Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2024-cü il yaz sessiyasının növbəti plenar iclasında “Naxçıvan Muxtar Respublikasında insan hüquqlarının qorunması haqqında” Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2023-cü il üzrə məruzəsi dinlənilib, cari məsələlər nəzərdən keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov məlumat verib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında irəli sürdüyü “Media haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklə bağlı qanun layihəsi Azərbaycan Respublikası Milli Məclisinin komitələrində müzakirə olunub və 29 mart 2024-cü il tarixində Milli Məclisin növbəti plenar iclasında birinci oxunuşda qəbul edilib. Bugünlərdə Ali Məclisin rəsmi internet saytı istifadəyə verilib.
Sonra Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Günay Rzayeva 2023-cü il üzrə fəaliyyətə dair məruzə edib. Məruzə ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Hüquq siyasəti komitəsinin sədri İsmayıl Qəribli komitənin rəyini diqqətə çatdırıb. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) illik məruzəsinin nəzərə alınması ilə bağlı qərar səsə qoyularaq qəbul edilib.
Cari məsələlərin müzakirəsi zamanı deputatlar elm, təhsil müəssisələrinə, digər yerlərə verilən və daha sonra ləğv edilən şəhid adlarının bərpası, məhəllədaxili yolların təmiri, deputatın statusu ilə bağlı bir sıra məsələlər, görkəmli şəxsiyyət Əbülfət ağa Şahtaxtinskinin məzarının bərpası, içməli su təminatı, əhalinin məşğulluğunun təmin olunması, vətəndaşların məişət şəraitinin yaxşılaşdırılması, onların tibbi sosial yardımla təminatı, sahibsiz heyvanlarla bağlı və digər mövzularda çıxış ediblər.
XQ