Paraüzgüçülərimiz Belarus Açıq Paraüzgüçülük Kubokunun ilk iki günündə 2 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıblar.
19-21 fevral tarixlərində Belarusun Brest şəhərində keçirilən Açıq Paraüzgüçülük Kubokunda ikinci yarış günü yekunlaşıb. Turnirdə ölkəmizi S12 kateqoriyasında Raman Salei və Səlim Məmmədov, S10 kateqoriyasında isə yeniyetmə paraüzgüçülərimiz Əli Vəliyev ilə Murad Məmmədov təmsil edir.
Paralimpiya çempionumuz Raman Salei 100 metr məsafəyə sərbəst üzmə üsulunda 55.29 nəticə ilə, 100 metr məsafəyə “butterfly” (kəpənək) üzmə üsulunda isə 59.17 nəticə ilə iki qızıl medal qazanıb.
Yeniyetmə paralimpiyaçımız Əli Vəliyev 100 metr məsafəyə “butterfly” (kəpənək) üzmə üsulunda 1:03.10 nəticə ilə gümüş, 200 metr məsafəyə qarışıq üzmə üsulunda 2:34.77 nəticə ilə daha bir gümüş, 400 metr məsafəyə sərbəst üzmə üsulunda isə 4:52.14 nəticə ilə bürünc medal qazanıb.
Qabil YUSİFOĞLU
XQ

