Saz-söz məktəbinin ustad yetirməsi

post-img

Şair Nəbi Borçalı – 150

 

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Borçalının qüdrətli söz ustadı Şair Nəbi Borçalının 150 illik yubileyi təntənə ilə qeyd edildi. Mərasimdə ölkə ictimaiyyətinin nümayəndələri ilə yanaşı, Borçalıdan gəlmiş qonaqlar da iştirak edirdilər.

Məcisi Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbiyev açaraq Şair Nəbinin həyat və yaradıcılığı haqqında məlumat verdi. Azərbaycan Aşıqlar Birliyinin sədri, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı görkəmli söz ustadının ədəbi irsini yüksək dəyərləndirdi:

– Hər hansı bir bölgənin, mahalın aşıq sənətindən söhbət açanda o bölgənin sənət statusunu daşıyan rəmzi obrazı göz önünə gəlir. Məsələn, Göyçədə Aşıq Ələsgərin, Təbriz–Qaradağda Xəstə Qasımın, Tufarqanlı Abbasın, Şirvanda Mirzə Bilalın, Gəncəbasarda Şəmkirli və Bozalqanlı Hüseynlərin, Borçalıda isə Şair Nəbi Borçalının obrazı gözlərimiz önündə dayanır. Şair Nəbinin sənət irsinin bir hissəsi onun poetik yaradıcılığı bir hissəsi isə ustadlıq məktəbidir ki, axarı bu günümüzə gəlib çatıb.

Borçalı elə bir mənəvi ocaqdır ki, onun hərarəti 150 ilə sığışmır. Bu mahalın qədimliyindən gələn enerjini Şair Nəbinin irsində görürük. Onun 200-dən çox şeiri bu günümüzə çatıb. Bu şeirlərin araya-ərsəyə gətirilməsində əməyi olan unudulmaz ziyalımız Hüseynqulu Məmmədlini xatırlamaya bilmərik. Onun atası və babası da bu irsin qədirbilən daşıyıcıları olublar.

Hüseynqulu müəllim Faxralı orta məktəbinin direktoru işlədiyi illərdə, eləcə də Bakıda yaşadığı dövrdə bir ziyalı kimi bu irsi zərrə-zərrə yığıb və qoruyub-saxlayıb. Onun oğlu, görkəmli folklorşünas, Əməkdar mədəniyyət işçisi Elxan Məmmədlinin də əməyi xüsusi qeyd edilməlidir. O, Hüseyn­qulu müəllimlə birlikdə Şair Nəbinin şeirlərinin xeyli hissəsini kitab halında nəşr etdirib. Bu mənada Hüseynqulu müəllimin ailə ocağı, bütövlükdə, Nəbi Faxralı–Nəbi Miskin–Nəbi Borçalı yaradıcılığına köklənib və bu irsi bizlərə çatdırıb. Biz dönə-dönə Şair Nəbi Borçalının kitablarını oxumuşuq, onun irsi ilə yaxından tanış olmuşuq. Bu irsin içərisindən çox mükəmməl bir şairin obrazı canlanır. 

Şair Nəbi Borçalının sorağını ilk dəfə geniş aləmə böyük Səməd Vurğun yayıb. Şair Nəbinin vəfatından on il sonra – 1955-ci ildə Səməd Vurğun Borçalıya gedib və Faxralıda bir saz-söz məclisində olub. Xalq şairi Faxralı Aşıq Nəsibin ifasında Şair Nəbinin “Dünya” şeirini dinləyib. Dünyanı düşünən və zaman–məkan fəlsəfəsini dərindən dərk eləyən şairin bu şeiri Səməd Vurğunu çox təsirləndirib. Ona görə də həmin məclisdə üzünü Faxralı ziyalılarına tutaraq deyib ki, Şair Nəbinin irsini mütləq toplamaq lazımdır. Bundan sonra Hüseynqulu Məmmədli onun şeirlərini toplamağa başlayıb.

