İlmələrin yazdığı sehirli nağıllar

post-img

Dünən Azərbaycanda ilk dəfə olaraq Milli Xalça Festivalı başlanıb. Bu möhtəşəm bayram münasibətilə İçərişəhərin küçələri xalça ornamentli xüsusi dekorasiyalarla bəzədilib, rəngarəng və sehirli gözəlliyə malik müxtəlif naxışlı xalçalarla döşənib. 

Tədbir açılışında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə, “Azərxalça” ASC İdarə Heyətinin sədri Əməkdar incəsənət xadimi Emin Məmmədov, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun rəhbəri Yusif Abdullayev  çıxış ediblər.

Festivalın təşkili yerli və əcnəbi qonaqların böyük marağına səbəb olub. Ziyarətçilər qədim və müasir xalça nümunələri ilə tanış olublar. Xalça toxuma sənəti ilə bağlı böyüklər və uşaqlar üçün ustad dərsləri, maarifləndirici seminarlar, yarmarkalar, muğam axşamı və konsert proqramı da təşkil olunmuşdu. Ustad dərslərində xalçatoxuma sənəti ilə maraqlananlar xalçanın ərsəyə gəlməsinin bütün mərhələləri – ipliklərin boyanması, çeşnilərin və naxışların vurulması, xalçanın toxunması, emalı, yandırılması, yuyulması prosesi ilə yaxından tanış oldular. “Azərxalça” ASC-nin Azərbaycanın 14 regionundan gəlmiş toxucu və emal komandası qonaqlara xalça dəzgahı üzərində dərslər təqdim etdilər. Şirvanşahlar Sarayı, Kiçik Qala küçəsi, Qoşa Qala meydanı, Bakı Fotoqrafiya Evi, Azərxalça sərgi salonu, “Qgallery” və başqa məkanlarda da tədbirlər keçirildi.      

Festivalda milli toxuma sənəti nümunələri, əl işləri sərgilənən stendlərə yaxınlaşıb iştirakçılardan müsahibələr aldıq. 

“Zili” əl işləri markasının yaradıcısı Səidə Quliyeva: 

– Əl işləri Azərbacana məxsus xalça naxışlarından ilhamlanaraq hazırlanıb. Burada, Azərbaycan metal irsini gündəlik həyatda canlandıran incəsənət nümunələri də sərgilənir. Məhsulların üzərində xalça miniatürləri təsvir olunub. Ölkə daxilində və ölkədən kənarda da satışlar həyata keçiririk.

“Qızıl əllər” brendinin satış təmsilçisi Asif Qasımov: 

– Bədii oyma sənəti ilə məşğulam. Burada 100-dən çox əl işim sərgilənir. Mən onları hazırlayarkən milli dəyərlərimizə daha çox üstünlük verirəm. Çünki Azərbaycana əcnəbi turistlər çox gəlir. Əl işlərində mədəniyyətimizə xas olan milli  elementləri görəndə çox xoşlarına gəlir. Bunlarla yanaşı, qədim milli musiqi alətləri, İçərişəhərdə yerləşən bir çox milli abidələin maketlərini və s. işləyib hazırlayıram. 

Festivalda dekor əşyalar – telefon və stəkan altlıqları, divar saatları, qadınlar üçün zinət əşyaları, qurudulmuş meyvələr və güllərdən hazırlanmış sənət nümunələri, təbii materiallardan düzəldilmiş oyuncaqlar, kuklalar və s. nümayiş olunur. Burada, həmçinin, Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Azərxalça Açıq Səhmdar Cəmiyyətinin stendlərində xalça nümunələri sərgilənir.

Qeyd edək ki, ­UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olan İçərişəhərin evsahibliyi etdiyi Milli Xalça Festivalı Prezident İlham Əliyevin 25 noyabr 2016-cı il tarixli sərəncamı ilə təsis edilmiş “Xalçaçı günü” peşə bayramına həsr edilir. UNESCO-nun Qeyri-maddi mədəni irs nümunələri siyahısına daxil edilmiş Azərbaycan xalçaçılıq sənətinin təşviqi və yaşadılması missiyasını daşıyır. Festival “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin təşkilatçılığı, İqtisadiyyat Nazirliyi və AZPROMO-nun dəstəyi ilə keçirilir.

Festivala bu gün yekun vurulacaq.

Fidan SALMANOVA, 
Elşən AĞALAROV (foto)
XQ

 



























Mədəniyyət