Görkəmli rəssam Cahid Camalın irsi Vətənə qayıtdı

post-img

Xalq Bank “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrini Görkəmli Azərbaycan rəssamı, Moskvada yaşayıb-yaratmış Cahid Camalın zəngin və parlaq irsinə həsr edib. Azərbaycan, ingilis və rus dillərində hazırlanmış bədii albom dünən Xalq Bankın mərkəzi ofisindəki Rəsm Qalereyasınada xalq əmanətinə qəbul edildi.

Görkəmli rəssamların sənət bilicilərinin, yaradıcı ziyalıların iştirak etdiyi təqdimat mərasimində çıxış edən Xalq rəssamı, akademik Ömər Eldarov, Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Arif Hüseynov, Rəssamlıq Akademiyasının rektoru Natiq Əliyev, Xalq rəssamı, professor Səlhab Məmmədov, sənətşünas Qalib Qasımov kitabın rəsm həvəskarları üçün dəyərli mənbə, tələbələr üçün canlı dərslik olduğunu qeyd etdilər. Bildirildi ki, rəssamın ən yaxşı əsərlərinin toplandığı bu nəşr Azərbaycan təsviri sənətinin çağdaş dünyada tanınmasına növbəti töhfədir. 

Natiqlər nəfis və yüksək keyfiyyətlə hazırlanmış albomun nəşri ilə, nəhayət,  Cahid Camal irsinin qürbətdən Vətənə qaytarıldığını söylədilər. Narahatlıqla vurğulandı ki, görkəmli rəssamın Moskvada taleyin ümidinə qalmış əsərlərinin toplanıb, alınıb ölkəmizə gətirilməsi üçün əlaqədar qurumlar və sənət xeyriyyəçiləri təcili addımlar atmalıdırlar. Mərasimdə “Xalq Əmanəti” layihəsinin milli irsin qorunması sahəsində davamlı fəaliyyətindən dönə-dönə, minnətdarlıqla söz açıldı.

Rəssamın tədqiqatçısı və albomun mətn müəllifi Mariya Filatova Cahid Camalın həyat və yaradıcılığı barədə ətraflı məlumat verərək bildirdi ki, sənətkar 15 noyabr 1928-ci ildə Qarabağda, Ağdamın Gülablı kəndində anadan olub. Onun ata tərəfdən şəcərəsi Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın Sarıcalılar tayfasına qovuşur. 

Cahid Camal 1945-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini bitirən kimi, 1946-cı ildə V.İ.Surikov adına Moskva Dövlət Akademik Bədii İnstitutuna daxil olur, təhsilini “dekorçu-rəssam” ixtisası üzrə dekorativ tətbiqi rəssamlıq sənəti bölməsində davam etdirir. Ali təhsilini başa çatdırandan sonra Camal “Bolşoy Teatr”a stajçı-rəssam kimi işə götürülür və orada 2 il ərzində (1952–1954) peşəkar təcrübə toplayır. Staj müddətini bitirən həmyerlimiz Mayakovski adına Teatrda dekorçu-rəssam kimi işə düzəlir.  

1952-ci ildə rəssam Üzeyir Hacıbəylinin Azərbaycan Opera və Balet Teatrında səhnəyə qoyulan “Koroğlu” operası üçün dekorasiya eskizləri də çəkir. 1958–1961-ci illərdə isə Moskva yaxınlığındakı Elektrostal şəhərinin Xalq Opera Teatrında “Yevgeni Onegin”, “İolanta” tamaşaları üzərində çalışır. 1956-cı ildə Cahid Camal Moskvadakı VDNX-də (XTNS) Azərbaycan pavilyonunun baş rəssamı olaraq tədbirlərə qatılıb.  

Cahid Camal kitab qrafikası sahəsində də özünü əla illüstrator-rəssam kimi göstərməyə nail olub. O, Bakıdakı “Azərnəşr” və bir neçə Moskva nəşriyyatı (“Raduqa”, “Proqress” və s.) üçün kitablara tərtibat verir. “Koroğlu” xalq dastanı (1956), “Molla Nəsrəddinin lətifələri” (1959), C.İkraminin “Od qızı” (1965), X.Qoytisolonun “Elə həmin sözlər” (1967), Namdağın “Həyəcanlı illər” (1969) kitablarının bədii tərtibatı məhz ona məxsusdur. Özünü plakatçı-rəssam kimi də sınayan gənc sənətkar bir neçə il “Soyuzmultfilm”də multiplikasiyaçı-rəssam kimi də çalışıb. Sənətkar soydaşımız 2011-ci il iyunun 17-də Moskvada vəfat edib. 

Sənətşünas Mariya Filatova daha sonra söylədi ki, Cahid Camalın bədii üslubu və yaradıcılığının formalaşmasında coğrafiyanın müstəsna rolu var. O, Azərbaycanın yalnız şəhər mədəniyyətini deyil, kənd mühitini də göstərməyi bacarıb. Azərbaycanın dili, tarixi, əfsanə və rəvayətləri, təbiəti, musiqisi, memarlığı, xalq tətbiqi sənəti, xalı və tikmələri rəssamın ilham mənbəyinə çevrilib, əsərlərinin süjet və rəng həlli, parlaq boyalara və ornamentlərə sevgisində əks olunub. 

Cahid Camal Rusiya Federasiyasının Əməkdar rəssamı, Moskva Rəssamlar İttifaqı, Azərbaycan Rəssamlar İttifaqı, Monqolustan Rəssamlar İttifaqı və Beynəlxalq Təsviri Sənət Fondunun üzvü olub. Rəssamın əsərləri Azərbaycan İncəsənət muzeyində (Bakı), Q.Zanabazar adına Təsviri İncəsənət Muzeyində, Monqol Milli-Tarixi Muzeyində (Ulan-Bator), Dövlət Rus Muzeyində (Sankt-Peterburq), Dövlət Şərq Muzeyində (Moskva), qalereya və şəxsi kolleksiyalarda saxlanılır. Sərgiləri hələ sağlığında Bakı, Moskva, Dubna, Minsk, Almatı, Kişinyov, Ulan-Bator və Gəncədə təşkil edilib. 

Rəssamın yaradıcılığı zəngin mədəniyyəti olan 3 ölkə – Azərbaycan, Rusiya və Monqolustan ilə eyni dərəcədə bağlıdır. Onun adı bu ölkələrin XX əsrin ikinci yarısı və XXI əsrin birinci onilliyinin təsviri sənət tarixinə yazılıb. Bu vaxtadək Cahid Camalın rənglərin təbiətinin araşdırılmasına həsr edilmiş “Rəngin anatomiyası” və “Geyimdə rəng” əsərləri nəşr etdirilib. 

Xatırladaq ki, Cahid Camal Xalq Bankın son 15 ildə Xalq əmanəti layihəsinin saxlancına daxil etdiyi 24-cü ustad rəssamdır.

Tahir AYDINOĞLU 
XQ

 



Mədəniyyət