Mədəniyyət Nazirliyinin təşkil etdiyi “Yaradıcı müzakirələr” layihəsi davam edir. Bu layihə paytaxtda, eləcə də regionlarda mədəniyyət və yaradıcılıq sahələrində bacarıqların inkişafını təşviq edən maarifləndirici təşəbbüsdür.
Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə ötən ildən keçirilməyə başlanan layihə çərçivəsində 10 regionda 100 maarifləndirici tədbir təşkil edilib, 3 minə yaxın iştirakçı yaradıcı sənayelər haqqında ətraflı məlumat alıb.
Cari ilin may ayında yenidən həyata keçiriləcək “Yaradıcı müzakirələr” layihəsi ilkin mərhələdə Quba, Gəncə, Mingəçevir, Şəki və Şamaxı şəhərlərini əhatə edəcək. Daha sonra sentyabr–oktyabr aylarında Lənkəran, Naxçıvan, Sumqayıt, Bakı və Şuşa şəhərlərində davam edəcək. Layihə çərçivəsində 10-dan çox yaradıcı klaster üzrə seminar, ustad dərsləri, tanınmış şəxslərlə görüşlər və təlimlər təşkil olunacaq.
Ümumilikdə, təşkil olunan sessiyalar kino, teatr, rəsm, dizayn, xalçaçılıq, kulinariya, animasiya, virtual oyun biznesi, yaradıcı startaplar, fotoqrafiya, musiqi, bədii şüşə sənəti, dəb və digər mövzuları əhatə edəcək.
XQ