Azərbaycan Yazıçılar Birliyində (AYB) “Ulduz” jurnalının "Yeni nəsil: proza", "Yeni nəsil: poeziya" və "Yeni nəsil: tənqid" buraxılışlarının təqdimat mərasimi keçirilib.
Jurnalın baş redaktoru Əməkdar jurnalist Qulu Ağsəs Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası ilə birgə reallaşdırılan layihəyə əmək sərf etmiş gənc redaktorları təqdim edərək deyib ki, onların ciddi səyi ilə 35 yaşına qədər istedadlı gənclərin yaradıcılığı jurnalın xüsusi nömrələrində bir araya gətirilib.
AYB-nin sədri Xalq yazıçısı Anar gənc ədəbi redaktorlara belə münbit şərait yaradılmasını yüksək dəyərləndirib, buraxılışların önəmini açıqlayıb və hər üç nömrədə sanballı yazıların yer aldığını söyləyib. AYB-nin sədr müavini, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid deyib ki, ədəbi-bədii orqanların müxtəlif nömrələrinin hazırlanmasının gənc redaktorlara həvalə edilməsi təcrübəsi əvvəllər də olub və bu, özünü doğruldan yanaşmadır.
“Yeni nəsil: proza” buraxılışının redaktoru Furqan 35 yaşa qədər nasirlərin təxminən 20 hekayəsinin jurnalda işıq üzü gördüyünü bildirib və həmin bədii nümunələlərin zaman keçdikcə öz aktuallığını itirməyəcəyinə inam ifadə edib. “Yeni nəsil: tənqid” buraxılışının redaktoru, fəlsəfə doktoru Elnarə Qaragözova xüsusi nömrə üçün yazıların seçimində maksimum obyektivliklə ən dəyərli təhlillərə üstünlük verildiyini qeyd edib. Nəticədə ədəbi ictimaiyyətə dərin elmi məzmunlu yazılar təqdim olunub. “Yeni nəsil: poeziya” buraxılışını ərsəyə gətirmiş gənc redaktor Ramil Əhməd isə buraxılışlarda nəsr, nəzm və tənqidi materialların ayrı-ayrılıqda yer aldığına diqqəti cəlb edib. O, poeziya buraxılışının “Ulduz”un 650-ci sayına təsadüf etdiyini vurğulayıb. Yazı müəlliflərindən olan fəlsəfə doktoru Nərgiz İsmayılova gənclərə diqqətə görə minnətdarlığını bildirib.
Hər üç buraxılışın ümumi icmalını verən AMEA Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Vaqif Yusifli layihə barədə özəl qeydlərini diqqətə çatdırıb. Dünya Gənc Türk Yazarlar Birliyi İdarə Heyətinin sədri İntiqam Yaşar bu qurumun 25 illiyi ilə əlaqədar belə bir buraxılışın hazırlanması ilə bağlı təklif irəli sürüb.
Sonda Qulu Ağsəs təqdim olunan buraxılışların bir almanax şəklində nəşrə hazırlanacağını bildirib.
Rizvan FİKRƏTOĞLU
XQ