Qəzzanın ağır günləri davam edir

post-img

Oktyabrın 7-də HƏMAS yaraqlılarının İsrail ərazisinə qəfil hücumu ilə başlanan ağır silahlı qarşıdurma davam edir. İsrail Müdafiə Qüvvələri həmin andan başlayaraq, yaraqlıları cəzalandırmaq məqsədilə Qəzza zolağında antiterror əməliyyatlarını davam etdirir. 

BBC xəbər verir ki, dünən İsrail hərb­çiləri ərazidəki “Əl-Şəfa” xəstəxanası yaxınlığında HƏMAS-ın girovluğunda olan ikinci qadının meyidini aşkar ediblər. Son günlər bura ən gərgin döyüşlərin baş verdiyi ərazidir. 

Dünən ərazidə Fələstin Parlamentinin sədr müavini Əhməd Baharın öldüyü bəlli olub. Fələstinin “Maan” xəbər agentliyinin məlumatına görə, Ə.Bahar Qəzzada gedən döyüşlərdə aldığı ciddi xəsarətlər nəticəsində həlak olub. 

Qeyd edək ki, İsrail Ordusu bu həftənin əvvəlində də həmin ərazidə reyd keçirmiş, burada yaraqlılar tərəfindən oğurlanaraq əsir aparılmış Noa Marsiano adlı 19 yaşlı bir əsgərin cəsədini taparaq doğmalarına təhvil vermişdir. Təl-Əviv hesab edir ki, adıçəkilən xəstəxanada HƏMAS-ın əsas komanda mərkəzlərindən biri yerləşir. ­HƏMAS rəhbərliyi bu iddianı inkar edir. 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus İsrail ordusunun “Əl-Şəfa” xəstəxanasına reydlərini “tamamilə qəbuledilməz” adlandırıb. ÜST rəhbəri Cenevrədə keçirilən mətbuat konfransında deyib ki, xəstəxanalar döyüş meydanı deyil və hətta obyektlər hərbi məqsədlər üçün istifadə olunsa belə, xəstəxanalardakı xəstələr və işçilər qorunmalıdır.

ABŞ Prezidenti Co Bayden isə HƏMAS-ı “Əl-Şəfa” xəstəxanasını komanda mərkəzi kimi istifadə etməkdə ittiham edərək, bunu “müharibə cinayəti” adlandırıb. O, çərşənbə günü Kaliforniya ştatının Vudsayd şəhərində Çin lideri Si Cinpinlə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib ki, HƏMAS döyüşçülərini xəstəxananın altında gizlətməklə cinayət törədir. 

Qlobal media yazır ki, İsrail rəsmiləri fələstinliləri Qəzzanın cənubundakı dörd şəhəri tərk etməyə çağırıb. Təhlilçilər hesab edirlər ki, bu, Təl-Əvivin yaraqlılara qarşı müharibəsinin genişlənməsinə və insanlara həmin ərazilərdə qalmağın təhlükəli olduğuna işarədir. 

Dünən gecə boyu İsrail ordusu təyyarələrdən vərəqələr ataraq, mülki əhaliyə Bəni-Şüheyla, Xuzaa, Abasan və Qarara şəhərlərini tərk etməli olduqlarını bildirib. Ərazidə yaşayan sakinlər ötən gecə İsrailin güclü bombardman həyata keçirdiyini bildiriblər.

Bu arada BMT-nin Təhlükəsizlik Şurası (TŞ) Qəzzada “təcili və uzunmüddətli humanitar fasilələr” tələb edən qətnamə qəbul edib. Şuranın 12 üzvü sənədin lehinə səs verib. Əleyhinə səs verən olmayıb. ABŞ, Rusiya və Böyük Britaniya nümayəndələri bitərəf qalıblar. 

TŞ-nin qəbul etdiyi sənəddə tərəflər arasında atəşkəsin elan edilməsinin vacibliyi xüsusi vurğulanır. Qətnamədə, həmçinin “HƏMAS tərəfindən girov götürülən bütün insanların dərhal azad edilməsi” tələb edilir.

Baş nazir Binyamin Netanyahu ABŞ-nin “CBS News” telekanalına müsahibəsində deyib ki, İsrail Qəzza zolağında HƏMAS-la mübarizə zamanı dinc sakinləri təhlükədən qorumaq cəhdlərinin bəzən uğursuz olduğunu etiraf edib. 

HƏMAS tərəfi bu bəyanatın həqiqətə uyğun olmadığını, İsrail aviasiyasının əraziyə gün ərzində onlarla hava zərbəsi endirdiyini, bu zaman çox sayda dinc sakinin həlak olduğunu bildirir. 

Münaqişə başlanan gündən bu vaxta qədər 11 mindən çox fələstinlinin, 1400 nəfərə yaxın İsrail vətəndaşının öldürüldüyü bildirilir. HƏMAS yaraqlılarının əlində 200-ə yaxın əsir və girovun olduğu təxmin edilir. 

Bu günlər dünyanın bir çox ölkələri və beynəlxalq qurumlar tərəfindən Qəzza sakinlərinə humanitar yardımlar göndərilir. İsrail Hökumətinin Fələstin Ərazilərində Fəaliyyətlərin Koordinasiyası İdarəsi məlumat yayıb ki, dünən beynəlxalq humanitar yardım daşıyan 144 yük maşını Misir ərazisindəki “Rəfah” keçidi vasitəsilə Qəzza zolağına daxil olub.

Qeyd edək ki, Qəzza zolağına humanitar yardımın çatdırılması Yaxın Şərqdə münaqişənin gərginləşməsinin başlamasından iki həftə sonra oktyabrın 21-də başlayıb.

Göründüyü kimi, ağır zorakılıqlarla müşahidə olunan HƏMAS–İsrail qarşıdurması davam edir. Bir çox dövlətlər, eləcə də qardaş Türkiyə münaqişəyə cəlb olunan tərəflərdən təcili surətdə atəşkəs elan etmələri və sülh danışıqlarına başlamağı tələb edirlər. Təəssüf ki, bu çağırışlar cavabsız qalır.

PS. Yazı çapa hazırlanarkən xəbər gəldi ki, İsrail və HƏMAS Qəzzada üç günlük atəşkəs haqqında razılığa gəliblər. Bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.  Bildirilib ki, bu, atəşkəs humanitar məqsədlərlə elan edilib. 

 

M.HACIXANLI  
XQ

 

Dünya