Üçrəngli bayrağımız filmlərimizdə necə dalğalanır?

post-img

“Türkləşmək, islamlaşmaq, müasirləşmək” triadasına əsaslanmış bayrağımızın qəbulundan bizi 105 illik zaman ayırır. Üçrəngli bayrağımızın məfkurə  müəllifi böyük Turan sevdalısı Əli bəy Hüseynzadədir. 1918-ci ilin 9 noyabrında bu  amalı rəhbər tutan cümhuriyyət qurucuları bugünkü bayrağımızı rəsmən qəbul etmişdilər. 

Onillər ötüb, aylar dolanandan sonra – ­1990-cı ilin 17 noyabrında Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə bayrağımızın ilk dəfə Naxçıvanda Ali Məclisin iclas zalına gətirilməsi və beləliklə də dövlət statusu qazanması şərəf tariximizin unudulmaz səhifələrindəndir. Prezident İlham Əliyevin  2009-cu ildə imzaladığı sərəncamla isə hər ilin 9 noyabrı ölkəmizdə Dövlət Bayrağı Günü kimi qeyd olunur. 

Cumhuriyyət dövründə bayrağımızı vəsf edən əsərlər yazılmışdı. Əhməd Cavadın, Cəfər Cabbarlının bu “kimlik sancağı”mıza həsr olunan şeirləri müstəqilliyimizi tanıdan nümunələr kimi tarixdə qalıb. 

Bu göy boya, Göy Moğoldan 

qalmış bir türk nişanı,

– Bir türk oğlu olmalı!

Yaşıl boya islamlığın sarsılmayan imanı,

– Ürəklərə dolmalı!

Şu al boya azadlığın, təcəddüdün fərmanı,

– Mədəniyyət bulmalı!

Bu misraların müəllifi Cəfər Cabbarlının daha bir xidməti isə 1930-cu ildə – sovet rejiminin kəshakəs dövründə “Sevil “ tamaşasında üçrəngli bayrağın səhnədə nümayişi olub. 

Yetmiş il davam edən SSRİ  dövründə üçrəngli bayraq əksinqilabın rəmzi kimi təqdim edilirdi. Təbii ki, bu da insanlarımızın bayrağımızın tarixini öyrənmələrinə maneə törədirdi. Məhdud bir dairə üçrəngli bayraq barədə məlumatlı idi. Bununla yanaşı, ədəbi əsərlərin müəllifləri imkan daxilində üçrəngli bayrağı senzuranın gözündən yayındıraraq yada salırdılar. 

Kinoya gəlincə isə xatırladaq ki, bu gün artıq ən uca zirvələrdə dalğalanan Dövlət Bayrağımız ilk dəfə 1939-cu ildə Səməd Mərdanovun “Kəndlilər”  filmində göstərilmişdir. Filmin süjet xətti XI Qızıl Ordunun  fəal iştirakı ilə bolşeviklərin hakimiyyəti öz əllərinə keçirmələri haqqındadır. Ekran əsərində bayrağımız əksini  kəndli qurultayında tapır. Orada bayrağın islami tərəfi qabardılır. Lakin, eyni zamanda, bayrağın əksində yanlışlığa yol verilir: Ay-ulduz nişanı bayrağın mavi hissəsində göstərilir.

İsa Hüseynovun ssenarisi əsasında rejissor Əjdər İbrahimovun 1971-ci ildə çəkdiyi və Nəriman Nərimanova həsr olunan “Ulduzlar sönmür” filmində də üçrəngli bayrağımız görünür. Amma “Kəndlilər”də yol verilən səhv bu ekran işində də təkrar olunur. Onu da deyək ki, “Kəndlilər”dən fərqli olaraq, bu dəfə bayrağın türkçülük düsturu qabarıq göstərilir. Belə ki, Denikinə yardıma gedəcək əsgərlərin sırasında Orta Asiyadan olan bir türk əsgəri Azərbaycan bayrağını irəlidə aparır. Bu da turançılıq ideyasına işarədir.     

Rasim Ocaqovun rejissoru, Zeynal Xəlilin ssenari müəllifi olduğu “Qatır Məmməd” filmində bayrağımız yenə də ordu yürüyüşü konteksində öz əksini tapır. Belə ki, cumhuriyyət əsgərləri döyüş hazırlığı zamanı bu bayraqla irəliləyirlər. Bu epizodda bayrağımız uzaq fonda görsənir. Lakin ay-ulduz təsviri  dəqiq əksini taparaq, bayrağın məhz qırmızı zolağında yer almış olur.     

1986-cı ildə ekranlaşdırılmış “İşarəni dənizdən gözləyin”(ssenari müəlllifi Firudun Ağayev, rejissor Ceyhun Mirzəyev) filmində üçrəngli bayraq gəmi göyərtəsindən diqqət çəkir. Cumhuriyyət hökumətinə xəyanət etmiş Çingiz İldırımın başçılıq etdiyi dəniz donanmasının fəaliyyətindən bəhs edən filmdə bayrağımız tam aydın şəkildə görünür. Bildiyimiz kimi, həmin filmin çəkilişindən cəmi 2 il sonra artıq üçrəngli bayrağımız Azadlıq meydanında – müstəqillik uğrunda mücadilə mitinqlərində dalğalanmağa başlayıb. 5 fevral 1991-ci ildə isə bu bayraq müstəqilliyini elan etmiş Azərbaycan Respublikasının Ali Soveti tərəfindən təsdiq edilmişdir. 

Müstəqillik dövründə isə üçrəngli bayrağımız Qurban Səidin eyniadlı romanı əsasında çəkilmiş “Əli və Nino” filmində göz oxşayır. İcraçı prodüsserləri Leyla Əliyeva və Mayri Bet, rejissoru Asif Kapadiya olan fiımdə bayrağımız 1920-ci il mayın 26–31-də sovetlərə qarşı qalxan Gəncə üsyanından bəhs olunan epizodlarda   Əlixan Şirvanşir və digər silahdaşları müqəddəs bayrağımızın kölgəsində işğalçılara qarşı mübarizə aparırlar. Onlar bayraq, Vətən uğrunda şəhid olurlar. Filmdəki bu bayraq obrazı istiqlaliyyət xəttinə xidmət edir. 

Çox istərdik ki, bundan sonra da üçrəngli bayrağımız filmlərimizdə məxsusi əksini tapsın. 

 

Ceyhun MİRZƏLİ 

 

Mədəniyyət