Səmərqənddə keçirilən Ümumdünya Turizm Təşkilatının yubiley sessiyasında Azərbaycan da iştirak edir

post-img

Səmərqənddə BMT-nin Ümumdünya Turizm Təşkilatının (UNWTO) 25-ci yubiley sessiyası öz işinə başlayıb. 

Sessiyada dünyanın 130 ölkəsinin dövlət turizm təşkilatlarının rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri, turizm biznesinin təmsilçiləri, bu sahənin ekspertləri iştirak edir. 

Ölkəmizi bu tədbirdə Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad  Nağıyevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.

Açılış mərasimində Özbəkistan Prezidenti Şavkat Mirziyoyev çıxış edərək yubiley sessiyasının iştirakçılarını təbrik edib, onlara uğurlar arzulayıb. Dövlət başçısı ölkədə bu sahədə görülən işlər, turizm sahəsində ölkədə aparılan islahatlar haqqında məlumat verib.

Sessiya çərçivəsində investisiya və tədris forumları keçiriləcək, ən yaxşı “turizm kəndi” müəyyənləşdiriləcək. 

Sonra BMT-nin Baş katibi Antonio Qutterişin sessiya iştirakçılarına videomüraciəti verilib. 

UNWTO-nun  Baş katibi Zurab Pololikaşvili təşkilatın işi ilə bağlı geniş məruzə edib, 25-ci yubiley sessiyasının qədim Səmərqənd şəhərində keçirilməsindən məmnun olduğunu bildirib. O deyib ki,  indiki sessiyada turizm sahəsində beynəlxalq əməkdaşlıq məsələləri də müzakirə ediləcək. 

Sessiya çərçivəsində tədbirlər oktyabrın 20-dək davam edəcək. 

Qulu Kəngərli 

XQ-nin xüsusi müxbiri

Səmərqənd 

Mədəniyyət