“Qılınc və qələm” Xarəzmdə

post-img

Özbəkistanın Ürgənc Dövlət Uni­versitetində görkəmli yazıçı Məmməd Səid Ordubadinin “Qılınc və qələm” romanının özbək dilində nəşrinin təq­dimatı keçirilib.

Ali məktəbin Yusif Vəzir Çəmənzə­minli adına Azərbaycan mədəniyyəti və ədəbiyyatı mərkəzində baş tutan tədbiri universitetin prorektoru, professor Sərdar Xocaniyazov açaraq “Qılınc və qələm” tarixi romanının özbək dilində nəşrini Özbəkistan-Azərbaycan ədəbi-mədəni əlaqələrinin möhkəmlənməsi istiqamətin­də yeni bir addım kimi qiymətlənirib. 

Özbəkistandakı Heydər Əliyev adı­na Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşı Kərimulla Məmmədzadə iki ölkə arasında ədəbi-mədəni əlaqələrdən söz açaraq bu yöndə Mədəniyyət Mərkə­zinin həyata keşirdiyi layihələrdən danı­şıb. Özbəkistanlı oxucularda Azərbaycan yazıçılarının əsərlərinə böyük maraq ol­duğunu qeyd edən K.Məmmədzadə Mə­dəniyyət Mərkəzi tərəfindən indiyə qədər müxtəlif mövzularda çox sayda əsərin özbək dilinə tərcümə edilərək nəşr olun­duğunu diqqətə çatdırıb. 

Özbəkistan–Azərbaycan Dostluq Cə­miyyətinin icraçı direktoru, professor Er­kin Nuriddinov iki qardaş ölkə arasında əlaqələrin dərin, qədim tarixi köklərindən söz açaraq ədəbi əlaqələrin də yüksək səviyyədə olduğunu, Azərbaycan Mədə­niyyət Mərkəzi tərəfindən bu sahə üzrə məqsədyönlü işlərin aparıldığını qeyd edib.

Ürgənc Dövlət Pedaqoji İnstitutunun pedaqogika fakültəsinin dekan müavini Şadyar Dostcanov, ədəbiyyat fakültəsi­nin dekanı Dilşod Qayipov çıxış edərək “Qılınc və qələm” tarixi romanının özbək dilinə tərcüməsini ədəbiyyatşünaslıq sahəsində mühüm hadisə adlandırıb, Azərbaycan tarixinin, mədəniyyətinin, ədəbiyyatının öyrənilməsi baxımından çox dəyərli bir mənbə olduğunu vurğula­yıblar. 

Qeyd edək ki, Daşkənd şəhərində fəaliyyət göstərən “Niso naşriyot va mat­baa uyi” poliqrafiya mərkəzində nəfis şə­kildə çap olunan “Qılınc və qələm” tarixi romanının tərcüməçiləri Nazira Aliyeva, Muhsin Hamidov və Rustam Komilov, re­daktoru və ön sözün müəllifi alim Abdulla Uluqovdur.

Romanın Mədəniyyət Mərkəzi tərə­findən Özbəkistanın aparıcı kitabxana­larına, ali təhsil ocaqlarına paylanması nəzərdə tutulub.

Qulu KƏNGƏRLİ
XQ-nin xüsusi müxbiri

Urgənc



Son xəbərlər