həmin seminarlardan birini də mən keçirdim. Bir neçə saat ərzində gənclər onları maraqlandıran suallara cavab aldılar. 

– Yulizana xanım, bu, sizin Qazaxıstanda ilk belə çıxışınız idi? 

– Yox, hələ 2019-cu ildə başqa bir beynəlxalq müsabiqəyə münsif kimi dəvət olunmuşdum. Müsabiqədən əvvəl Aktube filarmoniyasının bədii rəhbəri, kamera xorunun rəhbəri Merbol Kuspanov mənə müraciət etdi ki, bəlkə, gəlmişkən bir konsert verəsiniz? Mən də sənətini çox sevən biri kimi razılaşdım. Bir neçə Azərbaycan xalq mahnısını, bir də “Yallı”nı xor üçün işləyib onlara göndərdim. 

– “Yallı”? 

– Bəli, “Yallı”. 

– Yəqin ki, “Yallı” rəqs melodiyasına fərqli yanaşmısınız.

– Bilirsiniz, əslində, “Yallı”nı akapella olaraq Bakıda ifa etmişdik. Amma onu bir layihə çərçivəsində həvəskarlar ilə hazırlamışdıq. “Yallı”nın melodiyası üzərində çalışanda fikirləşdim ki, o, birsəsli olsa, qulağa xoş gəlməz. Odur ki, melodiyanı çoxsəsli xor üçün işlədim, əl çalmaq, çırtma, step, bir də dodaqlar arasında sıxılaraq fışıldayan səsdən istifadə etdim. Peşəkar xor kollektivinin ifasında daha mükəmməl alındı. 

Yulizana xanım təvazökarlıqla özünə bəstəkar demir. Amma internet resurslarında onun xeyli vokal əsərinə, əsasən də romanslarına rast gəlmək mümkündür. Bir xormeyster olaraq, sırf insan səsi ilə işləmək, onu eşitmək bacarığı, musiqiyə sonsuz sevgi, sənətinə bağlılıq, pedaqoji qabiliyyət və hərtərəfli musiqi savadı Yulizana Kuxmazovanın ilham mənbəyidir. 

Gülcahan MİRMƏMMƏD

 

Mədəniyyət