III yazı
Görkəmli müğənnimiz Zeynəb Xanlarovanın oxuduğu hansı mahnı sevilməyib ki?! Onun səsindən tanıdığımız hansı nəğmə müğənninin mükəmməl ifası ilə yadda qalmayıb ki?! Dünya şöhrətli müğənnimizin repertuarındakı xalq mahnı və təsniflərini, bir də yaradıcılığının erkən çağında ifa etdiyi muğamları çıxsaq, oxuduğu bəstəkar mahnılarının ən azı 90 faizi məhz Zeynəb xanım üçün bəstələnib və onun səsindən sevilib. O cümlədən sözləri Nəbi Xəzriyə, musiqisi Arif Məlikova aid “Güllərim” mahnısı. Lakin...
1974-cü ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Nəbi Xəzrinin “Əks-səda” pyesi tamaşaya hazırlanırdı. Tamaşanın quruluşu rejissor Əşrəf Quliyevə, musiqisi isə Arif Məlikova həvalə edilir. Bu tamaşada bir mahnı da varmış. (Dövrünün ən gözəl nəğməkar şairlərindən olan Nəbi Xəzrinin pyesi mahnısız keçinərdimi?) Əsərin qəhrəmanlarından biri – talesiz Çinarə Bakıda xəstəxanada müalicə alarkən öz hisslərini, həyatındakı gərgin məqamları ifadə edən bir mahnı oxumalıydı... Mahnının adı da “Güllərim” idi.
Böyük bəstəkar Arif Məlikov televiziyaların birində “Bir mahnının tarixçəsi” proqramının “Güllərim”ə həsr olunmuş buraxılışında həmin vaxtı belə xatırlayırdı: “Axşamüstü mətni mənə gətirdilər. Royalın arxasına keçib bir qədər işlədikdən sonra mahnını yazdım. Mahnını yazmaq üçün partitura lazım deyildi, o mahnıya da nə lazım olduğunu bilirdim: xalq çalğı alətlərinin müşayiəti gərək idi, müğənni olaraq da Zeynəb xanımı gördüm. Zeynəb xanımla elə studiyada görüşüb məşq etdik və mahnını lentə aldıq”.
İllər sonra Zeynəb xanım özü də etiraf edəcəkdi ki, “Güllərim” mahnısının məhz tamaşa üçün yazıldığını bilmirmiş. Sadəcə, ona təklif edilən mahnını yalnız özünün ürəyinə yatdığına görə seçib oxuyan böyük müğənni “Güllərim”i də Nəbi Xəzri– Arif Məlikov yaradıcılıq tandeminin mükəmməl nümunəsi kimi bəyənir və lentə yazdırır.
Lentə alınmış mahnının bir nüsxəsi o dövrün qaydalarına əsasən, respublika radiosuna təhvil verilir, bir nüsxəsi də tamaşada istifadə edilmək üçün teatra göndərilir. Lakin bu nüsxədən tamaşada istifadə etmirlər. Yaradıcı heyət belə qərara gəlir ki, tamaşada mahnını Çinarə rolunun ifaçısı – gənc aktrisa Sevil Xəlilova özü ifa etsin... Sonralar mərhum aktrisa Sevil Xəlilova etiraf edəcəkdi ki, radio dalğalarında bu mahnını Zeynəb Xanlarovanın səsində eşidərkən qəribə hisslər keçirirmiş. Əlbəttə, gənc dramatik aktrisa ilə səsi ilə səhnələri fəth edən məşhur müğənninin ifası arasında bərabərlik işarəsi qoymaq olmazdı və aktrisa da bunu gözəl anlayırdı. Sonralar bu mahnını digər populyar müğənni Nisə Qasımova da oxudu.
Lakin bütün maraqlı tamaşalar kimi, mükəmməl mahnıların da öz ömrü var, onlar da öz dövrünü yaşayıb tarixə qovuşurlar. Onlara yeni həyat vermək, yenidən populyarlaşdırmaq üçün təzə nəfəsə, fərqli yanaşmaya ehtiyac var. Xalq çalğı alətlərinin müşayiəti ilə lentə alınmış “Güllərim” mahnısının da qismətində yenidən həyata dönmək varmış.
Xalq artisti Brilyant Dadaşova mahnı yaranandan təxminən 30 il sonra ona qayıdır. Əslində o, həmin mükəmməl mahnını elə Zeynəb xanımın oxuduğu versiyada da ifa edə bilərdi. Müğənninin ustalığı, səsindəki xırdalıqlar musiqinin gözəlliyi və mətnin məna yükü ilə qovuşaraq maraqlı bir ifa yaradardı. Lakin Brilyant xanım və Ənvər Sadıqov yaradıcı cütlüyü “Güllərim”i tamam fərqli tərzdə təqdim etdi. Müğənninin öz dili ilə desək, sadəcə, “Güllərim”ə fərqli yanaşmaq lazım idi, melodiyadakı akkordion sədaları qüvvətləndirmək, bütün mahnının səslənişindəki tar alətinin “yükünü” akkordiona yönəltməklə yeni bir ifa meydana gətirmək olardı. Müğənni mahnı üzərində çalışarkən Ənvər Sadıqova dediyi fikrinə mahnının lentə alınmasında da əməl etmişdi: “Dedim ki, Ənvər, mən bu mahnıda heç bir xırdalıq etməyəcəyəm. Xırdalıq etsəm, bu, şirinçayla paxlava yeməyə bənzəyəcək”.
Arif Məlikov XX əsrin 70-ci illərinin uğurlu mahnısının XXI əsrin əvvəlinə “transfer”ini çox bəyənmişdi. Onun kimi ciddi və haqlı olaraq, öz əsərlərinə böyük həssaslıqla yanaşan bəstəkarın mahnısının yeni oranjimanını onun özünə bəyəndirmək hər müğənninin, ifaçının hünəri deyil. Lakin Arif müəllim mahnının ömrünü uzadan, onun dinləyicilərinin yaş senzini gəncləndirən bu versiyasını o qədər xoşlayır ki, hətta mahnıya klipin çəkilişində də iştirak edir. Həm də klipdə bəstəkar kimi yox, gül-çiçək aşiqi olan, onları yetişdirməyi xoşlayan insan, gül natürmortları çəkməyi sevən rəssam obrazında çəkilir.
Gülcahan MİRMƏMMƏD