“Sənsiz”in  yubiley təqdimatı

post-img

Tofiq Kazımov – 100

Akademik Milli Dram Teatrında görkəmli rejissor, aktyor və pedaqoq, Xalq artisti Tofiq Kazımovun xatirəsi yad edilib. Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə unudulmaz sənətkarın yubileyi münasibətilə teatrın hazırladığı “Sənsiz” tamaşası ictimaiyyətə təqdim edilib.   

Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, milli məclisin üzvləri, tanınmış mədəniyyət və incəsənət xadimləri əvvəlcə teatrın foyesində rejissorun həyat və yaradıcılığını əks etdirən fotosərgi ilə tanış olublar.

Mərasimdə Milli Dram Teatrının bədii rəhbəri, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə çıxış edərək bildirib ki, Tofiq Kazımov 15 il bu sənət məbədinin baş rejissoru olub. Onun milli teatr sənətinə böyük xidmətlərindən biri də istedadlı gənclərə meydan verməsi, onların peşəkar fəaliyyətinə yol açmasıdır. Elə bu amil nəzərə alınaraq, onun hələ 1967-ci ildə şair-dramaturq Şıxəli Qurbanovun “Sənsiz” pyesi əsasında böyük uğurla səhnələşdirdiyi eyniadlı tamaşanın yubiley interpretasiyası – rejissorluğu, rəssamlığı və musiqi tərtibatı gənclərə həvalə edilib. 

Tofiq Kazımovun yaradıcılıq yolundan bəhs edən 10 dəqiqəlik qısametrajlı film   nümayiş olunduqdan sonra səhnə aktyorların ixtiyarına verilib. Ustad rejissorun səhnə həyatı verdiyi “Sənsiz” rejissor Nihad Qulamzadə, bəstəkar Vüqar Babayev, rəssam Vüsal Rəhim, işıq tərtibatçısı Rafael Vaqifoğlunun quruluşunda çağdaş təqdimat həllini tapıb. Rolları Xalq artisti Mehriban Zəki (Sevinc), Əməkdar artist Füzuli Hüseynov (Tərlan), aktyorlar İlahə Həsənova (Maral), Elçin Əfəndi (Fərhad), Elsevər Rəhimov (gənc Tərlan), Lalə Süleymanova (gənc Sevinc) canlandırıblar.

Unudulmaz sənətkarın xatirəsinə böyük ehtiramla oynanılan tamaşa maraqla qarşılanıb və dönə-dönə alqışlanıb. 

 

R.QURBANLI 
XQ

 

Mədəniyyət