Azərbaycan dünya şahmat zirvəsində

post-img

Yeni nəsil bu uğuru qoruya biləcəkmi?

Dünya şahmat elitasında son illər yer almış yeni adlar daha güclü nəslin yetişməsindən xəbər verir. Uzun illər dünya reytinqində ilk 10-luqda Azərbaycanın 2, hətta 3 şahmatçısı yer alıb. Hazırda 3 təmsilçimiz yalnız ilk 100-lükdə – Şəhriyar Məmmədyarov 17-ci, Teymur Rəcəbov 28-ci, Rauf Məmmədov 85-ci pillədə yer alır ki, onların da orta yaş həddi təxminən 37-dir. 

Müsahibimiz, Azərbaycanın yeniyetmələrdən ibarət yığmasının baş məşqçisi Fərid Abbasovla ölkəmizdə uşaq şahmatının inkişafı, istedadlı zəka ustalarının yetişməsi üçün yaradılan imkanlardan danışdıq. 

– Fərid müəllim, uşaq, yeniyetmə və gənc şahmatçılarımızın bugünkü potensialı ilə bağlı nə deyə bilərsiniz?

– Son illərdə şahmatçılarımız ən nüfuzlu yarışlarda mühüm nailiyyətlər qazanıblar. 2019-cu ildə Türkiyədə keçirilən olimpiadada tarixdə ilk dəfə Azərbaycan komandası çempionluq sevinci yaşadı. Yığmanın heyətində Əhməd Əhmədzadə, Vüqar Manafov kimi istedadlı şahmatçılar da yer almışdılar. 2019-cu ildə 14 yaşlılar arasında dünya çempionu olan Aydın Süleymanlı 2020-ci ildə ən güclü turnirlərdən biri olan “Aeroflot open”də birinci yeri tutub. Avropa çempionatında əldə qızıl medallar gənclər arasında istedadlı şahmatçılarımızın yetişməsinə gözəl nümunədir. Ayan Allahverdiyeva kimi fenomen şahmatçımız var. İkiqat Avropa çempionu Cahandar Azadəliyev kimi güclü potensiala malik şahmatçı yetişib. Qadınlardan ibarət komanda üzvləri, əsasən gənclərdən ibarətdir. Onlardan biri Gövhər Beydullayeva ötən il 20 yaşlılar arasında dünya çempionu olub. Həmin turnirdə Məhəmməd Muradlı oğlanların yarışında qızıl medal alıb. Yəni, bunlar çox böyük nailiyyətlərdir. Keçən il perspektivli şahmatçımız Read Səmədov Ümümdünya Şahmat Olimpiadasında öz taxtasında qızıl medal qazandı. Belə zəka sahiblərini yetişdirmək çox böyük güc və vəsait tələb edir. 

– Yeni nəsil şahmatçıların dünya reytinqində ilk sıralara yüksəlmələri üçün hansı perspektivlər var? 

– Qeyd etməliyəm ki, 2007–2017-ci illərdə diqqət 99,9 faiz əsas millilərə yetirilib. Uşaq şahmatı sırf entuziastların üzərində qurulub. Belə olan təqdirdə, inkişaf üçün kompleks yanaşma tətbiq edə bilmirdik. Azərbaycan Şahmat Federasiyasının yeni rəhbərliyi uşaq şahmatının inkişafına böyük önəm verir. Uşaq Gənclər Komissiyası yaradılıb ki, bu da imkanlarımızı xeyli artırır. Bakıda federasiyanın nəzdində şahmat akademiyası fəaliyyətə başlayıb. Orada yeni istedadların üzə çıxması üçün ən güclü mütəxəssisləri cəlb etmişik. Federasiya rəhbərliyi gənclərimizin dünya reytinqində yüksək mövqelərə çatmaları üçün hər cür şərait yaradıb. Bu sahədə güclü potensial var və təbii ki, onu inkişaf etdirmək üçün müvafiq qurumlarla kompleks tədbirlər həyata keçirmək lazımdır. 

– Ölkəmizdə şahmatın tədrisi necə həyata keçirilir? 

– Uşaq-gənclər idman–şahmat məktəblərində, eləcə də orta ümumtəhsil müəssisələrində çalışan məşqçi-müəllimlərin peşəkarlığının aşağı olması bu gün çox böyük problemlər yaradır. Xatırlayıram ki, 2012-ci ildə Təhsil Nazirliyinin xətti ilə regional məşqçilərin səviyyəsini ölçmək üçün Gəncəyə ezam olunmuşduq. Onların təxminən 90 faizindən çoxunun şahmat bilikləri olmadığı meydana çıxdı. Bu yaxınlarda federasiyanın daha bir araşdırması zamanı Bakıda, eləcə də bölgələrdə şahmat müəllimlərinin əksəriyyətinin bu idman növündə bilik səviyyəsinin çox aşağı olması müşahidə edildi. Söhbət ondan gedir ki, bu sahədə köhnə sistemlə işləməkdə davam edirik. 

