HÜSEYNQULU SARABSKİ – 145
Yazın ilk ayı Azərbaycanın teatr həyatında əlamətdar hadisələrlə zəngindir. Artıq 11 ildir ki, martın 10-da ölkəmizda Milli Teatr Günü qeyd edilir. 27 Mart Beynəlxalq Teatr Gününün təsis olunmasından isə 63 il keçir. Bu yaz görkəmli aktyor, opera müğənnisi, pedaqoq, rejissor, dramaturq, Xalq artisti Hüseynqulu Sarabskinin anadan olmasının 145 illiyi ilə də əlamətdardır.
Səhnəmizin ilk Məcnunu olmuş Hüseynqulu Sarabski 1879-cu il martın 20-də Bakıda dünyaya göz açıb. Azərbaycan peşəkar milli teatr sənətinin inkişafında böyük xidmətləri olmuş bu görkəmli sənətkarın adı mədəniyyət tariximizə qızıl hərflərlə həkk edilib. İstər opera, istərsə də dramatik teatr səhnələrində müğənni və aktyor kimi onun yaratdığı obrazlar uzun illər tamaşaçıları valeh edib.
Hüseynqulu Sarabski teatrda ilk addımlarını 1902-ci ildə dramaturq və ictimai xadim Nəriman Nərimanovun təşkil etdiyi “Müsəlman dram cəmiyyəti”ndə atıb. Bununla yanaşı o, “Nicat”, “Səfa” mədəni-maarif cəmiyyətlərinin dram dəstələrində, “Müsəlman artistləri ittifaqı”nda dramatik aktyor kimi çıxış edərək, əsl sənət məktəbi keçib. Böyük istedad sahibi olmuş Sarabski istər milli, istərsə də xarici dramaturqların əsərləri əsasında hazırlanan tamaşalarda oynadığı saysız-hesabsız dramatik obrazları böyük ustalıqla yaradıb.
Kiçik bir təsadüf Hüseynqulu Sarabs-kinin istedadının yeni ampluada nümayiş etdirilməsinə gətirib çıxarıb. Belə ki, onun Henrix Heynenin “Əl-Mənsur” pyesində ərəb rolunda çıxışı zamanı oxuduğu “Hicaz” muğamı tamaşanı izləyən Üzeyir Hacıbəylini təsirləndirib. Bəstəkar yenicə üzərində işləməyə başladığı “Leyli və Məcnun” muğam operasında Məcnun rolunu oynamağa məhz H.Sarabskinin layiq olduğu qənaətinə gəlib. Bu hadisə dram aktyorunun taleyində yeni mərhələyə keçidin başlanğıcını qoyub.
Beləliklə, Azərbaycan xalq musiqisinin, muğamların mükəmməl bilicisi kimi diqqəti cəlb edən Hüseynqulu Sarabski “Leyli və Məcnun”da Məcnunun ilk və əvəzedilməz ifaçısı kimi məşhurlaşıb. O, həmin rolu məharətlə ifa etdiyinə görə adına “səhnəmizin Məcnunu”, “operamızın yaraşığı” kimi titullar qoşulub. Aktyor bu obrazı hər dəfə böyük həvəs və şövqlə oynayıb və tamaşaçıların dərin rəğbətini qazanıb.
Məhz Məcnun rolunun ifasından sonra Hüseynqulu Sarabski haqqında dövri mətbuatda çox sayda müsbət rəylər dərc olunmağa başlayır. Bu rəylərdə aktyor-müğənninin parlaq sənəti, məftunedici səsi və səhnə istedadının ilk Azərbaycan milli operasının uğur qazanmasında mühüm rol oynadığı göstərilir.
