Sumqayıt–Bakı yolunda tıxac problemi uzun illərdir ki, həllini tapmır. Bununla bağlı indiyədək hazırlanan layihələrin icrası da heç bir nəticə vermir. Beləcə, Sumqayıtdan paytaxta gələrkən Xırdalan dairəsindən başlanan tıxac 20 Yanvar dairəsinədək uzanır.
Bu problemin əsas səbəbi, təbii ki, nəqliyyat sıxlığı ilə bağlıdır. Çünki hər səhər Bakıya avtomobillər təkcə Sumqayıtdan yox, həm də Quba, Xaçmaz, Şabran, Xızı rayonlarından və digər yaşayış məntəqələrindən daxil olur. Bir avtomobilin yolda dayanması və yaxud nasaz olması isə tıxacı daha da artırır. Onu da qeyd edim ki, insanların çoxu Sumqayıtdan Bakıya və əksinə, elektrik qatarları ilə getsə də, bu, nəqliyyat sıxlığını aradan qaldırmağa əsaslı təsir göstərmir. Beləliklə, tıxac hər gün səhər və axşam saatlarında özünü qabarıq büruzə verir.
Mətbuatda bildirilir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan AYNA tıxacın qarşısını almaq, yaxud azaltmaq üçün alternativ yol layihəsi hazırlayır. Amma bu layihə tamamlandıqdan sonra onun nə vaxt icrasına başlanacağı və müsbət bir nəticəsi olacağı bilinmir. Ona görə də hələlik ümid AYNA və yol polisinə qalır. İnanıram ki, adları çəkilən qurumlar bu məsələ ilə bağlı fəaliyyətlərini daha da gücləndirə, hərəkətin intensivliyini tənzimləyə bilərlər.
Qəzənfər NADİRXANLI,
Sumqayıt sakini