Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Azərbaycan Mətbuat Şurasında olub.
Şuranın sədri Rəşad Məcid qonağa qurumun missiyası və fəaliyyəti barədə məlumat verib. Şuranın Türk dünyasında fəaliyyət göstərən media orqanları və jurnalist təşkilatları ilə əməkdaşlığından söz açan R.Məcid deyib ki, qarşılıqlı təmaslarda başlıca məqsəd həm də ortaq Türk mədəniyyəti və irsinin təbliğində jurnalist əməyini stimullaşdırmaq, qələm sahibləri arasında əlaqələrin dərinləşməsinə dəstək göstərməkdir.
A.Raimkulova Türk Mədəniyyəti və İrsi Fondunun hazırda həyata keçirdiyi işlər və gələcək planlarından danışıb. O, qurumun fəaliyyətinin intensivləşdirilməsi üçün media amilinin zəruriliyinə diqqət çəkib. A.Raimkulova bu baxımdan Mətbuat Şurası ilə əməkdaşlığın faydalı olacağına əminliyini vurğulayıb.
Görüşdə, həmçinin Türk Mədəniyyəti və İrsi Fondu ilə Mətbuat Şurasının təmsilçilərinin müntəzəm görüşlərinin, müxtəlif məsələlərə dair birgə müzakirələrinin təşkili qərara alınıb.
XQ