Əvvəllər ayrıca şahmat məktəbləri fəaliyyət göstərirdi. Bu məktəblərin  daha sonra uşaq-gənclər və idman məktəbləri ilə birləşməsi şahmatın xeyrinə olmadı. Vaxtilə şahmat üzrə gözəl mütəxəssis, məşqçi Tofiq İsmayılov Binəqədi Şahmat  Məktəbinin inkişafı, orada istedadlı uşaqların yetişməsi üçün gözəl şərait yaratmışdı. Tədris müəssisələri birləşəndə bu məktəbi də bağladılar və o, işsiz qaldı. Hazırda, Tofiq İsmayılovun Türkiyədə yaratdığı klubda uşaq şahmatçılar yetişir. 

– Şahmatçı və mütəxəssislərimiz çox vaxt ölkəmizdə iş tapa bilmədiklərini deyirlər...

– Şahmatçı və məşqçilərdən ingilis dilini yaxşı bilənlər, əsasən ABŞ-a köçürlər. Onların Amerikaya getmələrinin əsas səbəbi orta statistik şahmatçının hətta qiymət fərqini də nəzərə alsaq, müqayisədə 10 dəfə artıq qazanmasıdır. Biz elə bir şərait yaratmalıyıq ki, xaricə axın olmasın. Qadınlar arasında Azərbaycan çempionatının qalibi və mükafatçısı olmuş Nərmin Kazımova, qrossmeyster Misrətdin İsgəndərov və digər belə adlı-sanlı şahmatçıların xaricə köçməsi ciddi siqnaldır. Belə zəka sahiblərinin işlə təmin olunmasına xüsusi diqqət yetirmək lazımdır. Onlar xaricdə özlərinə uyğun iş tapa bilirlərsə, bu, ölkəmizdə niyə mümkün olmasın? Kiçik bir araşdırma aparmışam. Azərbaycanda oynayan hər 130 min şahmatçı arasından cəmi 1 beynəlxalq qrossmeyster, yaxud beynəlxalq usta yetişir. 1 qrossmeysterin yetişməsi üçün nə qədər enerji, vəsait, zamanın sərf olunduğunu düşünün. Onların çoxu şahmat məktəblərində işə düzələ bilmirlər. Səbəb də budur ki, yer yoxdur. 

– Belə çıxır ki, şahmat bilikləri olmayan müəllimlər yerləri tutduqları üçün daha layiqlilər kənarda qalır?  

– Kiçik bir eksperiment apardım. Adını çəkmək istəmədiyim iki məktəbdə işləmək arzusunda olduğumu bildirəndə yerlərin dolu olması cavabını aldım. Belə olan halda, mütəxəssis məcbur olub, xaricə üz tutur. Əsasən, qardaş Türkiyədə çoxlu məşqçilərimiz var. Hazırda orta ümumtəhsil, hətta məktəbəqədər müəssisələrdə də şahmat dərsləri tədris olunur. Belə dərsləri bu intellektual idman növünün sirrlərini bilən, onu sevən və uşaqlara bu məhəbbəti aşılaya bilənlər tədris etməlidirlər. Necə olur ki, ən çox qrossmeysterə malik olan Rusiyada şahmat mütəxəssislərimiz iş tapa bilirlər, bizdə yox. Türkiyənin hər yerində, hətta ən ucqar əyalətlərində belə məşqçilərimiz iş tapıb işləyirlər. Şahmatçıların xaricə üz tutması, baş məşqçi kimi məni də çox narahat edir. İlk növbədə məktəbdənkənar təhsil müəssisələrində bu şahmatçılar üçün yer ayrılmalı, onlara ən yüksək kateqoriya ilə maaş verilməlidir. 

– Bizdə olan məlumata görə, şahmatı tədris edən məşqçilərin sertifikatlaşdırılması ilə bağlı məsələyə baxılır. Bununla bağlı nə deyə bilərsiniz? 

– Azərbaycan Şahmat Federasiyasında məşqçilər komissiyası fəaliyyət göstərir ki, bu qurum müəllimlərin sertifikasiyadan keçmələri üçün testlər hazırlayır. Bu yolla müəllimlərin biliklərini müəyyən etmək olar. Bununla da, şahmatla heç bir əlaqəsi olmayan şəxslərin müəllim kimi çalışmasının qarşısını almaq olar. Bu yaxınlarda kişilər arasında Azərbaycan çempionatının gümüş mükafatçısı olmuş beynəlxalq usta, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını şahmat ixtisası üzrə bitirmiş gəncin uzun illər işə düzələ bilməməsi faktı ilə qarşılaşdım. Belə neqativ halların aradan qaldırılması üçün sertifikatlaşdırmanın mühüm rolu ola bilər. Yüksək biliyə malik şahmatçı və mütəxəssislərimizin gücündən maksimum istifadə edib bu idman növünün daha da kütləviləşməsini təmin etmək olar. Belə olarsa, daha çox sayda istedadlıların yetişməsinə və onların dünya reytinqində ilk sıralarda yer almasına nail ola bilərik. 

Leyla QURBANOVA 
XQ

 



İdman