Virtual deportasiya muzeyinin təqdimatı

post-img

Dünən Beynəlxalq Avrasiya Mətbuat Fondu Sosial Tədqiqatlar Mərkəzinin konfrans salonunda “Qərbi azərbaycanlıların deportasiyası və soyqırımı ilə bağlı virtual muzeyin yaradılması” layihəsininin ilkin mərhələsini ictimaiyyət təmsilçilərinə təqdim etdi.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin köməyi ilə həyata keçirilən layihə əsasında hazırlanan sayt və sənədli film haqqında ətraflı məlumat verdi. Mərasimdə iştirak edən rəsmi qurumların, Qərbi Azərbaycan İcmasının, vətəndaş cəmiyyətinin və ölkə mediasının təmsilçiləri BAMF-ın ərsəyə gətirdiyi  “Deportasiya – şahidlərin gözü ilə” sənədli filminə baxdılar.

Sonra erməni virtual deportasiya muzeyinin və “deport.az” saytının təqdimatı oldu. Umud Mirzəyev qeyd etdi ki, saytda yerləşdirilən virtual muzeyi yaratmaqda məqsəd Qərbi azərbaycanlıların məruz qaldıqları soyqırımı və cinayətləri beynəlxalq müstəvidə tanıtmaq, onların faciəli hekayələrini, yaşadıqları acıları müasirlərimizə göstərməkdir. İlkin mərhələdə erməni millətçi-qaniçənlərinin Qərbi Azərbaycanda xalqımıza qarşı törətdiyi deportasiya və soyqırımları zamanı müsibətlərə düçar olmuş və bu misilsiz vəhşiliyə şahidlik etmiş 80 nəfərin müsahibəsi lentə alınıb, 25 nəfərlə anket sorğusu keçirilib. Bundan əlavə, çoxsaylı foto və digər sənədlər təqdim etmiş 150 Qərbi azərbaycanlının iştirakı ilə virtual deportasiya muzeyi yaradılıb. Hələlik muzeydə 300-dən çox foto və 200-ə yaxın sənəd toplanıb. 

BAMF rəhbəri bildirdi ki, bu cinayətlərin beynəlxalq səviyyədə ictimailəşdirilməsi deportasiyaya məruz qalmlş soydaşlarımızın hüquqlarının bərpası ilə bağlı zəruri  beynəlxalq əsaslar yaradılmasına kömək edəcək. Növbəti hədəf isə daha çox iştirakçının müsahibələrə cəlb olunması, toplanan materialların sayının artırılması və digər virtual muzeylərlə qarşılıqlı əlaqələrin qurulmasıdır.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva isə layihənin yüksək səviyyədə gerçəkləşdirildiyini vurğulayaraq söylədi ki, qalib ölkənin qürurlu vətəndaşları kimi düşmənin xəyanət və cinayətlərinin nəticələrini axıradək aradan qaldırmaq üçün hələ çox iş görməliyik. Bu hədəflərə çatmaq üçün vətəndaş cəmiyyəti də fəal çalışır, çeşidli layihələr icra edir.

Milli Məclisin deputatı Musa Quliyev layihə çərçivəsində yaradılan saytın və virtual muzeyin Qərbi Azərbaycana qayıdış missiyasının gerçəkləşdirilməsinə önəmli dəstək olacağını bildirdi, bu yöndə görüləsi işlər barədə təkliflərini söylədi. Deputat Ceyhun Məmmədov isə Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə tanıdılmasında belə layihələrin vacibliyini qeyd edərək dedi ki, qarşıda duran əsas məsələlərdən biri ermənilərin törətdikləri deportasiya və soyqırımlarının müxtəlif dillərdə əhatəli mənzərəsini yaratmaq və dünya ictimaiyyətinə çatdırmaq üçün internet resurslarından, eləcə də “deport.az” saytından bacarıqla istifadə etməkdir.

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının üzvü Əfqan Vəliyev deportasiya cinayətləri ilə bağlı yeni yaradılan virtual muzeydə və digər qaynaqlarda əksini tapmış tarixi fakt və hadisələrdən söhbət açdı. Müzakirələrdə təqdim edilən layihənin yaratdığı imkanlardan səmərəli istifadə barədə mülahizələr səsləndi.

 

T.RÜSTƏMLİ
XQ

Son xəbərlər