Məsələn, 1914-cü ildə tənqidçi-alim Əziz Şərif istedadlı sənətkarın ifasını belə dəyərləndirirdi: “H.Sarabski öz rolunu böyük ustalıqla oynayır. O, həqiqi mənada Məcnun obrazını səhnədə canlandırır... Sarabski bütün səhnələri yaxşı, olduqca yaxşı ifa edir. Son səhnədə o, Məcnunun ölümünü elə təbii oynayır ki, sanki səhnədə ölüm ayağında artist yox, həqiqətən də, ağlını itirmiş Məcnundur. Onun ikinci səhnədə söylədiyi məntiqsiz və həyəcanlı sözlər və divanəlik, üçüncü səhnədə dağlarda yaşaması, ağlını itirən təki şikayətli ağısı – bütün bunlar dərindən düşünülmüş və virtuoz ifa olunan səhnələrdir”.
Hüseynqulu Sarabskinin yaratdığı Məcnun obrazı onun sənətini davam etdirənlər üçün də bir örnək olmuşdur. Dahi Üzeyir Hacıbəylinin sözləri ilə desək, “Aktyorluq dərsi oxumamış, obraz yaratmaq sənətini keçməmiş, məktəb və darülfünun bitirməmiş olan Hüseynqulu Sarabski olduqca çətin və mürəkkəb bir faciə təmsil edən Məcnun obrazını yaratmaq sahəsində öz-özündən elə bir məharət göstərdi ki, sair artistlər üçün bir nümunə, tam bir məktəb oldu”.
Təsadüfi deyil ki, Hüseynqulu Sarabs-kinin məhz belə yüksək peşəkarlıqla ifa etdiyi Məcnun rolu tamaşaçı tərəfindən sevilərək, uzun müddət yaddaşlara həkk edilib. Opera sənətində qazandığı böyük uğur və şöhrət ona bu yolda daha yüksək nailiyyətlər qazanmağa imkan verib. Bunun davamı olaraq, dahi Üzeyir Hacıbəyli ilə Hüseynqulu Sarabski arasında yaradıcılıq birliyi dərinləşib. Belə ki, bu qarşılıqlı əlaqə və yaradıcı əməkdaşlıq nəticəsində bir-birinin ardınca Üzeyir bəyin yazdığı “Şah Abbas və Xurşud banu”, “Əsli və Kərəm”, “Rüstəm və Zöhrab”, “Şeyx Sənan”, “O olmasın, bu olsun”, “Arşın mal alan”, “Ər və arvad” və digər muğam operalarında və musiqili komediyalarında Hüseynqulu Sarabskinin ifası püxtələşir və sanki onların əsas “aparıcı” və mərkəzi “obraz”ına çevrilib.
“Hüseynqulu Sarabskinin iştirakı ilə” yazılmış afişalarda və anonslarda bu tamaşaların təkcə Bakıda deyil, Azərbaycanın müxtəlif guşələrində, eləcə də Tehranda, Tiflisdə, Dərbənddə, Moskvada və digər şəhərlərdə də nümayiş etdirildiyi məlum olur. Harada çıxış etməsindən asılı olmayaraq, Hüseynqulu Sarabskinin yüksək səhnə oyunu, məharətli muğam ifası o dövrdə milli opera teatrında “misli-bərabəri olmayan” bir sənətkar olduğunu sübut edib.
Hüseynqulu Sarabskinin 1919-cu il martın 4-də Azərbaycan muğam operalarının inkişafında ilk mühüm mərhələni tamamlayan M.Maqomayevin “Şah İsmayıl” operasının premyerasında baş rolda çıxışı, xüsusilə, əlamətdar olub. Burada o, tarixi şəxsiyyət və şair Şah İsmayıl Xətainin bədii obrazını yüksək aktyorluq bacarığı və virtuoz vokal ifası ilə nümayiş etdirə bilib. Operada aktyor həm muğam parçalarını, həm də ariya və duetləri böyük ustalıqla və özünəməxsus həssaslıqla ifa etdiyinə görə böyük tamaşaçı rəğbəti qazanıb.
