Qeyri-adi və heyrətamiz hadisələrin təqdimatından yaranan “Ginnesin Rekordlar Kitabı”na insanların marağı azalmır. İlk dəfə 1955-ci ildə İrlandiyanın "Ginness” pivə zavodunun sifarişi ilə çap olunan bu nəşr hazırda dünyanın 100-dən çox ölkəsində, 24 dildə çıxır və kitab ticarətində ən uğurlu nəşr sayılır: ötən il 100 milyon tirajla satılıb.
Azərbaycanla bağlı rekordlar da "Ginnesin Rekordlar Kitabı”na yer alır. Türkiyənin Egey Universitetinin professoru, riyaziyatçı alim Ürfət Nuriyev bildirir ki, Cəbrayıl rayonunda anadan olmuş, hazırda Belçikada yaşayan və həyatının 25 ilini qrafika sənətinə həsr etmiş Fəxrəddin Vəliyev rekordlar kitabına düşmüş ilk azərbaycanlıdır. O, 2004-cü ildə 5 dəqiqəyə 20 nəfərin siluetini çəkməklə bu şərəfə nail olub. 1992–1995-ci illərdə Afinada və İstanbulda fərdi sərgiləri təşkil edilib. 2003-cü ilin dekabrında o, məşhur "Belqium" muzeyində Belçika kraliçasının rəsmini çəkib. Kraliça həmyerlimizə məktub vasitəsilə təşəkkürünü bildirib. Fəxrəddin Vəliyev Azərbaycanın Belçikada tanınması üçün də xeyli işlər görüb və o, hazırda bu ölkədəki Avropa–Azərbaycan diaspor mərkəzinin vitse-prezidentidir.
Lənkəran rayonunun Aşağı Nüvədi kəndinin 7 yaşlı sakini Ələsgər Həsənzadə rekordlar kitabına düşən ən azyaşlıdır. O, 1 saat 45 dəqiqə ərzində barmaqlarının ucu ilə sinəsini yerə vurmamaq şərtilə 3 min dəfə qalxıb enib.
1990-cı ildə Bakı şəhərində doğulmuş Stanislav Şpanin milliyətcə rus olsa da, Azərbaycan vətəndaşı olaraq 2002-ci ildə ilk gənc peşəkar rəssam kimi rekordlar kitabına adını yazdırıb. O, 2005-ci ildə ABŞ-a köçüb.
Müstəqil Azərbaycana qızıl medal qazandıran ilk şahmatçı kimi tarixə düşən Qədir Hüseynov 1986-cı ildə anadan olub. Azərbaycanlı qrossmeyster 1994-cü ildə – 8 yaşında Rumıniyada keçirilmiş Avropa çempionatında 1-ci yeri tutub və qazandığı bu nailiyyətə görə o da “Ginnesçi” olub.
Bu kitaba planetimizin an güclü pəhləvanı kimi düşən Hüseyn Rzazadə 1978-ci ildə Ərdəbildə doğulub. O, ağırlıqqaldırma üzrə ikiqat olimpiya və dördqat dünya çempionu olub.
Bədənindəki xüsusi maqnit cazibəsinə görə adı 2013-cü ildə rekordçular kitabına yazılan Etibar Elçiyev beşqat rekordçudur. Gürcüstanın Borçalı mahalında yaşayan “Maqnit adam” İtaliya, Almaniya və Pekində dünya rekordu qazanaraq sertifikat və medallarla təltif olunub.
Daha 2 həmyerlimizin də adı “Ginnesin Rekordlar Kitabı”nda yer alır. Hazırda Dubayda tanınmış şirkətlərdən birində çalışan Vüqar Adıgözəlov 145 ölkə vətəndaşını bir təyyarədə toplayaraq tarixi uçuşa imza atıb. ABŞ-ın Las-Veqas şəhərində yaşayan azərbaycanlı sirk ustası Üzeyir Novruzov isə 2015-ci ildə qatıldığı yarışmada 6 metrlik nərdivana qalxması ilə məşhurluq qazanıb.
Rekordun yenilənməsinin təsdiqlənməsi mərasimi Çinin paytaxtı Pekində keçirilib.
Bunlardan başqa, əfsanəvi Neft Daşlarının adı “Ginnesin Rekordlar Kitabı”nda 1-ci dəniz neft platforması kimi qeyd olunub. İçərişəhərdə fəaliyyət göstərən “Miniatür Kitab Muzeyi”, həmçinin 168 il yaşamış azərbaycanlı – Lerik sakini Şirəli Müslümov uzunömürlülüyünə görə, vaxtilə Bakı şəhərinin “Bayraq meydanı”nda ucaldılan dirək dünyanın ən uca bayraq dirəyi kimi bu kitaba adı düşənlərdəndir.
Bakı metrosu ilk dəfə 1967-ci ildə “Ginnesin Rekordlar Kitabı”na Şərqdə ilk metro kimi düşub. Ağrı hissi ilə deməliyik ki, rekordlar kitabına ən dəhşətli metro qəzası kimi düşən faciə də Azərbaycanla bağlıdır. 28 oktyabr 1995-ci ildə “Ulduz” və “Nərimanov” metrostansiyaları arasındakı tuneldə qatarın alışması ilə 300 nəfərin həlak olması və 400 nəfərin xəsarət alması kitabda əks olunur.
Xatırladaq ki, "Ginnesin Rekordlar Kitabı” bir il əvvəl hazırlanır və növbəti il başlanan kimi, təqdimatı keçirilir.
Hazırladı:
Namiq QƏDİMOĞLU
XQ