Planetimiz siyasi və hərbi qarşıdurmalar burulğanında

post-img

Son vaxtlar dünyada terror və müharibələr olduqca təhlükəli həddə çatıb. Üçüncü Dünya müharibəsi artıq bir addımlığımızdadır. Ukraynada lokal nüvə müharibəsinin başlana biləcəyi də istisna olunmur. Yəni, cin hər ana şüşədən çıxa bilər və bəşəriyyət fəlakətlə üzləşər. Hər halda, ümid edək ki, bu, baş verməyəcək.

Dünyanın yeni siyasi nizamı Ukrayna böhranının nə vaxt və necə çözülməsindən çox asılıdır. Görünən budur ki, tərəflər, eləcə də onların arxasında duran güclər heç cür güzəştə getmək istəmir. Moskva qarşısına qoyduğu hədəfə çatmaq üçün bütün qüvvələrini səfərbər edib, Ukrayna isə Qərbin köməyinə güvənərək öz ərazi bütövlüyünü bərpa edəcəyinə ümid bəsləyir. 

Müharibə ona görə uzanır ki, nə Rusiya, nə də ondan resursları dəfələrlə az olan Ukrayna dərin güclər tərəfindən nə qədər mənasız bir oyuna cəlb olunduğunun fərqinə varır. Ukrayna ərazisinin, demək olar ki, iyirmi faizindən çoxunu itirib, əhalisinin az qala 25 faizi qaçqın və məcburi köçkünə çevrilib. Bu gözəl və bərəkətli ölkənin bir çox şəhər və kəndləri göz önündə dağılıb məhv olur.  

Son 2 ildə Ukraynanı tərk etməyə məcbur olan ailələr əsasən, Avropa və ABŞ-da məskunlaşıblar. Ucuz işçi qüvvəsinə ehtiyac duyan Avropa İttifaqına (Aİ) üzv dövlətlərin iş adamları bundan öz maddi mənafeləri üçün yararlanmağa çalışırlar. “Köhnə qitə” açıq şəkildə etiraf etməsə də, özünün demoqrafik problemlərini qismən də olsa, binəsib ukraynalı gənclərin hesabına həll edir. Müharibənin acı həqiqətləri budur!  

Bu il martın 22-də Moskva ətrafındakı Krasnoqorsk şəhərciyində yerləşən nəhəng “Krokus city hall”da baş verən dəhşətli terror aktndan sonra Rusiya ilə Qərb arasında savaş ritorikası daha da kəskinləşib. Hələlik Ağ evin hazırkı rəhbərinin başı bu ölkədə 4 noyabrda keçiriləcək prezident seçkilərinə qarışıb. Ukraynanı isə hazırda əsasən Avropa öz himayəsinə götürməyə məcbur olub. 

Reallıq budur ki, “Köhnə qitə”nin şərqində iki slavyan dövləti vuruşur və müharibə alovunun qonşu dövlətlərə keçəcəyi istisna olunmur. Bir çox ekspertlər hesab edirlər ki, bu xəmir hələ çox su aparacaq, ona görə ki, savaş hələ kulminasiya nöqtəsinə çatmayıb. Anqlosaksların məqsədi Almaniyanı Rusiya ilə üzbəüz qoymaqdır. 

Berlin hələlik bütün bunları görməzlikdən gəlir, özünü “sakit” aparır və Rusiya tərəfini aşırı qıcıqlandırmaqdan çəkinir. Almaniya kansleri Olaf Şolts isə ümid edir ki, Rusiya növbəti dəfə hirsini polyakların üzərinə tökə bilər. Moskva, təbii ki, bu ittihamları yersiz və əsassız adlandıraraq təkzib edir. Bu məqamda “sən saydığını say, gör fələk nə sayır?” deyimi yada düşür. 

Əslində, Makron Fransası Almaniya və Polşanı çoxdan qurban verməyə hazırdır. Paris üçün müqəddəs heç nə yoxdur. Bunu Yelisey sarayı dəfələrlə riyakar xarici siyasəti ilə “sübut edib”. Fransa son aylar tez-tez Cənubi Qafqaz regionunda da suyu bulandırmağa çalışır. Lakin hər dəfə rəsmi Bakı və Ankaranın prinsipial mövqeyi qarşısında geri çəkilməli olur.

Polşa, Rumıniya, eləcə də Baltikyanı dövlətlər Rusiya ilə birbaşa savaşa cəlb olunmaqdan çox çəkinirlər. Hətta dünyanın ən güclü hərbi alyansı olan NATO-nun tam dəstəkləyəcəyinə zəmanət yoxdur. Alyansın nizamnaməsində yazılanlar bir başqadır, həyat bir başqa. Fransız, yaxud alman əsgərlərinin polyaklar üçün həyatından keçəcəyi ağlabatan görünmür. Polyaklar dəfələrlə bunun şahidi olublar. 

