Azərbaycan komandası Paris Yay Olimpiya Oyunlarına daha bir lisenziya qazanıb. Bu nüfuzlu yarışa növbəti vəsiqəni batut gimnastikası üzrə Azərbaycan millisinin üzvü Selcan Mahsudova əldə edib.
Bu, Azərbaycanın gimnastika tarixində batut gimnastikası üzrə əldə etdiyi ilk lisenziyadır. Bu növdə millimizin baş məşqçisi Vladimir Şulikin Azərbaycan gimnastika məktəbinin yetirməsi olan Selcan Mahsudovanın “Paris-2024”ə vəsiqə qazanmasını qürurverici hal adlandırıb:
– Azərbaycan gimnastika məktəbinin yetirməsi olan Selcan Mahsudovanın bu nüfuzlu yarışa lisenziya qazanması bizi çox qürurlandırır. Bu gimnastla uzun yol qət etmişik. Azərbaycanda 10 ildir ki, batut gimnastikası inkişaf edir və mən şadam ki, bu müddət ərzində biz belə yaxşı nəticə əldə etmişik. Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevaya bizə göstərilən dəstəyə, diqqətə və idmançıların hazırlanmasına yaradılan şəraitə görə dərin minnətdarlığımı bildirirəm. Bu dəstək olmasaydı, biz lisenziya qazana bilməzdik. 10 il ərzində bu gimnastika növünü inkişaf etdirmək və lisenziya qazanmaq böyük və əhəmiyyətli bir işdir. Hamı bizi təbrik edir. Olimpiya lisenziyasını qazandığımızı hələ də tam dərk etməmişəm. İndi hər şey yenidən başlayır, arxayınlaşmamalıyıq. Qarşıda bizi Avropa çempionatı gözləyir. Selcanın yüksək idman formasında olmasına çalışacağıq. İndi bütün diqqətimizi Olimpiya Oyunlarına hazırlığa yönəldəcəyik.
Selcan Mahsudova Paris Oyunlarına lisenziya qazandığı üçün çox sevindiyini deyib. O qeyd edib ki, Olimpiya Oyunlarına lisenziya qazanmağı qarşıya məqsəd qoymuşdu:
– Bu, mənim başlıca arzum idi. Sevinirəm ki, əziyyətim yerdə qalmadı və arzum həyata keçdi. Ümid edirəm ki, qazandığım nəticə gəncləri də ruhlandıracaq və onlara örnək olacaq. Gənclərimizin də gələcəkdə bu növ üzrə Olimpiya Oyunlarında ölkəmizi təmsil edəcəklərinə inanıram.
İdmançı qarşıdakı Avropa çempionatında medal qazanmaq üçün yüksək şanslarının olduğunu deyib. Bildirib ki, Olimpiada ərəfəsində keçiriləcək qitə çempionatında yüksək nailiyyət qazanaraq bayrağımızı dalğalandırmaq onun böyük arzusudur.
Qeyd edək ki, daha əvvəl bədii gimnast Zöhrə Ağamirova da olimpiya lisenziyasına sahib çıxıb. Bununla da, Azərbaycan komandasının Paris Olimpiadasına qazandığı rəsmi lisenziyaların sayı 11-ə çatıb.
L.QURBANOVA
XQ