Çıxışının sonunda Məhərrəm Qasımlı tədbirin keçirilməsində əməyi olanlara, xüsusilə, Faxralının dəyərli ziyalı oğlu Ənvər Xəlilova minnətdarlığını bildirdi. Aşıqlar Birliyinin sədri qeyd etdi ki, bu gün Şair Nəbinin şeirlərini təkcə Borçalı aşıqları deyil, Tovuz, Qazax, Gədəbəy, Laçın, Kəlbəcər və digər bölgələrinin saz-söz ustaları da sevə-sevə oxuyurlar. Şairin yaradıcılığını uca tutan Təbriz–Qaradağ aşıqları məlum səbəblərdən bu yubileyə gələ bilməyiblər. Amma tədbirə Azərbaycanın, demək olar ki, hər yerindən aşıqlar dəvət edilib. Onların ifasında Şair Nəbinin bir-birindən gözəl şeirləri yubiley mərasiminə sənətkarın ruhunu, nəfəsini gətirəcək. 

 “Xalq qəzeti”nin baş redaktoru, Əməkdar jurnalist Əflatun Amaşov Şair Nəbi yaradıcılığında elmi motivlərdən, ustad sənətkarın şifahi xalq ədəbiyyatına töhfələrindən, türk dünyasının söz sənətində xüsusi yeri olduğundan söz açdı. Qeyd etdi ki, Şair Nəbi Faxralının hələ yetərincə öyrənilməli, ətraflı təhlil və tədqiq olunmalı çox şeirləri var. Onun haqqı var ki, doğma yurdunda heykəli ucaldılsın. Əslində, biz belə bir təşəbbüs səsləndirmişik və abidənin bəzi eskizləri də hazırlanıb. 

Şair Nəbi indiki anlamda oxuyub yaza bilməsə də, fitrətən deyirdi: “Nəbiyəm, dərsimi oxudum kamil...” Çünki o, ağız ədəbiyyatı məktəbindən eşitdiklərini yaddaşına yazırdı. Hətta, məclislərin birində ustad Ələsgərin qıfılbəndini açıb. Bu istedadı ilə elin böyük hörmətini qazanıb, yığıncaqlarda başa çəkilib. Nurlu zəkası, şairlik təbi ona daha böyük şöhrət gətirib. Ustadı olmasa da, dövrünün sənət səltənətini özünəməxsus ustalıqla yaratdığı şeirləri, deyişmələri, dastanları ilə daha da zənginləşdirib. 

Şair Nəbi yoxsul bir ailədə dünyaya göz açıb. Kiçik yaşlarından ağır zəhmətə qatlaşıb. Varlıların qapısında nökərçilik edib, savad almağa, yazı-pozu öyrənməyə macalı olmayıb. Onun ilk qoşqularının yaranması da həmin illərə təsadüf edir. Sonralar Borçalı kəndlərinin toy məclislərində peşəkar söz adamı kimi tanınmağa başlayıb. Beləcə ad-san qazanan Şair Nəbi ömrünün sonuna kimi doğma kəndi Faxralıda yaşayıb və 72 yaşında orada vəfat edib.

 Yubiley məclisinin bədii hissəsində aşıqlar və bədii qiraətçilər meydanı ələ aldılar. Aşıq Ramin Qarayevin “Göyçəgülü”, Nazim Bahadıroğlunun “Oğuzoğlu”, Şaiq İncəlinin “Ağır şərili”, Cahangir Quliyevin “Yurd yeri”, İmran Xəlilovun “Mirzəcanı”, Əşrəf Qəriboğlunun “Bayramı”, Nəbi Nağıyevin “İrəvan çuxuru”, Qabil Abduyevin “Məmmədbağırı”, Avdı Musayevin “Dərvişi”, Sahil Laçınlının “Naxçıvanı”, Əli Pənahoğlunun “Hüseyni”, Nüsrət Nəsiboğlunun “Dilqəmi” və Fikrət Borçalının “Yüngül şərili” havacatları üstündə Şair Nəbinin şeirlərindən ibarət ifaları mərasim iştirakçılarının ruhunu oxşadı. Bədii qiraətçilər Aynur Qafarlı və Azər İqrar da şairin şeirlərini yüksək şövqlə səsləndirdilər.

Sonda Faxralı ağsaqqalları adından tanınmış alim – ziyalı Əmirxan Babaşov Şair Nəbinin “Yazılanlar gəldi başa” və “Eləsi var...” adlı kitablarında toplanmış şeirlərinin yaranma tarixindən söz açdı, təntənəli məclisə görə təşkilatçılara və iştirakçılara öz dərin minnətdarlığını bildirdi.

 

Həzi HƏSƏNLİ, 
şair - publisist

 

 



Mədəniyyət