Qəlbləri nurlandıran ocaq

post-img

İnsanlar həyata bəzən göz nuru olmadan da gəlirlər. Onların öz dünyaları, duyum qabiliyyətləri olur. Paytaxtımızda bu insanları birləşdirən bir ocaq var. Respublika gözdən əlillər kitabxanası 40 ildən çoxdur ki, bu missiyanı yerinə yetirir. Kitabxanada çalışan insanlar tez-tez müxtəlif layihələr icra edirlər. 

Bu məkana çatdıqda bir tədbir başlamaq üzrə idi. Hamı kitabxananın “Özümüzü tanıdaq” layihəsi çərçivəsində şair-tərcüməçi Giya Paçxataş­vilinin audio-kitablarının təq­dimatına yığışmışdı. “Giyanın Qarabağnaməsi”, “Son əvvələ gedən yol”, “Hə dedim” adla­nan kitablarda şairin müxtəlif mövzularda yazdığı şeirləri toplanıb. Şeirləri Xalq artisti Eldost Bayram səsləndirib. Həmin şeirlərlə tanışlıq və Giya Paçxataşvili ilə ünsiyyət kontekstində göz nurundan məhrum insanların yaradıcı keyfiyyətləri üzə çıxır. Məra­simdə, həmçinin şairin qələmə aldığı “Zülmətdən gələn nur” marşı dinlənildi. Marşın mu­siqisi bəstəkar İqbal Ağayevə məxsusdur. Bu marş görmə əngəlli insanların birliyini və bəşəriyyətə çağırışını ifadə edir. 

Daha sonra biz kitabxa­nanın işçiləri ilə həmsöh­bət olduq. Təşkilatçı Ayxan Hüseynov fikirlərini bizimlə bölüşdü: 

– Görmə əngəlli insanlar Brayl əlifbasından istifadə edib oxuyurlar. Bu əlifba 6 nöqtəli sistemdir. Bütün hərf­lər bu nöqtələrdə cəmləşir. Ki­tabları hazırlmaq üçün xüsusi kağızlardan istifadə edilir. Çap maşınlarının inkişafı bu əlifba­nı daha da təkmilləşdirib. Ki­tabxanamızın fondunda Brayl əlifbasında 30 minədək bədii və tədris ədəbiyyatı mövcud­dur. Bu da gözdən əngəllərin təhsili üçün əhəmiyyətli rol oynayır. 

Kitabxana görmə əngəlli insanların sosiallaşmasında mühüm rol oynamağa baş­layıb. Burada göz nurundan məhrum qələm adamlarının yaradıcılıq gecələri keçirilir. Onların yaradıcılıq nümunələ­rinin tanıdılması üçün başqa addımların atılması da dü­şünülür. Yaxın gələcəkdə bu kateqoriyalı insanların səsli ki­tablarının sayının çoxaldılma­sı hədəflənir. Onların əsərləri respublika üzrə keçirilən kitab sərgilərinə də çıxarılır. 

Kitabxananın digər əməkdaşı Zəkəriyyə Qurba­novla da söhbət etdik. 

– Məqsədimiz kitabxana­mızı sosial media üzərindən tanıtmaqdır, – dedi. – Buna görə də müxtəlif tədbirləri təş­kil edərkən onlayn platforma­da yayırıq. Bu yolla insanların tədbirlərimiz barədə sosial mediadan xəbər tutaraq bizə qoşulması təmin olunur. 

“Gözüm ol mənim” adlı layihəni də icra edirik. Həmin layihənin ideyasını bizə Orxan Yusifov adlı həmvətənimiz ve­rib. O, ABŞ-da bu səpkili işlə­rin çoxdan görüldüyünü bildi­rib. Biz layihəyə 2017-ci ildən başladıq və bunu Kitab klubu səviyyəsinə qaldırdıq. Orxan Yusifov indi də müxtəlif kitab­lar oxuyur. Hazırda o, Fyodor Dostoyevskinin “İdiot” roma­nını ana dilmizdə səsləndirir. Bu da görmə məhdudiyyətli insanlar üçün növbəti hədiy­yədir. Hazırda bu platforma sosial şəbəkə səhifələri üzə­rində də yayımlanmaqdadır.

Ölkəmizdə bu cür kitabxa­nanın fəaliyyət göstərməsi biz­ləri sevindirir. Görmə əngəlli vətəndaşlarımızın fəal sosial həyat uğrunda mübarizəsi in­sanda ruh yüksəkliyi yaradır. Onlara hər vasitə ilə yardımçı olan kitabxananın kollektivinə uğurlar diləyi ilə: 

Ceyhun MİRZƏLİ

Mədəniyyət