Hayların sağalmaz “beyin iflici”

post-img

Yaxud müqayisəyə gəlməyən dəyərləri üzləşdirmə cəhdləri

Cinayəti törədərkən 17 yaşında olan Ogün Samast hadisədən bir gün sonra Samsunda avtovağzalda saxlanılmışdı. 16 il 10 ay həbsdə olan Samast vaxtından 1 il əvvəl yaxşı davranışı səbəbilə şərti azadlığa buraxılıb. Samast cəzasını Bolu şəhərindəki F Tipli Həbsxanada çəkirmiş. Ogün Samastın qətlə yetirdiyi erməni əsilli jurnalist Hrant Dink 1954-cü ilin sentyabrında Türkiyənin Malatya şəhərində anadan olub. “Aqos” qəzetinin baş redaktoru kimi Dink qondarma “erməni soyqırımı”nın Türkiyədə tanınması, yerli ermənilərə daha çox imtiyazlar verilməsi üçün çalışırdı. 

***

Ogün Samastın vaxtından cəmi bir il əvvəl azadlığa çıxmasından “qəzəblənən” erməni KİV-ləri, sosial şəbəkə seqmentləri etiraz səslərini ucaltmağa başlayıblar. Bu zaman ağıllarının ucundan belə keçirmirlər ki, Türkiyədə hətta Hrant Dinkin qətlindən sonra da ermənidilli qəzetlər çap olunur və həmin qəzetlərin səhifələrində mütəmadi olaraq uydurma “erməni soyqırımı”nın “tanınmasının zəruriliyi” məsələsi qaldırılır. Axı, bu sözləri də o zaman “Aqos”un baş redaktoru yazmışdı: “Türkiyə cəmiyyətinin ən aktual problemlərindən biri Osmanlı imperiyasında ermənilərin soyqırıma məruz qalması ilə bağlıdır”. İndi müddətdən bir il tez həbsdən buraxılmış Samastın üstünə “hücum çəkən” hay media mənsublarına necə sübut etsinlər ki, onların bəyənmədiyi Türkiyədə söz azadlığı “daşlar ölkəsi” Ermənistandakından daha çoxdur. Hərçənd son vaxtlar ermənipərəst Qərb və okeanın o tayındakı ABŞ Ermənistanı, az qala, bölgənin “demokratiya mayakı” qismində təqdim etməyə çalışırlar. Məsələnin milli-siyasi tərəfinə nəzər saldıqda haray-həşir qoparan erməni media mənsublarının bir incə məqamı “unutduqları” mütləq qeyd olunmalıdır. 

Axı, Ermənistanda türk dilində qəzet yoxdur və yerli KİV-lərdə isə “erməni soyqırımı”nı şübhə altına almağın özü belə qadağandır. Amma 16 il 10 ay bundan əvvəl İstanbulun küçələrində Dinkin öldürülməsinə qarşı etiraz aksiyaları keçirilmişdi. O mitinqlərdə Türkiyə cəmiyyətinin ictimai-siyasi xadimləri ilə yanaşı, tanınmış sənət adamları da iştirak edirdilər. “Biz hamımız – Hrant Dinkik” şüarı ilə keçirilən aksiyalardan sonra yerli media cameəsi bir neçə dəfə Dinki anma tədbirləri də düzənləmişdi.       

İndi sual olunur:  Ermənistanda nə vaxtsa hansısa türk jurnalistinin, yaxud siyasətçisinin xatirəsinə mitinq, anım mərasimi keçirilibmi? Ümumiyyətlə, belə bir halın mümkünlüyünü ağlınıza sığışdıra bilərsinizmi? Mümkün deyil! Əksinə, İrəvanın Teatr meydanında Hitler Almaniyası çağlarındakı kimi, neonasist nümayişlərin, “njdesevərlərin” yürüşlərinin şahidi ola bilərsiniz. Faşist qafalı vandalların belə aksiyalarında Türkiyə bayrağının yandırılması isə adi qaydaya çevrilib. Bəs, erməni jurnalistləri həmvətənlərinin insan haqlarından, azadlıq və humanizm prinsiplərindən uzaq davranışlarını bircə dəfə olsun qınadılarmı?     

***

Ötən əsrin sonlarında Fransanın Orli hava limanında terror aktı törədən və 8 insanın ölümünə səbəb olan ASALA liderlərindən Varijan Karapetyanı dünyanın “ən humanist məhkəməsi”nin fransız hakimləri girov müqabilində azadlığa buraxanda rəsmi İrəvan şadyanalıq edirdi. 2001-ci ilin mayında Ermənistanın baş naziri Andranik Markaryan “ana vətəninə” təşrif buyurmuş terrorçu Karapetyanı şəxsən qəbul etmiş və onun Fransa həbsxanasından buraxılmasına görə çox sevindiyini bildirmişdi. Amma Türkiyədə nə jurnalistlərdən, nə də siyasilərdən kimsə Samastın pişvazına getmədi, onu qəbul etmədi, hərəkətinə “qəhrəmanlıq donu” biçmədi. Müqayisə üçün digər tarixi sübutları da sadalaya bilərik. Əslində, bu iki hadisənin arxasından boylanan dəyərlər müqayisə materialı olmağa layiq deyil.  

Zərərli ideologiyaya və xəstə təxəyyülə söykənən bütün bu anti-Türk təbliğatının, hərəkətlərinin fonunda erməni mediası, siyasi kəsim Ogün Samastın vaxtından cəmi bir il tez azadlığa çıxmasını “qara bayramları” kimi qələmə verirlər. Deməli, bu qaraguruh zehniyyəti ondan xəbər verir ki, Ermənistan cəmiyyətində, bütövlükdə, hayların düşüncəsində “türkofobiya” iflicindən müalicə prosesi asta və ağrılı gedir.     

 

İ.HƏSƏNQALA 
XQ

 

Siyasət