Paytaxtın Xəzər rayonunun Qala qəsəbəsində yerləşən mağazaların birindən 2000 manat dəyərində spirtli içki və tütün məhsulları oğurlanıb.
XQ xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əvvəllər dəfələrlə məhkum olunmuş 52 yaşlı R.Rzayev şübhəli şəxs qismində müəyyən edilərək saxlanılıb. Araşdırmalarla məlum olub ki, saxlanılan şəxs taladığı marketin yaxınlığında yaşayır və mütəmadi olaraq həmin obyektdən alış-veriş etdiyi üçün satıcıların ona diqqət yetirməyəcəkləri qənaətinə gəlib. R.Rzayev hissə-hissə məhsulları oğurladıqdan sonra yaxınlıqda yerləşən başqa bir mağazaya apararaq orada ucuz qiymətə satıb. Həmçinin R.Rzayevin üzərindən psixotrop maddə metamfetamin də aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırmalar aparılır.

