Gürcüstan millisinin “AVRO-2024”-ə vəsiqə qazanmasına sözardı
Futbol üzrə Gürcüstan millisinin "Avro-2024"-ə vəsiqə qazanması mühüm hadisədir. Təkcə idman hadisəsi deyil, həm də tarixdir. Sosial şəbəkələrdə bununla bağlı diskussiyalarda bir ana xətt diqqət çəkir. Məşhur Azərbaycan filmində deyildiyimi kimi, “o əjdahadan bizdə niyə yoxdur?”
Bəli, obrazlı desək, bizə əjdaha lazımdır. Bu barədə düşünərkən reallıqları deməliyik. Etiraf etməliyik ki, hələ sabiq SSRİ zamanında da gürcülərdə futbol bizdən güclü olub. Ölkə yığmasında həmişə üç-dörd gürcü futbolçu yer alıb. Kipiani, Kavazaşvili, Mesxi, Metreveli, Şengeliya, Çivadze, Daraseliya kimi SSRİ yığmasının əfsanələri olublar. Bizdə də futbolçular olub. Amma, Banişevski istisna olmaqla, onlara “əjdaha” deyə bilməmişik.
Gürcüstanın futbol məktəbi güclü idi və indi də güclüdür. Amma hazırda futbol, demək olar ki, bütün ölkələrdə populyardır. "Futbolu hamı oynayır, udan almanlar olur" kimi klişe də əhəmiyyətini itirib. Ona görə də "gürcülər bizdən üstündürlər və ya biz zəifik" tipli deyimləri və onlar ətrafında isteriyanı da kənara qoymalıyıq. Təəssüf ki, qoya bilmirik. Baxırıq ki, ömründə futbola baxmayan biri Gürcüstan futbolçularının Avropa çempionatına çıxmasını Azərbaycan əleyhinə anti-təbliğata çevirir. Siyasi bəyanatlar verənlər də tapılır. Nə isə...
Nəyin üzərində ciddi çalışırsansa, ona əmək sərf edirsənsə, mütləq bəhrəsi olur. Gürcülər çox çalışıblar, bəhrəsini də görürlər. Futbol üzrə Avropa çempionatındadırlar. Biz klub futbolu müstəvisində "Qarabağ" üzərində çox çalışdıq, faydasını da gördük. Niyə milli komanda səviyyəsində zəifik, bunu soyuq başla düşünməliyik. Kəsəsi, ilk növbədə, düz-əməlli uşaq futbolumuzun olmadığına diqqət yetirməliyik.
Uşaq futbolu. Bunu düşünərkən, nəzərə almalıyıq ki, futbol təkcə oyun deyil, həm fəlsəfədir, həm də siyasət. Siyasətə strateji yanaşırıqsa, uğur qazanırıqsa, ölkəmiz, xalqımız əleyhinə olan yüz illik planı pozub dünyada özümüzə rəğbət formalaşdırırıqsa, siyasəti hansısa lokal maraqların əsirinə çevirmiriksə, futbola da münasibətimiz məhz bu tərzdə olmalıdır. Futbola strategiya kimi yanaşmalıyıq. Orduya yanaşdığımız kimi. Onu ayrı-ayrı biznesmenlərin, iş adamlarının, vəzifəli şəxslərin səxavətinə məhkum duruma salmamalıyıq.
Futbol böyük biznesdir. O, özünə xırda ticarət obyekti kimi yanaşılmasını sevmir. Böyük biznesə böyük yatırım da qoyulmalıdır. Düşünülməməlidir ki, onun faydası tez bir zamanda olmalıdır. Faydaya doğru səbrlə addımlamaq, bu düşüncəni rəhbər tutmaq, əzmlə çalışmaq şərtdir. Ümumən, şərtlər, görüləcək işlər çoxdur. Hələlik, ümid edək ki, o əjdahadan bizdə də olacaq.
P.S.Milli futbol komandasının böyük uğuru münasibətilə dost və qonşu gürcü xalqını səmimi qəlbdən təbrik edirik!
R.ƏVƏZ
XQ