Diqqətəlayiq haldır ki, Sarabski opera teatrında təkcə ifaçılıq qabiliyyətini deyil, həm də rejissorluq bacarığını göstərib. Bu da onun yaradıcılıq fəaliyyətinin vacib aspektlərindən biridir. Bizə məlum olan mənbələrə görə, o, həm opera, həm də dramatik tamaşaların rejissoru olub. Xüsusilə, onun M.Maqomayevlə birgə 1914-cü ildə təşkil etdiyi “Müsəlman opera truppası”nda rejissorluq fəaliyyəti bir sıra opera və musiqili komediyaların səhnələşdirilməsinə gətirib çıxarıb. İlk dəfə olaraq bu opera truppasında H.Sarabskinin rəhbərliyi altında A.Rubinşteynin “Sulamif” operasının dilimizə təcümə olunaraq ifa edilməsi Azərbaycan opera sənəti tarixində əlamətdar hadisəyə çevrilib. Bu, artıq şərq üslublu muğam opera ifaçılarının klassik Avropa tipli opera əsərlərini də ifa etməyə hazır olduqlarını göstərib. Əlbəttə, az bir vaxt ərzində belə bir ciddi addımın atılması Azərbaycan musiqili teatrı üçün mühüm tarixi irəliləyiş idi. Bu işdə Hüseynqulu Sarabskinin də əməyi danılmazdır.
XX əsrin 20–30-cu illəri Azərbaycan milli opera teatrının ən çətin, mürəkkəb və mövcudluğu üçün təhlükəli bir dövrü idi. Azərbaycan-türk operasının gələcək taleyi, yaşayıb-yaşamaması uğrunda gedən çox ciddi mübarizədə Hüseynqulu Sarabski öz məsləkdaşları – Ü.Hacıbəyli, M.Maqomayev və başqaları ilə birlikdə qəti mövqeyini bildirməkdən çəkinməyərək, əsl vətəndaş kimi çıxış edib. Bu zaman o, bütün çətinliklərə və təqiblərə baxmayaraq, əvvəllər olduğu kimi, yenə də öz sevimli obrazlarını məsuliyyətlə ifa etməkdə, Azərbaycanda Avropa tipli opera sənətinin formalaşdığı zamanda belə öz milli musiqi koloritini, ümumavropa üslubundan fərqli milli üslubunu qoruyub saxlamaqda inadlı idi.
Ömrünün sonunadək Hüseynqulu Sarabski Azərbaycan Dövlət Opera və Balet Teatrının ən öndə gedən aktyorlarından biri kimi fəaliyyət göstərib. Onun yaratdığı ənənə müasir dövrədək muğam opera ifaçıları tərəfindən uğurla davam etdirilir. Bu gün Hüseynqulu Sarabskinin 145 illiyi qeyd olunduğu bir dövrdə onun musiqili teatr səhnəsində açdığı çığırlar aydın istiqamət almış geniş magistral yola çevrilib.
Sarabski sənətinin tədqiqatçısı və onun müasiri olan Qubad Qasımovun hələ 1928-ci ildə aktyorun səhnə fəaliyyətinin 20 illik yubeliyi ərəfəsində yazdığı bu fikir bu gün də öz aktuallığını itirməyib: “Hüseynqulu Sarabskinin 20 illik yubileyi – türk səhnəsinin yubileyidir, türk incəsənətinin fəxridir”. Həqiqətən, bu gün də biz H.Sarabskinin 145 illiyini qeyd etməklə deyə bilərik ki, bu, təkcə onun deyil, həmçinin, təməlini qoyduğu Azərbaycan musiqili teatrının, milli opera sənətinin təntənəsidir.
İnamla vurğulayaq ki, “universal istedad” sahibi olan Hüseynqulu Sarabski əsl teatr fədaisi idi. Teatra vurğunluq onu bu sənət ocağına bütün varlığı ilə bağlayıb. Onun ömrünün sonunadək bu sənət məbədində fəaliyyət göstərməsi bilik, qabiliyyət və bacarığını gənclərə öyrətməsi dövlətimiz tərəfindən layiqincə dəyərləndirilib. Hüseynqulu Sarabskinin sənəti bizim milli sərvətimiz, mədəni irsimizin parlaq səhifəsi kimi daim yaşayacaq və gələcək nəsillər üçün də bir örnək olacaq.
Gülüstan ƏLİYEVA,
sənətşünaslıq üzrə fəlsəfə doktoru