“Sahib çıxdığımız itlər niyə yoxa çıxır?”

post-img

Canlı Aləmin Mühafizəsi “Alyans” İctimai Birliyindən “Xalq qəzeti”nin re­daksiyasına məktub daxil olub. Qurumun sədr əvəzi Arzu Gülmalıyeva yazır:

Martın 18-də //www.xalqqazeti.az/-da verilmiş “Küçə” itlərinin hücumu: Kimdir günahkar?” başlıqlı yazını oxudum. “Ya­şıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərlinin Bakıda birkalı itlərin gözə dəyməməsi ilə bağlı fikirləri həyəcan siqnalıdır. 

Birkalı itlərin son vaxtlar qrup halında zəhərləyib, yaxud güllələləməklə öldü­rülməsi halları çoxalıb. Polisə dəfələrlə müraciət etmişik. Sumqayıtda, təxminən, 15 könüllü qadından ibarət qrupumuz in­diyədək yüzlərcə iti aparıb IDEA Heyvan­lara Qayğı Mərkəzində qısırlaşdırıb. 80 iti şəxsi vəsaitimizlə sığınacaqda saxlayırıq. Tək bizim köməyimizlə 380 it qısırlaşdırıb, birkalanıb, peyvəndlənib, əvvəlki əraziyə buraxılıb. Bu, tək bizim statistikadır. 

Sumqayıtda digər heyvansevərlər də qısırlaşdırma ilə bağlı çoxlu işlər görürlər. Eləcə də, Bakıdan minlərcə itin müvafiq dövlət qurumlarında qısırlaşdırılıb, pey­vənd edilməsi üçün dövlət tərəfindən hər cür şərait yaradılıb. Bu işin görülməsinə müəyyən şəxslər tərəfindən yaradılmış sığınacaqlar da öz töhfələrini verir. Birka­layıb, peyvənd etdiyimiz itləri nəzarətdə saxlayır, müəyyən ərazidə onları yedir­dirik. Bu itlərin, demək olar ki, hamısı bir müddət sonra “yoxa” çıxır. 

Çox təəssüf olsun ki, onların güllələn­miş cəsədlərinə bir sıra yerlərdə, hətta mərkəzi küçələrdə rast gəlirik. Bəzilərini yaralı halda tapır, baytara aparır, uzun müddət müalicəsi ilə məşğul oluruq. Əs­lində, bu işin izinə düşmək çox asandır. Çünki mərkəzi küçələrdə kameraları açıb baxmaq olar. Bunu tələb etsək də, Sumqayıt Şəhər Polis İdarəsində imtina edirlər. Güllə yarasından bəzən ölməyən itləri götürüb, aylarla müalicə edirik.

Dövlətimiz “kiçik dostlarımız”ın küçələrdə tamamilə insanlar üçün təh­lükəsiz gəzməsindən ötrü hər bir tədbiri görür. Bəs bu işə kölgə salmaq istəyənlər kimlərdir? Çox maraqlıdır ki, eyni ərazidə birkalı itləri öldürüb, vəhşi şəkildə it sü­rüsünü vecinə almayan qurumlar hansı məqsədi güdür? İtlərin küçələrdə balala­masına, çoxalmasına şərait yaradan kim­lərdir və bu, nə məqsədlə edilir? 

Xahiş edirik, fikirlərimizin qəzetiniz vasitəsilə işıqlandırılmasına kömək edə­siniz.

Sosial həyat