Ana dilimizin qiymətli qaynağı

post-img

Farslara türk dilini öyrədən kitab - “Məzhər-üt-türki” 


Dünən AMEA Nəsimi adına Dilçilik İnstitutunda  professor Nadir Məmmədlinin tərtib etdiyi  Əbdürrəhim Ərdəbili Şirvaninin “Məzhər-üt-türki” kitabının təqdimatı  keçirilib.

Akademik Teymur Kərimli əslən Ərdəbil şəhərindən olan XVIII əsr Azərbaycan alimi Əbdürrəhim Ərdəbili Şirvaninin müəllifi olduğu “Məzhər üt-türki” dərsliyinin (risalə), təxminən, 270 il əvvəl – Nadir Şah Əfşar dövründə Qızılbaş türkcəsini qeyri-türklərə öyrətmək məqsədilə yazıldığını deyib. Akademikin sözlərinə görə, ilk dəfə Azərbaycanda fars dilindən tərcümə və çap olunan bu dərslik zəngin dünya dilləri arasında öz mövqeyi ilə seçilən Azərbaycan dilinin inkişaf yolları, qrammatik və leksik normalarının tarixi təkamülünün öyrənilməsi baxımından dil tarixçiləri, türkoloq və iranşünaslar üçün çox dəyərli vəsaitdir.

Nəşrin tərtibçisi, “Ön söz” və şərhlərinin müəllifi, professor Nadir Məmmədli İranın Qum şəhərində mühafizə olunan, Azərbaycan dili və tarixi üçün mötəbər  və qiymətli mənbə olan bu əlyazmanı ona Tehranın Fərhangiyan Universitetinin fars dili və ədəbiyyatı fakültəsinin dosenti, əslən azərbaycanlı İxtiyar Bəxşinin hədiyyə etdiyini vurğulayıb. O qeyd edib ki, “Məzhər üt-türki”ni türk mədəniyyəti, ədəbiyyatı və elminin fədakar təbliğatçısı ərdəbilli Məhəmməd Micəndehi Qum şəhərindəki “İslam irsini yenidən canlandırma mərkəzi” kitabxanasının nadir fondundan əldə etmiş, şəxsi arxivində saxlamış, sonralar vətənpərvər dostlarına hədiyyə etmişdir.

Nadir Məmmədli “Məzhər üt-türki” kitabının müəllifi Əbdürrəhim Ərdəbili Şirvaninin Ərdəbildə doğulduğu, burada boya-başa çatdığı, lakin bir müddət Azərbaycanın Şamaxı şəhərində yaşadığı üçün Şirvani təxəllüsünü götürdüyünü bildirib. Alim əlavə edib ki, Əbdürrəhim Ərdəbili “Məzhər üt-türki” risaləsinni Şirazda olarkən türkcə öyrənmək və danışmaq istəyən fars mənşəli Ağa İsmayıl adlı bir şəxsin xahişi ilə yazmışdır. O, dərsliyin İranda Qızılbaş türkcəsini qeyri-türklərə öyrətmək üçün yazılmış, bu dil haqqında məlumat verən ilk və yeganə əsər olduğunu vurğulayıb. 

Sonra Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov kitabı dilçilik elminində xüsusi dəyəri ola biləcək əsər kimi xarakterizə edərək, bildirib ki, nəşrlə bağlı bəzi məsələlərin tam aydınlaşdırıldıqdan sonra bu əsər müasir Azərbaycan dilçiliyinin ilk möhtəşəm abidəsi hesab oluna bilər. 

Tədbirdə professor Güllü Yoloğlu, Azərbaycan Respublikası Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru, professor Sevinc Əliyeva, akademik Möhsün Nağısoylu, professor Rüfət Rüstəmov, əsərin tərcüməçisi, dosent Günel Orucova, institutun icraçı direktoru, dosent Baba Məhərrəmli və digər dilçi alimlər "Məzhər üt-türki" dərsliyində XVI–XVIII əsrlərdə Azərbaycan türkcəsinin normalarında xəlqiləşmə prosesi getdiyindən, tələbata uyğun olaraq, müxtəlif anlayışları ifadə etmək üçün ümumxalq danışığına xas söz və ifadələrin işlədilməsi və dil vahidlərini ümumiləşmə məsələsindən, milli dilin formalaşması prosesindən söhbət açıblar.   

Müzakirələrdə qeyd edilib ki,  “Məzhər üt-türki” əsəri dil tariximizin, qrammatikamızın tədqiq olunması baxımından  ən zəngin mənbələrdən biri hesab olunur. Bundan əlavə, Səfəvi və Əfşarlar dövründə Azərbaycan türklərinin ictimai-siyasi tarixinin aydınlaşdırılması ilə bağlı dəyərli bir mənbədir. Mərhəmətli və rəhmli Allahın adı ilə başlayan” bu əsər müqəddimə, dörd bölmə,  birinci və ikinci bölmələrin, hər biri  iki fəsil və feillərdən ibarət lüğətdən ibarətdir. Əbdürrəhim Ərdəbili Şirvani türkcə danışmağın fəzilətindən bəhs edir və bu dilin sultan və hakimlərin dili olduğunu qeyd edir. O yazır ki, bu dilin onu işlədənlərin işlərinin həyata keçməsində hədsiz faydaları var.

 

Fidan SALMANOVA 
XQ

 

















Mədəniyyət