Qıpçaq qızı “Sarı gəlin”

post-img

Hər birimizin sevə-sevə dinlədiyi xalq mahnısıdır “Sarı gəlin”. Kökü “Şeyx Sənan” dastanına gedib çıxır, həmin dastanın isə əsli bizə gəlib çatmayıb. Çünki ermənilərlə gürcülər onu öz xeyirlərinə təfsir edərək yaymağa çalışıb və orijinalı it-bata salıblar. 

Tarixçi professor Fəxrəddin Qırçıoğ­lunun araşdırmalarına əsasən, Şeyx Sənan Şərqi Anadoluda yaşayan, müsəl­man Oğuz Türkü Əbdülqadir Keylaninin tələbəsi olub. Həmin dövrdə Oğuz türk­lər Şərqi Anadoluda Qıpçaq Türkləri isə Cənubi Qafqazda kök salmışdılar. Amma bu iki eyni soydan gələn tayfaların dinlə­ri fərqli olduğu üçün hər zaman savaşda olub, bir-birlərinə düşmən kimi baxıblar. Qıpçaq türklərini müsəlmanlığa və ba­rışa dəvət etmək üçün Şeyx Keylani öz tələbəsi Sənanı qırx müridi ilə Cənubi Qafqaza göndərir. Burada müsəlmanlığı yaymaqla məşğul olan Sənan Qıpçaq Məlikin qızına aşiq olur. Uzun əziyyətlər­dən sonra o, Qıpçaq Məlikin qızına İslam dinini qəbul etdirməyi bacarır və onunla evlənmək arzusunda olduğunu bildirir. Bundan xəbər tutan Məlik Şeyx Sənanı öldürmək əmrini verir. Sənan Məlikin qı­zını da götürüb Şərqi Anadoluya qaçmaq istəsə də, Allahu Əkbər dağının ətəklərin­də Məlikin silahlı ordusu tərəfindən tutu­lur və elə 40 müridi ilə birlikdə oradaca edam olunur. Hazırda Şərqi Anadolunun Gürcüstanla sərhəddində 10-cu əsrə aid olan “Qırxlar məzarlığı” və “Sarı gəlin məzarlığı” mövcuddur. Allahu Əkbər dağı isə sonralar Şeyx Sənan dağı adlandırı­lıb ki, hazırkı Gürcüstan ərazisində qalıb və gürcülər dağın adını dəyişərək David dağı qoyublar. 

Ötən əsrin əvvəllərində Osmanlı im­periyasının dağıldığı ərəfədə erməni və gürcü tarixçiləri “Sarı gəlin” mahnısını və hadisələrin baş verdiyi əraziləri özünün­küləşdirmək fikrinə düşürlər. Bunu görən Üzeyir Hacıbəyli və Hüseyn Cavid onla­rın qarşısını almaq üçün “Sarı gəlin”i səh­nələşdirməyi qərara alırlar. Üzeyir bəy “Sarı gəlin”i nəzmə çəkmək üçün dər­bəndli şair Mirzə Səməndərə müraciət edərək şairi 3 aylıq Bakıya dəvət edir. Mirzə Səməndər yazdığı şeirləri Üzeyir bəyə təqdim etsə də, operanın səhnəyə çıxmasına 15 gün qalmış erməni, gürcü və rusların təkidi ilə geri alır. Əlacsız qa­lan bəstəkar şifahi xalq ədəbiyyatına əl atır və operanı səhnələşdirməyi bacarır. “Sarı gəlin” ilk dəfə 1909-cu ildə opera kimi səhnəyə çıxır. 

Tarixə nəzər salsaq görərik ki, Xəzər imperiyasının süqutundan sonra qıpçaq­lar Cənubi Qafqazdan Şərqi Anadolu sərhədlərinə kimi yayılmağa başlayıblar. “Dədə Qorqud” dastanında da buna rast gəlmək mümkündür. Şərqi Anadolu sər­hədi qıpçaqlarla oğuzların sərhədi olub. 

Bəs niyə Sarı gəlin?! Professor Kərəm Məmmədovun araşdırmalarına görə, hələ miladdan öncə 3-cü əsrdə Çinlə sərhəddə Qıpçaq tayfaları məskən salıblar. Çinlilər onları “Kinça” adlandırıb­lar ki, bu da tərcümədə sarışın demək­dir. Çin mənbələrindən sonra qıpçaqlara xilafət mənbələrində çox rast gəlmək mümkündür. Xilafət tarxiçisi Əl-Mərva­zi (9-cu əsr) qıpçaqları “Şari”, yəni sarı adlandırıb. Tarixçi professor Tahsin Bar­dakın iddialarına görə, qıpçaqlar digər türk tayfalarından fərqli olaraq qıyıqgöz, qaraşın deyil, hündür boylu, sarışın, mavi gözlü bir tayfa olublar. Məhz buna görə də bir çox tarixi mənbələrdə onlara sarı­lar deyə müraciət olunub. Sonralar xristi­an qıpçaqların bir çoxu müsəlmanlaşdı­rılaraq türkləşib, qalanları isə erməni və gürcülərə qarışaraq əriyib gediblər.

Odur ki, gəlin tariximizə sahib çıxaq və kimsələrin bizim olanı mənimsəmələ­rinə imkan verməyək. 

Aqşin XƏYAL,
“Ədəbiyyat.az” saytı

Mədəniyyət