Rusiya Federasiyası Baş prokurorunun müavini Pyotr Qorodovun rəhbərlik etdiyi nümayəndə heyəti Baş prokuror Kamran Əliyevin dəvəti ilə Bakıda keçirilən Xəzəryanı dövlətlərin baş prokurorluqlarının nümayəndələrinin beştərəfli görüşündə iştirak etmək üçün ölkəmizə işgüzar səfərə gəlib.
İkitərəfli görüşdə Baş prokuror Kamran Əliyev ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin strateji xarakter daşıdığını, dövlət başçılarının birgə səyləri və siyasi iradələri sayəsində ikitərəfli münasibətlərin bütün istiqamətlərdə uğurla inkişaf etdiyini vurğulayıb.
Kamran Əliyev Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün tam şəkildə bərpa olunduğu, dövlətimizin başçısının və ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın diqqət və qayğısı ilə Qarabağda sürətli bərpa və quruculuq işlərinin aparıldığı barədə qonaqları məlumatlandırıb.
Pyotr Qorodov Bakıda keçirilmiş Xəzəryanı dövlətlərin baş prokurorluqlarının nümayəndələrinin beştərəfli görüşünün vacibliyini vurğulayaraq bu formatın qarşılıqlı səmərəli fəaliyyətin davam etdirilməsinə töhfə verəcəyinə əminlik ifadə edib.
XQ