Zəfər Muzeyinin əmanətləri

post-img

Prezident İlham Əliyevin sərəncamı ilə Bakının Neftçilər prospektindəki Muzey Mərkəzində yaradılan “Zəfər Muzeyi” Qarabağda möhtəşəm qələbəmizi xırda detallarına qədər təqdim edən bir xatirə kompleksi olacaq. Hazırda Azərbaycan İstiqlal Muzeyində yeni zəfər tarixi məkanı üçün eksponatlar toplanır.   

Muzeydəki hər bir eksponat – şəhidlərin şəxsi əşyaları canını Vətənə qurban verənlərin əziz yadigarı olaraq qorunub saxlanır. Ayrı-ayrı şəhid ailələri qəhrəman soydaşlarımızın əşyalarını bu məkana əmanət edirlər. Bu günə qədər toplanan əşyaların sayı artıq 9 mini keçib.    

İstiqlal Muzeyinin  böyük elmi işçisi Aynurə Tağıyeva həzin duyğular yaradan zəfər eksponatları barədə bizə məlumat verdi:

– Gördüyünüz əşyaların hər biri şanlı tarixin parçasına çevrilib. Eksponatların   toplanıb komplektləşdirilməsinə hər kəs ürəklə girişib. Həmçinin muzeyimiz “Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün” adlı layihə də həyata keçirir. Bu layihə çərçivəsində hər həftə 7–10 şəhidimizin əşyaları tamaşaçılara nümayiş etdirilir. Məqsədimiz həm şəhidlərin xatirəsini yaşatmaq, həm də gələcək nəsillərdə güclü hərbi vətənpərvərlik ruhu aşılamaqdır. 

Onu da qeyd edək ki, muzey üçün həm 1-ci, həm də 2-ci Qarabağ müharibəsi şəhidlərinin əşyaları toplanır. Şəhid olmuş mülki vətəndaşlarımızın əşyaları üçün də yer ayrılıb. Muzeyin  əməkdaşları şəxsən şəhid ailələri ilə görüşərək onların əşyalarını qəbul edirlər. Toplanan yadigarlar diqqətlə  çeşidlənir, əmanətlərin hamısı əziz xatirə kimi qorunur. Polad Həşimova, Xudayar Yusifzadəyə, Rəşad Babayevə və digər şəhidlərə məxsus əşyalar artıq tam komplektləşdirilib.       

Muzeydə şəhid baş leytenant İlqar Vəliyevin oğlu Vəli Vəliyevlə görüşdük. Atasına aid əşyaların burada nümayiş etdiriləcəyindən qürur duyduğunu söyləyərək dedi: 

– Birinci Qarabağ müharibəsində fəal iştirak etmiş atam rabitəçi-­kəşfiyyatçı olub. Otuz il sonra başlanan Vətən müharibəsində də kənarda qalmayaraq döyüşlərə qatılıb. Doğum günü ərəfəsində bizimlə telefon söhbətində sevinclə bildirmişdi ki, düşməndən bir hərbi hissə azad edilib. Öz ad günündən göndərdiyi video isə atamızla bağlı son xatirə oldu. Oktyabrın 20-də Füzuli–Şuşa istiqamətindəki döyüşlərdə şəhadətə yüksəldi. Ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” ­medallarına layiq görüldü… 

Silahlı Qüvvələrimizin kapitanı olmuş Samir Mikayıllının əmisi oğlu Rüfət Sultanov şəhid əzizi ilə bağlı xatirələrini paylaşdı:  

– Samir 1993-cü ildə Ağcabədidə anadan olub. Yaşadığımız rayon düşmənlə keçmiş təmas xəttinə yaxın olduğundan Samirdə hərb işinə maraq yaranmışdı. O, torpaqlarımızın azad olunmasında iştirak etmək istəyirdi. Həmin arzu ilə də Samiri  Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olmuşdu. Sonra Samir təhsilini ­Heydər Əliyev adına Ali Hərbi Məktəbdə davam etdirdi, ardınca da Türkiyədəki Kara Harb Okuluna daxil oldu. Qardaş ölkədə motoatıcı ixtisasına yiyələndi. Vətən müharibəsində əmim oğlu öndə gedən zabitlərdən oldu… 

Rüfət danışdıqca biz şəhidin buradakı təltiflərinə diqqət etdik. Ondan yadigar qalan hərbi geyim və saat isə S.Mikayıllının barəsində qürur dolu təəssürat yaratdı. O,   Şuşada qazanılan möhtəşəm zəfərdən bir gün sonra şəhadətə ucalıb. Ağcabədidə onun adını daşıyan park var.

Xüsusi təyinatlı qüvvələrin baş leytenantı Məhəmmədhəsən Sadıqlıya aid hərbi geyimi, çantanı, növbətçilik bayrağını da ailəsi muzeyə təhvil verib. Türkiyədə hərbi təhsil almış şəhid baş leytenant Ramil Babayevdən yadigar qalan diplom və sertifikatlar da həzin duyğular yaradır. Fərrux Hüseynov da baş leytenant idi. Onun kiteli, şalvarı və öz əli ilə yazdığı tərcümeyi-halı da əziz eksponatlar kimi qorunub saxlanır və nümayiş etdirilir.

Zamanı dayanmış qol saatı, mürəkkəbi qurumuş qələm, boyunbağı kimi əşyalar isə şəhid Ruzi İbrahimovun yadigarlarıdır. Cib dəsmalı, daraq, alışqan bir başqa şəhidin olub. 

Muzeydə onu da öyrəndik ki, şəhidlərin fotoşəkilləri, videogörüntüləri disklərə köçürülüb saxlanılır. Qəhrəmanlarımız haqqında solmaz xatirələri isə hər birimiz ürəyimizdə gəzdiririk.

 

Əli NƏCƏFXANLI 
XQ

 

Mədəniyyət