28 may 1918-ci ildə İrəvan xanlığının ərazilərində erməni dövləti elan olunandan sonra əhalinin demoqrafik quruluşunu ermənilərin xeyrinə dəyişdirmək üçün Ermənistan Respublikasının tədbirlərindən biri azərbaycanlıların öz yurdlarından çıxarılması və onların yerinə ermənilərin yerləşdirilməsi olub. İlk erməni dövlətinin belə bir plan işlədiyi məlumdur, bu dəlillər ayrı-ayrı araşdırmaçıların çalışmalarında yer almışdır. Bu səbəbdən Qərbi Azərbaycan ərazilərindən min illər boyu burada yaşayan türk- müsəlman əhalinin qovulub çıxarılması prosesinə 1918-ci ildən başlanıldığı qənaətinə gələ bilərik.
Bu dövlətin ortaya çıxmasına bəzi erməni siyasi xadimləri müvəqqəti hal və türk-müsəlman əhalidən intiqam almaq vasitəsi kimi baxırdılar. Əslində, tarixi Azərbaycan torpaqlarında belə bir erməni dövlətinin ortaya çıxmasına o zamankı erməni siyasi təşkilatları “göydəndüşmə bir fürsət” hesab edirdilər, çünki erməni düşüncə sistemində bu ərazilərdə müstəqil bir erməni dövlətini qurmaq yer almamışdı. Erməni tarixçisi Tatul Hakopyan bunlardan bəhs edərək yazır ki, “ermənilər Şərqi Anadoluda bir erməni dövləti xəyal etmiş və bunun uğrunda siyasi və hərbi mübarizə aparmışdılar. Hesabda Cənubi Qafqaz yox idi”.
O, 1919-cu ildən Ermənistanın daxili işlər və müdafiə naziri olmuş Ruben Ter-Minasyandan belə bir sitat gətirir: “1917-ci ilə qədər erməni siyasi baxışında indiki Ermənistan ərazisində Ermənistanın müstəqilliyini istəyən cərəyan yox idi. “Müstəqilliyə can atanlar çox idi, lakin bu, “Qərbi Ermənistan”ın müstəqilliyi idi”. Tatul Hakopyan vurğulayır: “Onlar İrəvanı yox, Vanın paytaxt olmasını istəyirdilər. Cənubi Qafqazda dövlət elan etmək həmin dövləti qalıcı etmək anlamına gəlmirdi. İlk tədbir kimi burada demoqrafik dəyişikliklər etmək çətinliyi vardı”. Çünki bu ərazilərdə yaşayanların böyük əksəriyyəti türklər idi.
Qısa bir zamanda demoqrafik üstünlüyə nail olmaq üçün Ermənistan Respublikası xarici ölkələrdə yaşayan ermənilərin bu ərazilərə gətirilib yerləşdirilməsi işinə başladı və 1918-ci ilin yaz-payız aylarında bu əraziyə artıq 500 mindən artıq erməni gətirilib yerləşdirildi. İstanbula 1918-ci ilin iyununda göndərilən erməni heyətinin üzvlərindən olan Aharonyan da qeyd edir ki, görüşlərimiz zamanı Osmanlı dövlətinin böyüklərindən keçmiş Osmanlı erməniləri olan və Ermənistanda yerləşdirməyi düşündüyümüz 500 min əhaliyə yardım etmələrini istədik. Bu fakt onu göstərir ki, 1918-ci ildə bu qədər sayda erməni kənardan gətirilib yerləşdirilmişdir. Burada bir haşiyəyə çıxıb söyləyə bilərik ki, əgər 1915-ci il 27 may Təhcir qanununa uyğun olaraq Osmanlı dövlətinin bir ərazisindən başqa bir ərazisinə köç etdirilən erməni əhalinin yarım milyonu Ermənistana gətirilmişdisə, bu fakt erməni dövlət xadimlərinin dilindən səsləndirldiyinə görə qondarma “erməni soyqırımı” tezisi və 1,5 milyon erməninin öldürülməsi iddiasının nə dərəcədə saxta olduğu ortaya çıxır. Demək öldürüldüyü iddia edilən əhalinin yarım milyonu Ermənistana köç etdirilmişdir.
Ermənistan Respublikasının daha sonrakı “tədbiri “ isə dövlət səviyyəsində burada yaşayan azərbaycanlıların öz yurd-yuvalarından çıxarılması və ölkədən qovulması idi. Bunun isə daxili işlər və müdafiə naziri Ruben Ter-Minasyana həvalə olunduğu rəsmən açıqlanmışdır. Ermənicə qaynaqlarda bununla bağlı yetərincə məlumatlar vardır. Onlardan biri erməni araşdırmaçı Arşaluys Zurabyana aiddir və onun “tir.media.am” saytında gedən “1919-1920-ci illərdə Ruben Ter-Minasyan Ermənistanı düşmən elementlərindən təmizlədi” adlı yazısıdır. Bu yazıda bu “tədbirlə” bağı faktlar yer alır. Etiraf olunur ki, “Ruben Ter-Minasyan Aram Manukyanla məsləhətləşərək 1918-ci ilin yayında onu bu işə inandırdı və digər fraksiya liderlərinin qüvvələri ilə birlikdə 1919-1920-ci illərdə Ermənistanı düşmən ünsürlərdən təmizləmək missiyasını həyata keçirdi”.
Ruben Ter-Minasyanın bu vəhşi tədbirlərinə haqq qazandıran müəllif hansı istiqamətlərdə “düşmən ünsürləri” yox etməyə nail olduğunu da qeyd edir, bu sahədəki “xidmətlərini” də sıralayır:
“1. Ararat ( Ağrı) vadisi və ətraf rayonlarda türk-tatar üsyanlarının yatırılması, ölkənin sabitliyinin və daxili təhlükəsizliyinin təmin edilməsi (Ermənistanda yaşayan türklər öz hökumətlərini (şura) quraraq Ermənistanı içəridən partlamağa cəhd edirdilər).
2. Hərbi qalalara çevrilmiş yüzlərlə müsəlman yaşayış məntəqəsi dağıdılmış və yüz minlərlə erməni qaçqını tatarların tərk etdiyi kəndlərdə məskunlaşaraq ölüm, aclıq və mövsümi xəstəliklərdən xilas olmuşdu.
3. Vətənimizin şərqi yenidən silahlandırılır. Bu, milli müdafiə və Ermənistan dövlətinin qurulması üçün son dərəcə vacib idi”.
Daşnak siyasi elitasının nümayəndələrindən biri Artaşes Hovsepyanın (Malxas) ifadəsinə görə, Ruben türklərin yaşadığı hər bölgəni Ermənistanın daxili düşmənlərindən (yəni azərbaycanlılardan-müəllif) təmizlədikdən sonra xəritəni götürüb, “işğaldan azad edilmiş” rayonu mavi rəngə boyamışdı və xəritənin tək rəngdə olacağı günü görmək arzusu ilə yaşayırdı”.
Bu qaynaqdan da anlamaq mümkündür ki, Ermənistan elan olunduğu gündən etibarən Qərbi Azərbaycanın bütün bölgələrində azərbaycanlı əhaliyə qarşı ən sərt şəkildə davranmışdır. Bu siyasət SSRİ dönəmində də davam etdirilmiş, müxtəlif bəhanələr uydurularaq ölkədə demoqrafik dəyişikliyi ermənilərin xeyrinə dəyişdirmək fəaliyyətləri yürüdülmüşdür. Nəticədə bu ölkə monoetnik bir dövlətə çevrilmişdir.
Qafar ÇAXMAQLI,
XQ-nin Türkiyə müxbiri