Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Talış icması ilə birgə 21 Fevral Beynəlxalq Ana Dili Günü münasibətilə toplantı keçirib.
Məclisi giriş sözü ilə açan mərkəzin icraçı direktoru Rəvan Həsənov bildirib ki, ana dili hər bir xalqın milli kimliyinin, mənəvi dəyərlərinin və xalq yaddaşının əsas daşıyıcısıdır. 1999-cu ildə UNESCO-nun elan etdiyi və 2000-ci ildə BMT Baş Assambleyasının qəbul etdiyi Beynəlxalq Ana Dili Günü inklüzivliyin təşviqində və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmaqda əhəmiyyətli rol oynayır.
Rəvan Həsənov qeyd edib ki, Azərbaycan tarixən müxtəlif xalqların sülh və qarşılıqlı hörmət şəraitində yaşadığı multikultural məkandır. Ölkəmizdə yaşayan bütün etnik icmaların ana dillərinin qorunması, öyrənilməsi və inkişafı üçün əlverişli şərait yaradılıb. Təhsil, mədəniyyət və media sahəsində bu dillərin istifadəsi və təbliği istiqamətində mühüm addımlar atılır. Onu da diqqətə çatdırıb ki, Azərbaycan Respublikasında dil siyasəti ümummilli maraqlara əsaslanır və bu istiqamətdə həyata keçirilən tədbirlər ölkə rəhbərliyinin ardıcıl və məqsədyönlü siyasətinin tərkib hissəsidir.
Multikulturalizm Mərkəzinin bu istiqamətdə fəaliyyətindən söz açan Rəvan Həsənov bildirib ki, mərkəz müxtəlif xalqların ana dillərinin, mədəniyyətinin, adət və ənənələrinin yaşadılması, xüsusilə də gənc nəslə tanıdılması məqsədilə mütəmadi olaraq elmi-praktik konfranslar, dəyirmi masalar, təqdimatlar və maarifləndirici layihələr həyata keçirir. Bu təşəbbüslər xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə, mədəni müxtəlifliyin qorunmasına və cəmiyyətdə tolerantlıq mühitinin daha da gücləndirilməsinə xidmət edir.
Talış İcmasının ağsaqqalı, professor İmamverdi Həmidov ana dilinin hər bir xalq üçün müqəddəs mənəvi sərvət olduğunu bildirib. O qeyd edib ki, ana dili insanın dünyaya baxışını formalaşdıran, onun milli kimliyini və mənsubiyyət hissini gücləndirən əsas amildir. Azərbaycanda yaşayan talışlar hər zaman ölkənin ictimai-siyasi və mədəni həyatında fəal iştirak ediblər və bu gün də dövlətin yaratdığı əlverişli şəraitdən faydalanaraq öz ana dillərini, folklor irsini, adət və ənənələrini yaşadırlar.
Çıxış edənlər də ana dilinin qorunmasının əhəmiyyətindən, Azərbaycanın multikultural dəyərlərinin möhkəmləndirilməsində dil faktorunun rolundan danışıblar. Onlar qeyd ediblər ki, Beynəlxalq Ana Dili Gününün qeyd olunması təkcə dillərin qorunması deyil, həm də mədəni müxtəlifliyin təşviqi, qarşılıqlı hörmət və birgəyaşayış ənənələrinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Sonda musiqiçilərin, məktəblilərin ifasında talış dilində şeirlər, mahnılar səsləndirilib. İştirakçılara Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin talış dilində nəşr etdiyi Qurban Səidin “Əli və Nino” və “XX-XXI əsr Talış poeziya antologiyası” kitabları hədiyyə edilib.
T.RÜSTƏMLİ
XQ

