AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin növbəti iclası keçirilib

post-img

AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyətinin növbəti iclasında elmi-təşkilati məsələlər, qarşıda duran vəzifələr və mühüm dövlət sənədlərindən irəli gələn tapşırıqlar müzakirə olunub.

İclası giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən irəli sürülmüş “Azərbaycanın yeni rəqəmsal arxitekturası” üzrə vahid fəaliyyət planının əsas müddəaları və bu istiqamətdə qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib. 

Akademik bildirib ki, dövlət başçısı tərəfindən müəyyən edilmiş dörd prioritet istiqamət –süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması, rəqəmsallaşma və kibertəhlükəsizlik elmi müəssisələr üçün strateji əhəmiyyət daşıyır. Qeyd olunub ki, süni intellekt texnologiyalarının elmi-tədqiqat prosesinə inteqrasiyası innovativ yanaşmaların genişlənməsinə şərait yaradır, vahid data mərkəzlərinin formalaşdırılması isə elmi məlumat bazalarının sistemli idarə olunmasını təmin edir. İnformasiya təhlükəsizliyinin gücləndirilməsi isə rəqəmsal mühitdə dayanıqlı fəaliyyətin əsas şərtlərindən biri kimi dəyərləndirilib.

Rəqəmsallaşma və süni intellekt şöbəsinin müdiri Səkinə Cümşüdova müzakirə olunan məsələlərlə bağlı fikirlərini bölüşərək bu sahədə həyata keçiriləcək tədbirlərin əhəmiyyətini diqqətə çatdırıb.

İclasda 2025–2026-cı tədris ilinin ikinci yarısında Bölmə əməkdaşlarının yarımştat və saathesabı əsaslarla ali təhsil müəssisələrində dərs aparmaları məsələsinə baxılıb. Eyni zamanda, Bölmənin “Elmi əsərlər” jurnalına təqdim olunmuş məqalələrlə bağlı fikir mübadiləsi aparılıb.

Filologiya üzrə fəlsəfə doktoru Rəşad Zülfüqarov çıxış edərək Xaqani Şirvaninin 900 illiyinin qeyd edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələn vəzifələr barədə məlumat verib. Bildirilib ki, Bölmədə elmi konfransın keçirilməsi nəzərdə tutulur və bununla bağlı tədbirlər planı hazırlanıb.

Elm və təhsil şöbəsinin baş mütəxəssisi Gülvira Abbasova Bölmədə kiçik elmi işçi vəzifəsinə keçirilmiş əməkdaşların 2026–2030-cu illər üçün elmi-tədqiqat planlarının təsdiqi barədə məlumat verib. Qeyd olunub ki, təqdim edilən planlar regionun aktual problemlərinin araşdırılmasına yönəlib.

İclasda, həmçinin “Biblioqrafik göstərici–2025” nəşrinin hazırlanması məsələsi müzakirə edilib. Bildirilib ki, bu nəşr əməkdaşların elmi fəaliyyətinin sistemləşdirilməsi, elmi məhsuldarlığın təhlili və gələcək tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Sonda gündəlikdə duran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.





Elm