Azərbaycan – 2 bədəndə 1 can
Bu dəyərli kitabı əldə etiyimə görə mərhum deputat həmkarımız, Turan təəssübkeşi Qənirə Paşayevanın ruhuna dualar oxuyuram. Belə ki, ötən ilin fevralında – mənim 70 yaşım tamam olanda o, bizi – bir neçə yubilyar qələm sahibini öz iş otağına çağıraraq təbrik etmiş, haqqımızda müsbət fikirlər səsləndirmiş və hədiyyələr vermişdi. Həmin tədbirdə yubilyar kimi iştirak edənlərdən biri də AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Güney Azərbaycan ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, filologiya elmləri doktoru, dosent Esmira Fuad mənə bu kitabını bağışlamışdı.
Redaksiyada həmin kitabı görən alim dostlarımızdan biri xahiş etdi ki, icazə ver, bu kitabı evə aparım, uzağı 10 günə qaytarıb gətirəcəm. İnandım, apardı və bir il bir aydan sonra gətirdi.
Əlqərəz, bu dəyərli kitabda Cənubi Azərbaycanda yaşayan şairlərimizdən 27 nəfər haqqında qısa bioqrafik məlumatlar və onların Vətən müharibəsinə həsr olunmuş şeirləri toplanıb. Əslində, bu çap məhsulu haqqında söz açarkən “dəyərli kitab” ifadəsi o qədər də kifayət eləmir. Elə ona görə də kitabdakı bəzi şeirlərə diqqət yönəltmək məqsədəuyğundur.
Məsələn, Kərim Mamağanlının bir bəndlik “Dünənki körpələr” şeirinə baxaq:
Dünən qucaqlarda gedən körpələr
Bu gün tank üstündə dönür yurduna.
İşğalçı daşnaklar, qorxaq köpəklər
Yenik düşmədədir Qafqaz qurduna.
2020-ci il oktyabrın 14-də, müharibənin başlanmasından 17 gün sonra yazılmış bu şeiri ona görə önə çəkdim ki, orada Ali Baş Komandanımızın dəfələrlə təkrar etdiyi bir ifadənin təsdiqini görürük. Cənab İlham Əliyev qələbədən sonra deyirdi ki, Qarabağı düşmən işğalından azad etmiş əsgər və zabitlərimizin əksəriyyəti ya o yerləri görməyib, ya da oradan didərgin düşəndə körpə uşaq olublar.
Yaxud, Ərsalan Mirzayinin “Qarabağ” şeirindən bir bəndə nəzər salaq:
Bu bağ bizə bağlıdır,
Dörd bir yanı dağlıdır.
Özüm Qaşqay elindən,
Könlüm qarabağlıdır.
İndi isə Fəridə Süleyman Aytəkinin 2020-ci il dekabrın 27-də yazdığı “Zəfər qazandıq” adlı şeirindəki bir bəndə diqqət yönəldək:
Vətənin Ordusu Zəfər qazandı,
Düşməni qovdular, it qovan kimi.
İllərcə torpağım qərib qalmışdı,
Göstərə bilmirdim ona sevgimi.
Qoşaçay şəhərində doğulub Urmiyada böyümüş bu xanımın üstün cəhətlərindən biri də odur ki, o, kiril əlifbasında olan bir çox kitabın Güney Azərbaycandakı soydaşlarımızın oxuya bildiyi əlifbaya çevrilməsini təmin etmişdir. Elə şeirində istifadə etdiyi “it qovan kimi” ifadəsi də onun Azərbaycan Prezidentinin nitq, çıxış və müsahibələrini oxumasından xəbər verir.
İndi isə təbrizli bacımız Hayde Buluki Özləmin “Qarabağım” şeirindəki “öfkə” məsələsinə diqqət yönəldək:
Çıxdın zülüm qəfəsindən,
Kar oldu dünya səsindən.
Təngə gələn nəfəsindən
Öfkə yağır, Qarabağım.
Fikrimizcə, ana dilimizdəki hirs, qəzəb, hiddət mənası verən öfkə ifadəsinin bu məqamda işlədilməsi də təsadüfi deyildi. Çünki cənab Prezident ermənilərə də, onların havadarlarına da dəfələrlə xatırlatmışdı ki, bizim də səbrimizin tükəndiyi vaxt olacaq, Azərbaycanın səbri ilə oynamayın.
Həmid Əhmədzadə Telimxan, Əli Daşqın, Cabir Lütfi, Nadir Paşa, Kövrək Hüseyn, Əbutalib Allahyari Tutqun, Hüseyn Siyami, Bəhram Əsədi, Rəsul Qədiri və digər soydaşlarımızın şeirlərində də Azərbaycan dövlətinin və xalqımızın mövqeyi qətiyyətlə, israrla və təbii ki, həm də ədəbi dillə müdafiə edilir.
Nəhayət, Esmira Fuad kimi tanıdığımız Esmira Şükürova ad-soyadlı alim-jurnalist haqqında. Filologiya elmləri doktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü olan bu xanım Qubanın Yuxarı Susay kəndində Seyfəl Məmmədovun ailəsində dünyaya gəlmişdir. Bakı Dövlət Universiteti nəşriyyatında redaktor, Ali Diplomatiya Kollecində elmi metodist, “Azərbaycan diplomatiyası” jurnalında baş redaktorun I müavini, “Respublika” qəzetində uzun illər humanitar şöbənin müdiri vəzifələrinə işləyən Esmira Fuad 1999-cu ildən AMEA Nizami adına Ədəbiyyat İnstitutunda çalışır.
Amerika Bioqrafiya İnstitutu tərəfindən Cənubi Azərbaycan Ədəbiyyatı üzrə ekspert elan edilən bu həmkarımız 2016-cı ildə AMEA Nizami adına Ədəbiyyat İnstitutu üzrə ilin alimi seçilib. Oğlu Fuad avtomobil qəzasında həlak olduqdan sonra bütün yazılarını Esmira Fuad imzası ilə təqdim edir.
İttifaq MİRZƏBƏYLİ