“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində aprelin 5-də Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən və təmirə ehtiyacı olan həyətlərin abadlaşdırılmasına yönəlmiş “Bizim həyət” layihəsi çərçivəsində növbəti abad həyət sakinlərin istifadəsinə verilib.
Yenilənmiş həyət Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, 4090/94-cü məhəllə, ev 3, ev 1/1, ev 2/7 ünvanlarında 820 nəfər sakinin yaşadığı çoxmərtəbəli binaları əhatə edir.
Həyətdə əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şərait yaradılıb, süni örtüklü minifutbol stadionu, şahmat meydançası, müxtəlif idman qurğuları, uşaq meydançaları salınıb. Eyni zamanda, ərazidə 3 söhbətgah, çoxsaylı oturacaqlar, tullantılar üçün qutular, quş yuvaları və pişik evləri quraşdırılıb.
Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, 219 ədəd müxtəlif növ ağaclar, 5500 ədəd kol və 2000 ədəd mövsümi güllər əkilib, 2050 kvadratmetr ərazidə yaşıllıq zolağı salınıb. Bununla yanaşı, həyətin ətraflarında sıx bitən və hava çirklənməsini effektiv şəkildə azalda bilən 1200 ədəd adi daşsarmaşığı və digər sarmaşan bitkilər əkməklə “yaşıl sədlər” (green barriers) yaradılıb.
2017-ci ildən etibarən icra olunan “Bizim Həyət” layihəsi çərçivəsində bu günədək 151 ümumi yaşayış sahəsi abadlaşdırılaraq sakinlərin istifadəsinə verilib.
“IDEA” İctimai Birliyi həyətlərin abadlaşdırılması və yenidənqurma işlərinin aparılması istiqamətində sakinlərin təklif və müraciətlərini İctimai Birliyə təqdim etməyə çağırır. Müraciətlərinizi “IDEA” İctimai Birliyinin qaynar xətti 1113 və ya e-mail ünvanına ([email protected]) göndərməyiniz xahiş olunur.
XQ