Məlumdur ki, Aİ-nin aparıcı  iqtisadiyyatı sayılan Almaniya Çinin ən böyük ticarət tərəfdaşlarından biridir. Dünyada hegemonluğunu davam etdirmək arzusunda olan ABŞ-ın əsas niyyəti isə məhz Çini qlobal bazarlardan təcrid edərək iqtisadi cəhətdən çökdürməkdir. Bir çox ekspertlər Yaxın Şərqdə gedən proksi, yəni vəkalət müharibələrinin məhz bununla bağlı olduğunu iddia edirlər. Deməli, savaşın coğrafiyası daha da genişlənə bilər. 

Avropada hələ Böyük Karlın dönəmindən bəzi yazılmamış qanunlar mövcuddur. Burada heç bir dövləti qitənin vahid ağası görmək istəmirlər. Almaniyanın XX əsrdə üçüncü dəfə Avropada lider olmaq şansını önləmək üçün ortaya “Brexit” çıxarılıb. Berlin–Moskva iqtisadi tendemi də nə Londonu, nə Parisi, nə  də Vaşinqtonu təmin edirdi. Avropanı qarışdırmaq planı həm də bu amildən qaynaqlanır. 

Yuxarıda qeyd etdiyimiz kimi, okeanın o tayında oturan “Sem dayı”nın əsas hədəfi dünyanın ikinci böyük iqtisadiyyatı olan “Sarı əjdaha”nı, yəni Çini cilovlayıb yerinə oturtmaqdır. Bunun üçün Çinin yan-yörəsini budayırlar. Belə ki, Pekinin əsas ticarət tərəfdaşları nəyin bahasına oldursa-olsun gücdən salınır. 

Çin iqtisadiyyatı çökəcəkmi? Buna birmənalı cavab vermək çətindir. Pekin öz növbəsində əks tədbirlər görür. Lakin Çinin bu mücadilədən qalib çıxacağı indandırıcı görünmür. Ən azı ona görə bu ölkə yaxın onilliklər  ərzində sivil dünya üçün yeni sivilizasiya məkanı olmaq iqtidarında deyil. “Yumşaq güc”ə çevrilməyən ölkə dünya liderliyinə iddialı ola bilməz.    

ABŞ-da demokratların, yaxud onların siyasi rəqibləri olan respublikaçıların namizədləri Co Bayden ilə Donald Tramp arasında Ağ evə sahib çıxmaq uğrunda gərgin mücadilə gedir. Ukrayna arzu edir ki, Trampın revanşı baş tutmasın. Bəzi siyasi təhlilçilər hətta indiki rəqiblərin yerinə başqa isimlərin səhnəyə çıxacağını istisna etmirlər. Görünən isə budur ki, Amerikanın möhtəşəm siyasi arxitekturası çat verir.  

Dünya birliyi bu siyasi, hərbi, iqtisadi labirintdən çıxmaq üçün özündə güc tapa biləcəkmi? Bəşəriyyət yeni sivilizasiya, daha ədalətli dəyərlər ortaya qoya biləcəkmi? Bu, həyati zərurətdir! Vəziyyətin artıq çox təhlükəli həddə çatdığını başa düşmək bu qədərmi çətindir? 

Mübariz MƏMMƏDLİ, 
Bakı Slavyan Universitetinin professoru

İkinci Dünya müharibəsindən sonra heç vaxt qlobal siyasi proseslər bu qədər gərgin və təhlükəli səciyyə daşımayıb. Dünya köhnə qaydalara artıq tabe olmaq istəmir, yeni dünya düzəni isə hələ formalaşmayıb. Çıxış yolunu isə mütləq tapmaq lazımdır. 

Hazırda planetimizdə bir çox yeni güc mərkəzləri yaranır. “Kollektiv Qərb” qlobal liderliyə iddialı olan Çinə barmaq silkələyir. O biri tərəfdən “Qlobal Cənub” deyilən üçüncü bir qüvvə “mən də varam!” deyir. 

Belə bir təlatümlü dönəmdə türk dövlətlərinin siyasi, iqtisadi və hərbi güclərini birləşdirməsi son dərəcə böyük əhəmiyyət kəsb edir. Türkiyənin regionda və bütün dünyada artan gücü Qərbi və hətta bəzi qonşularını narahat edir. Lakin Rəcəb Tayyib Ərdoğanın müdrik və qətiyyətli  siyasəti rəqiblərin məkrli planlarını pozur.

Afrikadan faktiki olaraq “non-qrata” elan olunaraq qovulan Fransanın Cənubi Qafqazda Ermənistan vasitəsilə hadisələrə müdaxilə etmək planları regionda gərginliyin artmasına gətirib çıxarır. Təəssüf ki, Paşinyan iqtidarı İkinci Qarabağ müharibəsinin nəticələrindən özünə dərs çıxarmadan yaxın qonşularla normal münasibətlər qurmaq əvəzinə, özünə yeni ağa axtarır.

Məsaim Abdullayev 
XQ   

 



Dünya